Bakıda 34 nömrəli məktəbə direktor təyin olunub.
Bakı şəhər Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, həmin vəzifəyə Nəcibə Novruz qızı Axundova təyin edilib.
Qeyd edək ki, o, bundan öncə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru olub.
Onun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Həmçinin Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyib. Direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir. Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.
Müəllimlərin müraciəti əsasında Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb. Araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Nəcibə Axundova 2016-cı il aprelin 18-i Lələtəpədə minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır. O, bu il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilib.