"Saçı süpürgə kimidi..."  - Məmurların bərbəri Lent.az-a danışdı
21 sentyabr 2022 20:15 (UTC +04:00)

"Saçı süpürgə kimidi..." - Məmurların bərbəri Lent.az-a danışdı

Müsahibimiz stilist imicmeyker İlkin Əhmədoğludur. 

Həmsöhbət olmaq üçün bərbərə müraciət etməyimiz təsadüfü deyil. Məlumdur ki, ölkədə bir  çoxu peşədən çox, ali təhsil almaq üçün çalışırlar. İşsizlərin və yaxud da çox az maaşa işləyənlərin sayı durmadan artır. 

Amma bəzi peşələr var ki, o peşəni yaxşı mənimsəməklə siz həm maddi ehtiyacınızı ödəyə, həm də heç kəsdən asılı olmadan çalışa bilərsiniz. 

O peşələrdən biri də bərbərlikdi...

Lent.az bərbər İlkin Əhmədoğlu ilə müsahibəni təqdim edir:

İlkin Əhmədoğlu

-  İlkin bəy, nə vaxtdan başlamısınız bərbər kimi çalışmağa?

- Mən uşaqlıqdan, hardasa 15 yaşımdan bu işə başlamışam. Bu sənəti atamın yanında öyrənmişəm. Atam 45 il bərbər işləyib. O, həm də Bakıda bir çox köhnə bərbərlərin ustadı olub. O vaxtı indiki 8-ci km-də Məişət Evinin müdiri idi. Onun işçilərinin demək olar ki, 70 faizi erməni olub. Sovetin vaxtında ən yaxşı dərzi, ən yaxşı musiqiçi ermənilər sayılırdı. Ona görə də o zaman üçün ermənilərin başının üstündə dayanmaq elə belə iş deyildi. 

 

Öyrənəndə birinci öz tanışlarımı gətirirdim. Atam deyirdi dostlarını gətir, həm saçlarını kəs öyrən, həm də mən onlara buna görə pul verəcəm. Uşaqlıqda bərbərliyi heç sevməmişəm, marağım olmayıb. Atam “obedə” gedirdi və mənə deyirdi ki, burda qal. Mən də gedirdim playstationa. Sonra gəlib axtarırdı ki, bəs hardasan qapıda qalmışam. Yəni camaat altı aya öyrəndiyini mən iki ilə öyrəndim. Amma sonradan sevdim. Yaxşı pul qazanandan sonra öz işini sevirsən. 

- Bərbərlərin qazancı necədi, bəs?

- Baxır sən hansı kateqoriyanın bərbərisən. Məsələn, var məhlə bərbəri, stilist, imicmeyker.  Bu kateqoriyalara görə də bərbərlərin qazancı dəyişir. Adi bərbər əlavə xərclərindən ayrı aya 600-700 manat qazanar. Professional bərbər isə aya 6-10 min arasında gəlir əldə edə bilər. Elə bərbərlər var ki, xaricdən qonaq gəlir. O qonaqlar sırf o bərbələrə yönləndirilir. Bu da o deməkdir ki, müəyyən bir dairə var ki, sən də o dairədə tanınmağın da daha çox gəlir əldə etməyin deməkdi. Mən isə o dairədə yoxam.(gülür) 


- Tanınmış simalar necə, sizə müraciət edir? 

- Mənim ilk yanıma gələn reper Dado (Səid Əliyev) olub. Ondan sonra isə Kərim Abbasov gəldi. Onlardan qabaq isə bir çox televiziya aparıcılarını yola salırdım. Adam var ki, səhnə adamı deyil. Dövlət işində işləyir. Özü də bəlli də bir vəzifəsi var.  “AA” maşın sürür.  Gəlir adama elə bir münasibət göstərir ki, heç deməzsən ki, bu adam bu vəzifənin sahibidi.  Belə adamlarla restoranda qarşılaşanda belə gəlib səninlə salamlaşır. Amma elə müştəri də olur ki, mənfi enerjiylə gəlir, səni tələsdirir. Onda adam deyir ki, bunun saçını tez kəsim çıxıb getsin. 


- Bəs, siz necə atanız kimi bu sənəti öyrədirsiniz?

