Milli Məclisin deputatı, tanınmış həkim Rəşad Mahmudov Böyük Britaniyada mutasiyaya uğrayan koronavirus haqqında vacib məqamlara aydınlıq gətirib.
Həkim Lent.az-a açıqlama bildirib ki, mutasiyaya uğrayan koronavirusun yeni növ koronavirus (COVID-19) infeksiyasına nisbətən yayılma sürəti daha yüksəkdir:
“Buna baxmayaraq, hazırda mutasiyaya uğrayan virusun ağır nəticələrə səbəb olması barədə məlumat yoxdur.
Ümumi olaraq bunu bilmək lazımdır ki, burada qeyri-adi, qorxulu vəziyyət yoxdur. Çünki RNT virusları həmişə mutasiyaya məruz qalırlar və COVID-19 ortaya çıxdığı gündən bu günə qədər yüzlərlə mutasiyaya məruz qalıb. Virus hər mutasiyaya uğradıqda ya aqressivləşir, ya da mülayimləşir. Burada əsas məsələ virusla mübarizədə yayılma sürətinin qarşısının tez alınmasıdır. Bununla yanaşı, virusa yoluxanlar vaxtında düzgün müalicə olunmalı, lazımi tədbirlər erkən görülməlidir”.
R.Mahmudov qeyd edib ki, mutasiyaya uğrayan koronavirus İngiltərə ilə yanaşı, dünyanın hər bir yerində yayıla bilər:
“Bunun bizə də gələcəyini dərd etmək yerinə, hər birimiz üzərimizə düşən vəzifələri aydın dərk etməklə, zamanında doğru yanaşma ilə, eləcə də ən əsası müalicədə ilk gündən etibarən lazımsız işlər görməməklə daha az itkiyə nail ola bilərik. Çünkü İngiltərədə də müalicə yanaşmasında hələ ki hər hansı bir yenilik yoxdur".
Qeyd edək ki, Böyük Britaniya ilə yanaşı, yeni növ koronavirus artıq Cənubi Afrika Respublikası, Avstraliya, Niderland, Danimarka və İtaliyada aşkar olunub. Dünyanın əksər ölkələri onlarla nəqliyyat, xüsusən aviasiya əlaqələrini dayandırıb.