Sabirabadda 12 yaşlı qız 32 yaşlı kişi ilə NİŞANLADILAR  - VİDEO  - YENİLƏNİB
29 dekabr 2023 15:09 (UTC +04:00)

Sabirabadda 12 yaşlı qız 32 yaşlı kişi ilə NİŞANLADILAR - VİDEO - YENİLƏNİB

Mil-Muğan Regional Təhsil İdarəsi 12 yaşında nişanlandırılan məktəbli ilə bağlı məsələyə münasibət bildirib.

İdarədən Lent.az-a bildirilib ki, sosial şəbəkələrdə nişan görüntüləri yayılan 12 yaşlı Q. E. Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin VII sinif şagirdidir:

"Şagirdin dərsə davamiyyəti ilə bağlı hər hansı bir problem yoxdur. Şagird hər gün dərslərdə iştirak edir. Onu da qeyd edirik ki, məktəbin rəhbərliyi sözügedən məsələ ilə bağlı hüquq mühafizə orqanlarına adiyyəti üzrə məlumat verib".

***
Saat: 10:38

Sabirabad rayonunda 12 yaşlı qız özündən 20 yaş böyük kişi ilə nişanlanıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər “Təsir dairəsi” verilişində yayımlanıb.

Məlumata görə, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişi nişanlanıb. Aralarında 20 yaş fərqinin olması, bununla yanaşı, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara yaradıb.

Məsələ ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:

“Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə söhbətlər aparıb. Yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu hadisəyə münasibətində qeyd edib ki, komitə, icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həmin ailə ziyarət edilib:

"Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və polis əməkdaşlarının iştirakı ilə ailəyə gedilib. 

Ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı bildirilib. Lakin buna baxmayaraq, ailə başçıları qeyd ediblər ki, burada heç bir təzyiqdən söhbət gedə bilməz, qız özü qərar verib.

Qızın 12 yaşı var. O, bu yaşda nişan və ya evlənmək barədə necə qərar verə bilər?

Yekun olaraq ailə başçıları qızın 18 yaşı tamam olana qədər toy mərasiminin keçirilməyəcəyinə dair yazılı izahat veriblər. Əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə komitəmiz, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılacaq. Baş verənlər qızın psixologiyasına mənfi təsir göstərməsin deyə mərkəzin psixoloqları onunla tez-tez görüşəcək, söhbət edəcəklər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12948
avatar

Fidan İlqar

Oxşar yazılar