- Heç vaxt səbrim çatmayıb kimisə öyrətməyə. Tələbə öyrətmək çox məsuliyyətli işdir. Çünki sabah kiminsə saçını bərbad günə qoysa, söyülən o yox, onu öyrədən olacaq. Buna görə də çox az sayda tələbəm var. Amma onu da deyim ki, çox adam da tələbkar olduğuma görə qaçır məndən. Hazırda çox bərbər tələbəyə əlimə bax öyrən deyir. Belə olmaz. Tələbənin öyrənməsi üçün ona maket baş lazımdır. Öyrənmək ya da öyrətmək üçün sənin gərək lövhən ola. Sən orda baş çəkəsən. İnsanların baş formalarına uyğun saç necə kəsilməlidir izah edəsən. Mənim atam da elə öyrədirdi. Amma indiki ustaların demək olar ki, heç birində bu yoxdu. Tələbəyə deyirlər mənə sual vermə. Sual vermədən necə bilsin ki, sən o keçidi niyə etdin və yaxud da o teli niyə o uzunluqda saxladın. Rəhmətlik atam konkret olaraq izah edirdi ki, nədən sonra nə etmək lazımdır. Və o nu  niyə etdi. 

- Heç sizdən narazı gedən müştəriləriniz olub?

- İndiyə qədər gördüyüm heç bir işimdən narazı qalmamışam. Mən özüm razı qalmayana qədər müştərini buraxmıram.  Bu lap bir-iki saat da çəkə bilər. Amma mən öz işimdən razı qalmalıyam. 

- İlkin bəy, ölkədə bərbərliyə maraq var?

- Azərbaycanda hazırda vəziyyət çox acınacaqlıdı. Birincisi Azərbaycanda bərbərliyi öyrədə bilən müəllimlər çox azdı. İnsanların özləri də çox məsuliyyətsizdi. O vaxtı “O olmasın, bu olsun” filmində Məşədi İbadın hambalı rolunu oynayan aktyor Əhməd Məmmədqulu oğlu Əhmədov var idi. Həmin o aktyor nəvəsini atamın yanına bərbərliyi öyrənməsi üçün gətirmişdi. Atamın yanına gətirəndə gördü ki, uşaq ruhi xəstədi. Atam dedi ki, bunu niyə bura gətirmisən. Dedi ki, hara qoydumsa alınmadı. Mən də dedim heç olmasa qoy, bərbər yanına aparım. 
Bax, o düşüncə bizim indiki dövrümüzə qədər gəlib. İnsanlar fırlanırlar, hər yeri axtarırlar sonda isə gəlib bərbərlikdən yapışırlar.  Çünki həm burda normal pul qazana bilirsən, həm də heç kimdən asılı olmursan. 

Müğənni Kərim Abbasovun oğlu Yusif

- Başqa hansısa peşələrə sahibsiniz?

- Mən restaratr, bərbərlik, dərzi, somalye kimi işləri bacarıram. Somalye ilə bağlı mən dünyanın yarısını gəzmişəm. Somalye içki eksperti deməkdi.  Bura içkilər, siqaretlər, çaylar və digər şeylər daxildir. 

- Dastana bərbərlər…

- Söhbət bərbərlikdən gedirsə, musiqiçilər öz aralarında bir-birilərinə mans deyirlər. Kənd musiqiçilərinə isə dastana mans deyirlər.  Bizdə də hazırda o kateqoriyada olan bərbərlər çoxdu. Yəni o anlayışda, düşüncədə... Hətta onlar nələrdənsə də istifadə edib özlərini çox yaxşı reklam edə bilirlər. Amma nəticə etibarı ilə adam sıfırdı. Yanıma Bakıda məşhur olan elə ustaların müştəriləri gəlib ki... Görünüş olaraq saçları qəşəng olub. Amma saçın içinə əl atanda görürsən ki, saç süpürgə kimidi. Ona görə də qayçılarla işləməyi bacarmalısan. Elə qayçı var kəsir, amma xətt qoymur. Eləsi də var qoyur . Qayçı yaxşı olmayanda, saçı kəsirsən və bir aydan sonra həmin saçda saç qıran əmələ gəlir.  Yəni qayçı kütdüsə, saçı kəsmir, saçı qırır. Və qırılan yerlərdən saç ii yerə bölünür. 

- Kimin sizdən peşənizdə daha üstün olduğunu düşünürsünüz?

- 1990-cı illərdən bu yana Çilidən, Perudan, Braziliyadan Amerikaya gələn bərbərlərin əksəriyyəti, həmçinin dünyaca məşhur Arod qaşı ülgüclə düzəltməklə gündəmə gəldilər. 
Hər bərbərin də öz yolu yoxdu. Bəziləri var ki, sırf bərbərdi.  Amma adam var ki, sırf stilistliklə məşğuldu. Adam da var ki, bərbərdi və onun üçün fərqi yoxdu sən hara gedirsən, nə geyinirsən. Yəni sən nə istəyirsən onu da verir sənə, öz aləmində. Məşhur salonun rəhbəri var içərişəhərdə.  O insan həm imic makerdi, həm də stilist.  Fuad Çormen deyirlər ona. Sonra dostlardan Miriyusif var. O da yaxşı ustalardan biridi. Elə  bərbərlər var ki, ya uzun saçla işləyir, ya da qısa. Mən özüm qısa, həm də uzun saçlarla işləyirəm. Bir ara məndə qadın müştərilər də çox olurdu. Qadın müştərilərin həm kaprizi çox olur. Mən heç öz sevdiyim qadının kaprizini çəkmirəm. Həm də qısqanclığa görə, daha qadın müştəriləri qəbul etmirəm. 

- Bir insan həm qadın, həm də kişi  saçı kəsə bilər?

- İkisini bir arada əla edə bilər. Çünki kəsim kəsimdi. Həm kişi üçün, həm də qadın üçün. Amma qadın saç düzümündə formalar daha qəlizdi.  Bizdə ama aləm qarışıb bir-birinə. Saç kəsən adam koloristikanı da edir. Amma bunlar ayrı-ayrı sahələrdi. Kolorist olmaq üçün rəngləri yaxşı bilmək lazımdır. Çox qadın ustaları qatqıları gözəyarı edirlər. Amma qram söhbəti burda çox rol oynayır. Ona görə də qadın müştərilər çox vaxt rənglərdən narazı qalırlar. Ya dərmanı çox tökürlər, ya da çox saxlayırlar. Bu da saçı yandırır. Mən görsəm ki, müştərinin istədiyi saç düzümü ona yaraşmır. O istəsə də, bunu etmirəm, çünki işimə hörmətim var.  Əgər yenə israr etsə, onda yaxşı yol deyirəm. 

- Siz saçı neçəyə kəsirsiniz, İlkin bəy?

- Mən üzüyola adamam. Çalışıram qiymət baxımından bütün müştərilərimi razı salım. Elə olub ki, müştəri 70 manat verib, mən 20 manat götürüb 50 manatını geri vermişəm. Çünki ilk dəfədən müştərini o qədər sıxmaq olmaz.  Bu bir növ də müştəri qazanmağın yoludu. Sən qiyməti 20 manat olan saçı 40 manata desən, müştəri ikinci dəfə sənin yanına gələ bilməyəcək. Adam var ki 60 manata saç kəsir, amma 15 manatlıq işi yoxdu.  Mən özüm isə 25 manata kəsirəm. 

- Müştəriləriniz niyə İlkin Əhmədoğlunu seçir?

- İki cür müştəri var. Birinci növ müştərilər sənin işini bəyəndiyi üçün gəlir. İkinci tip müştərilər isə söhbətə gəlir. Onun üçün fərqi yoxdu sən onun saçını necə qırxacaqsan. Və elə müştərilər adətən daimi olmur. Və ən sevmədiyim müştəri tipidi ki, başqa ustanın yanına gedib, sonra təkrar səni  yanına gəlir. Və yaxud da sənin əlində iş varsa, yandakı ustanın masasına oturur. Elə müştəriləri qəbul etmirəm. 

- İlkin Əhmədoğlunun əl işini tanıyırlar?

- Bizim cəmiyyətdə insanları geyiminə, saçına görə müəyyənləşdirirlər. Ya deyəcəklər sən geysən, ya da deyəcəklər sən “bomba” oğlansan.  Elə kəsimlər var ki, mən onu hansısa müştərimə etsəm, burdan çıxan kimi ona gey deyəcəklər. Xanımlar da bir az saçlarını başqa cür edən kimi lezbiyan deyirlər. Məni saç kəsimimdən tanıyırlar. Çünki mən kəsimimdə simmeteriyaya çox diqqət edirəm.


Sonda, bu peşəyə sahib olmaq istəyənlərə hansı məsləhətləri vermək istəyərdiniz?

- Bərbər olmaq istəyənlərə demək istəyirəm ki, bir ustanın ki, yanına gündəlik olaraq müəyyən sayda müştəri gəlimir o yerdə tələbə kimi qalmasınlar. İnsanlar isə bahalı ustalara qaçmasınlar. Bahalı usta olmaq, yaxşı usta olmaq demək deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11271
avatar

Aytəkin Cəlali

Oxşar yazılar