Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə seçki keçirilib.
Lent.az xəbər verir ki, AMEA-nın Ümumi yığıncağında Nizamnaməyə uyğun olaraq Seçki Komissiyası yaradılıb.
Səsvermə nəticəsində İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib.
Lent.az İsa Həbibbəylinin dosyesini təqdim edir:
İsa Həbibbəyli 1949-cu ildə oktyabrın 16-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən İsa Həbibbəyli filologiya elmləri doktoru, professordur.
O, 1974–1978-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə təhsil alıb. 1980-ci ildə "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" mövzusunda namizədlik, 1996-cı ildə isə "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Eyni zamanda, həmin ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Bundan sonra, 2006-cı ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunun akademiki seçilib. İsa Həbibbəyli Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. 29 elmlər namizədi, 4 elmlər doktorunun elmi rəhbəri olub. Onun əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar, litva və b. dillərində çap edilib.
1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləyib. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb.
2013-cü ilin aprel ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.
Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. Daha sonra, Azərbaycan Milli Məclisin III (2005-2010), IV (2010-2015), V (2015-2020) çağırış Azərbaycan Milli Məclisinin deputat olub. Hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
İsa Həbibbəyli ailəlidir, 3 övladı var.
Qeyd edək ki, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev o zaman İsa Həbibbəylini “vurması" barədə mətbuatda məlumatlar yayılmışdı. Belə ki, Ramiz Mehdiyev o zaman AMEA-nın birinci vitse-prezidenti postunu ləğv etməklə İsa Həbibbəylini kənarda qoydu.
İddia olunur ki, İ.Həbibbəyli Ramiz Mehdiyevin akademiyanın institutlarını birləşdirmək planının qarşısını aldığına görə cəzalandırıb.