Mən “Künefe evi”nə çatanda fotoqrafımız Ramil artıq masanın arxasında idi. Stolun üstündə də müxtəlif əşyalar – kömür, qıvırcıq simlər, kibrit, boş “Red Bull” qutuları və s. və i. Bir sözlə, elə bil indicə cadu eləyəcək.
- Cənab fotoqraf, “künefe qanadlandırır”?
Gülməyə başlayır:
- - Yox... Sadəcə, künefe mədəyə yox, birbaşa beyinə gedir. Onda da beyin başlayır yaxşı işləməyə.
- - Görürəm... Bu dəmir-dümürlərlə kimə cadu edirsən?
- - (Gülür) Fotoaparat düzəldirəm! Bax bu kibrit qutusunu görürsən, bununla sənin şəklini çəkəcəm.
- - Hmm... O günlərdə Xalid Hüseyninin “Və dağlardan səda gəldi” romanında belə bir şey oxudum...
- - Hə, bu “pinxol” adlanır. Hər fotoqrafın arzusudur ki, ömründə bir dəfə öz əlləri ilə yaratdığı fotoaparatla şəkil çəksin və o fotonu ömrünün sonuna qədər saxlasın. Söz, hazır olan kimi sənin də şəklini çəkəcəm. Qonağımız kimdi?
- - Ramin Hacılı.
- - Hansı? O Ermənistana gedib gələn oğlan?
- - Hə, bax Ermənistana gedib-gələn adamdı ha, üstündə düşmən gözü var. Sonra deməsinlər onun şəklini kibrit qutusu ilə çəkdik...
- - (Gülür) Narahat olma! Fotoaparatım yanımdadır. Sadəcə, iş arasında boş vaxt tapan kimi pinxol üzərində işləyirəm. Bir də bax bunu bərpa eləməyə çalışıram. (Kitab boyda bir dəmir parçasını göstərir) Bu mənim bu günə qədər topladığım arxivimdir...
- - Daha sadə dildə de...
- - Yəni kompüterimin d diskidir. İndi yanıb... Təsəvvür edirsən, içində nələr var?
Təsəvvür etmərəm? Mən nəinki kompüterin, insanın “d diskinin” yanması necə olur, onu da bilirəm. Bütün “arxivin” məhv olub gedir...
Nə isə, qonağımızı qarşılayaq.
***
Oturmaqla o qədər sualı birdən eşidir ki, qonağımızı salamlamaq üçün yaxınlaşan restoran sahibi Edip bəydən soruşur:
- - Burda siqaret çəkmək olar?
Edip bəy: Xeyr!
Vüsalə: Çox alışqanlıq var?
- - Yox, suallara görə...
***
Qonşu masada oturan türk ailəsinin 4-5 yaşlı iki uşağı – qızla oğlan masaların arasında gizlənqaç oynayır, tez-tez qışqırırdılar: “Sobe! Sobe!”
***
- - Müxtəlif tədbirlərdə çox erməni görmüşdüm, yəni ermənidə buynuz axtarmırdım, amma orda elə erməni var idi ki, azərbaycanlı görəndə təəccüblə baxırdılar ki, görən necə olur... Ümumilikdə isə Yerevan erməniləri Qarabağ ermənilərindən fərqlidir. Bunu hiss eləmək olur. Yerevan erməniləri daha çox tolerantdırlar. Düzdü, ümumi təbliğat onlara da təsir edib, amma onlar daha biganədirlər.
Aygün: Hardasa bizdəki kimi. Müharibədən nə qədər uzaqsansa, o qədər də biganəsən...
- - Bəli. Həm də orda Koçaryan dövründən yaranmış regional problem var deyə Qarabağ ermənilərinə qarşı bir qıcıq var. Qarabağ erməniləri hakimiyyətdə çox böyük güc sahibləridir, Yerevan erməniləri isə qalıblar kənarda. Yerevan erməniləri bizdəki şəhər camaatı kimi, çox tənbəldirlər. Dedilər göyərçin saxlamağı sevirlər. Aparmaq istədim...
Uşaqlar: Sobe!
Burda Seymur Baycanın “Quqark” romanının mənim üçün unikal sayılan finalını xatırladım. Axı biz o “göyərçini” cəmi beş manata satmışdıq...
Vüsalə: Bakıdan Yerevana “göyərçin”...?
- - Axı biz sülh üçün getmişdik... Amma dedilər sərhəddən keçəndə problem çıxar...
Uşaqlar: Sobe!
Sərhədə yaxınlaşdım ki, “Azərbaycandan gəlmişəm”. İlk ağıllarına gələn o oldu ki, “Emənistana sığınmağa gəlmisən!” Onlarda elə təbliğat aparılıb ki, azərbaycanlıların vəziyyəti ağırdı, hamısı Ermənistana sığınmaq istəyir, amma qorxurlar. Məsələn, telekanallar “Azərbaycandan qonağımız gəlib” deyəndə, məni yox, 95-96-cı illərin Bakı kadrlarını göstərirlər.
Aygün: Yerevanda çox dəyişiklik var? Şəhər necədi?
- - Yerevanın mərkəzi yenidən, daha modern, xüsusən art üslubunda düzəldilib. Bunu da Kaliforniya Erməni İcması düzəldib. Videolar çəkmişəm, yerləşdirəcəm. Bir də, Ermənistan daha çox sərmayə cəlb etməkdə maraqlıdır. Məsələn, Rusiyada varlanmış bir erməniyə böyük sevgiylə bütün qapıları açırlar. Çünki əhali surətlə Ermənistandan gedir, bu həqiqətdir. Özləri dedilər ki, üç milyonu keçə bilmirik. Üç milyonun da iki milyonu Yerevandadı. Kəndlərdən keçəndə maraqlı mənzərə görürsən. Bizdə insan köçür, amma içində yaşamasa da evi qalır. Orda isə elə kəndlər var ki, insanlar köçüb gedib, sonra kimlərsə gəlib o evləri söküb aparıb. Bax belə xarabalığa çevrilmiş evlər çoxdur. Xüsusilə də kəndlərdə. İnsanlar daha çox xaricə qaçır...
Aygün: Təəssüratınız necədi, sizcə siyasətçilər qarışmasa, adi insanlar bir-biri ilə anlaşa bilər?
- - On illərdi təbliğat gedir, nifrət toxumu əkilib, özü də çox dərinlərə. Bunu təmizləmək heç də asan deyil. Bunun üçün dövlətlərin möhkəm iradəsi olmalıdır. Vətəndaş cəmiyyətləri bu istiqamətdə bir şeylər edə bilər, amma dövlətlərin iradəsi olmasa onlar heç nə edə bilməzlər. Orda bir ciddi mübahisə yarananda dedim “Sarkisyan deyib ki, azərbaycanlılar mənim düşmənim deyil və bura bundan həvəslənib gəlmişəm”. Tərəddüd eləməyə başladılar ki, “deyib?” Bir-iki nəfər “Hə, deyib” deyəndən sonra başladılar yumşalmağa. Yəni orda da dövlətin gücü çox böyükdü. Sarkisyanın adı gələndə insanlar üç dəfə düşünür...
Uşaqlar: Sobe!
Ermənistandakı çıxışlarından, müzakirələrdən, xəbərlərdən, hətta mühafizəçilərdən danışırıq. Demək olar ki, bütün söhbətləri uşaqların “Sobe!” nidası tamamlayır. Uşaqların oyunu demişkən, hadisələrdən biri mənə oğlan uşaqlarının körpəykən “Kim döyər” oyununu xatırladır. Görün siz də oxşadırsız?
- - Çıxışım xətirlərinə dəydi. Axşam getdik bahalı bir restorana. İçki təklif elədilər, içməsəm yenə xətirlərinə dəyəcəkdi. Avropalılar da baxır... Təbii ki, o yaşda, o başda deyilik ki, o qədər içək ki, problem olsun. O arada da musiqilər gedir. Dedim ki, bu Azərbaycan musiqisidir. Onlar dedi yox, erməni musiqisidir. Dedim ki, gəlin oynayaq, mən yaxşı oynasam Azərbaycan musiqisidir, siz yaxşı oynasaz, erməni musiqisi və mən onların hamısından yaxşı oynadım. Çünki erməni qızları hamısı mənimlə oynamaq istəyirdi.
Vüsalə: Ola bilsin ki, erməni qızları bizim kişilər üçün darıxıb?
- - Azərbaycanlı olduğumu bilmirdilər. Elə bilirdilər Avropadan gəlmiş erməniyəm, turistəm. Axırda biz gedəndə onlara dedilər ki, bu oğlan azərbaycanlıdır.
Vüsalə: Reaksıyalar necə oldu?
- - Bəzilərində xəyal qırıqlığı... Bəziləri isə çox qəribə baxmağa başladılar...
Vüsalə: Erməni qızları haqda təəssüratlarınız necədi?
- - Çox ağrılı məqama toxunursuz...
Aygün: Mənim bildiyim qəşəng olurlar...
- - Gözləri çox qəşəng olur.
Vüsalə: Ancaq gözləri?
- - Gözdən başlayıram də...
Uşaqlar: Sobe!
Gülür. Biz də ona qoşulub gülürük. Bu vaxt fotoqrafımız Ramil hirslə fotoaparatını söndürüb kənara qoyur. Ramin isə erməni qızlarının cizgilərini bir rəssam dəqiqliyi ilə çizir:
- - Burunları bir az... Amma gözləri gözəl oldusa burnun yekəliyi itir. Gözəl xanımlarda burun problem yaratmır, əksinə, xoş təsir bağışlayır. Gözəl qızları çox idi, şəhərin mərkəzində rəngarəng geyinirdilər, kənara çıxanda isə yenə ağ-qara rənglər görürdün. Şəhərin mərkəzində, tədbirlərdə, kafelərdə oğlandan çox qıza rast gəlmək mümkündü. Mətbuatda, ictimai siyasi həyatda xanımların rolu daha çoxdu. Yəni qadınlara daha çox şanslar verirlər. Bizim bir biznesmen soruşdu ki necədi? Dedim bizdə bir gözəl qadın görəndə deyirlər, “Mən evliyəm, arvadımı sevmirəm, uşağım da durub orda, gəl sənə bir maşın alım, ev tutum, səni saxlayım”. Amma onlar heç bir təklif etmədən bir erməni qızı tribunaya çıxardırlar ki, get qabağa. Çox oyanıq millətdi və həqiqətən bir-birlərini tutandılar. Qadınları önə verməyin çox müsbət nəticələrini görüblər deyə o yolla davam edirlər.
Aygün: Belə başa düşdüm ki, ermənilər üçün qadın “Gəl səni saxlayım” deyil. Fiziki obyektdən daha çox ictimai adamdı...
- - Bəli.
Vüsalə: Qadını çox sıxmamaq mentalitetdən irəli gələ bilər?
- - Mentalitet ermilərdə də var. İstər bakirəlik problemi, istər geyim, özünü aparmaq, başıaşağı söhbətləri onlarda da var. Amma qadına yanaşma bizdəki kimi deyil. Gecə küçədə görən kimi mənfi sual verən yoxdu. Özlərinə “Daha çox qabağa getsin, Ermənistan üçün faydalı olacaq” fikrini aşılayıblar. Erməni kişilər rus qadınlarını daha çox sevirlər. Ola bilsin bizim kişilər qədər temperamentli deyillər ki, beş altı qadın onlara azlıq eləsin.
Uşaqlar: Sobe!
Vüsalə: Erməni qızını kim sevir?
- - Erməni kişisi erməni qadını ilə də evlənir. Amma dedilər son vaxtlar Qazaxıstana evlənməyə gedən qadınların sayı artıb. Qazax kişiləri ilə. Çünki Astananı çox sevirlər. Yeri gəlmişkən, Astana da Bakıya oxşayır.
Raminin söhbətlərindən bilirik ki, “Onlarda bizim qədər nəhəng tikililər yoxdu”, “Orda bizdəki qədər çox bahalı brendlər satılmır”. Bilirik ki, anası onun hara getdiyini o Ermənistandan qayıdandan sonra bilib. Bilirik ki, Ermənistandan vətənə hədiyyə olaraq cəmi bircə şüşə konyak gətirib, onu da dostu Pərviz Əzimov üçün. Yəni, kimsə “üz vurmasın”, ürəyi erməni konyakı istəyənlər Pərviz bəyi axtarsınlar. Deyib, gülüb səfərin bütün təfərrüatlarını soruşandan sonra gəlirik mətləb üstünə:
Vüsalə: Səfərlər, layihələr, təşəbbüslər... Qısası, nə istəyirsiz, Ramin?
- - Ağdamlıdı ha, suala bax... (Gülür)
Aygün: Onu siz bilərsiz, eyni dildə danışırsız. Mən qarabağlıların dilini öyrənməmişəm, amma Günel Mövludla, Fehruz Şamıyevlə dostluqdan artıq xeyli təcrübəm var.
Vüsalə: Mən bilirəm axı, adam burdan Ermənistana rəqs eləmək üçün getməz. Nəyə iddialısız, bilmək istəyirəm. Deyək ki, ən azı... nə bilim... deputatlığa...
- - 2015-ci ildə millət vəkili olacam! Amma bunun Ermənistana getməklə heç bir əlaqəsi yoxdu.
Uşaqlar: Sobe!
Artıq tamamən Azərbaycana qayıtmışıq. Parlamentin iclaslarından, millət vəkillərinin çıxışlarından danışırıq.
- Bir millət vəkili var, bir dəfə dedilər parlamentdə ağzını açıb, dedim nə deyib? Dedilər yox e, əsnəyirmiş... Beş il parlament fəaliyyətində bir dəfə ağzını açıb, o da əsnəyəndə. Ciddi deyirəm, elə millət vəkilləri var. Ona görə də mən niyə iddialı olmayım? Azərbaycanda ciddi bir tendensiya var. Mən iddialı danışıram, problemsiz görünürəm, insanlar fikirləşmir “necə?”, “hardan alır?” Birdən olur ki, bir qızla görüşürsən, hər şey çox yaxşıdır və qəfil məlum olur ki, sən demə qızın atası çox varlıymış, deyir mən qızmı sənə verə bilmərəm. Vəssalam! Bu hadisələr adamın başına bir dəfə gələr, iki dəfə gələr...
Vüsalə: Narahat olma, son vaxtlar allahın fantaziyası tükənib, hamımızın başına eyni şeyləri bir neçə dəfə gətirir.
- - Dəfələrlə! Bunları ona görə deyirəm ki, yəni ortaya iddia qoyub onun arxasınca getmək çox çətindi.
Xor: Qısası, o qızların atası ilə dil tapmaq üçün heç olmasa millət vəkili olmaq lazımdı?
- - Heç olmasa! Ona görə də adam hər addımda bu insanlara özünü sübut eləmək istəyir.
Uşaqlar: Sobe!
Vüsalə: Axı bu “Sobe” nə deməkdir?
Aygün: Ciççi!