Sahibini axtaran 60 yaşlı “Volqa”: Babasının yadigarını Emil necə tapdı? -  FİLM KİMİ...
04 may 2021 17:45 (UTC +04:00)

Sahibini axtaran 60 yaşlı “Volqa”: Babasının yadigarını Emil necə tapdı? - FİLM KİMİ...

Təsəvvür edin; siz uşaq olanda babanızın sevimli bir avtomobili var idi. Siz bu maşını o qədər çox sevirdiniz ki, içindən çıxmaq istəmirdiniz. Hətta arzulayırdınız ki, tez böyüyüb bu maşını idarə edəsiniz.

Böyüdünüz. Amma...

Amma baba maşını çoxdan satmışdı. Adam necə məyus olmasın ki?! Kaş elə bir möcüzə olardı ki, siz o maşının indiki sahibini tapıb geri alardınız. Necə gözəl arzudur? Bunu reallaşdırmaq möcüzə sayılar, eləmi? Əlbəttə, üstündən illər keçib. Kimə satıldığını da bilmirsiniz. Bax, eynən bu danışdığım hadisə doğurdan da baş verib. Və ən maraqlısı da odur ki, həmin maşını tapıb geri almaq mümkün olub. Həm də onlarca ölkəni aşmaq lazım olub bu arzuya görə. Sizə Emilin hekayəsini danışacağıq. Film kimi bir hekayə. Əvvəlcə sizi tanış edək.

Emil və ailəsi

Emil Kazımov Pourkian Almaniyanın Hamburq şəhərində anadan olub. Anası azərbaycanlı, atası isə İranlıdı. 28 yaşı var.  

“2004-cü ilə qədər Almaniyada qaldıq. Daha sonra Bakıya gəldik. Təhsilimi orada davam etdirdim. 2009-cu ildə isə Hamburq şəhərinə geri döndük. Məktəbi bitirdikdən sonra Biznes Məktəbinə daxil oldum. 2012-ci ildə isə oranı bitirib Dənizçilik sektorunda işləməyə başladım. 2019-cu ildə “Business Administration” fakültəsini bitirdim və həmin ildə də öz şirkətimi qurdum. Bu, ailə şirkətidir. Mən həm də fotoqrafam”.

Emil eyni zamanda klassik avtomobil həvəskarıdır.  İlk aşiq olduğu avtomobil isə babasının maşını olub.

“Həmin maşın 1962-ci il istehsalı olan “Volqa GAZ M21” idi. Çox sevirdim o maşını. Elə babamın da sevimlisi idi. Bizi o maşınla az gəzdirməyib. 2004-cü ildə babam qocaldığına görə, avtomobilini satmağa qərar verdi.  Təəssüf ki, bu qərarı qəbul etməsinə mane olmaq üçün çox gənc idim.  İllər keçdi və məktəbi bitirdikdən sonra Bakıdan Hamburqa köçməyə qərar verdim.  Mənim arzum hər zaman yenidən  babamın “Volqa”sına sahib olmaq idi”.

Emilin babası

Bu arzuya çatmaq çox uzaq görünürdü. Özü Almaniyada, maşın isə Azərbaycanda. Həm də satılan maşını illər sonra tapmaq asan deyil axı. Amma baş verən bir təsadüf ona bu arzunu reallaşdırmağa kömək edir. Bəlkə də bu bir şans.

“2017-ci ildə həmin avtomobili Azərbaycanın avtomobil saytlarının birində təsadüfən tapdım. Yeni sahibi ilə danışdım. Onu geri almaq istədiyimi bildirdim. Xoşbəxtlikdən adam elə tanış çıxdı. Babam o vaxt maşını qonşusuna satıbmış, qonşu da öz qohumuna. Avtomobili geri aldım”.

Hə, maşını geri almağı bacarır. Amma onu Almaniyaya gətirmək də var axı.

“2018-ci ildə Bakıya, ailəmi ziyarət etmək üçün gəldim. Və bu müddətdə  maşını aparmaq üçün Bakıdan Hamburqa bütün nəqliyyatı təşkil etdim. Bunu bacarmaq əslində çətindir. Amma köməyimə dənizçilik sektorunda işləməyim çatdı. Əlbəttə, bütün bunlar ailəmiz üçün də sürpriz oldu. Edəcəklərimi sadəcə qardaşım bilirdi. O vaxtdan bəri babamın avtomobilinə yenidən sahibi olduğum üçün çox xoşbəxtəm. Bu maşının ailəmizdə olması bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Emil Kazımov Pourkian

O vaxtdan bəri avtomobillərə olan həvəsini əvvəlcə ailəsi, sonra dostları və indi də özü kimi avtomobil həvəskarları ilə bölüşməyə başlayır.

“Bir neçə ay keçdi və klassik bir avtomobil sahibi olan bir gənc kimi başa düşdüm ki, şəhərimdə mənimlə yaşıd klassik avtomobilə sahib olan bir neçə nəfər var.  Bir neçə klassik avtomobil sərgisini ziyarət etməyə başladım və bütün ziyarətçilərin yarısından çoxunun əsasən 50 yaşdan yuxarı olduqlarını görəndə şok oldum. Dostlarımdan və bir çox başqa gəncdən bunun niyə belə olduğunu soruşdum, amma cavab həqiqətən ürək açan olmadı. Əslində, demək olar ki, hamısı klassik avtomobilləri sevir.  Ancaq köhnə bir klassik avtomobil ilə tamamilə yeni bir avtomobil arasında seçim etsəydilər, hər 10 nəfərdən 8-i yeni avtomobili seçərdi”.

Amma niyə?

“Köhnə maşınlar etibarlı deyil, hissələri tapılmır, təmir xərcləri çoxdur, qarajım yoxdu və bunun kimi çoxlu bəhanələr var. Bu qorxular aradan qaldırmalı və klassik avtomobillərin görünüşü dəyişməlidir! “Emil's Garage” adlı şirkətimdə mənim vəzifəm yalnız bəzi gözəl görünüşə sahib klassik avtomobillər göstərmək deyil.  Həm də heç deyil. Mənim missiyam gənc nəslə klassik avtomobillərin yeni avtomobillərdən daha xoş olduğunu və eyni zamanda həmişə göründüyü kimi qorumaq və ya intensiv xərcləmək çətin olmadığını göstərməkdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12342
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar