44 günlük Vətən müharibəsindən 1 ildən bir az çox keçir. İndi bütün diqqətlər artıq gələcəyə yönəlib. Çünki postmüharibə dövrü əməkdaşlıq, kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin yaradılması üçün nadir imkanlar yaradıb.
Prezident cənab İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Bu gün isə, həqiqətən də, regionun gələcək inkişafı üçün böyük imkanlar mövcuddur.
İndi Azərbaycan təkcə Qarabağı dirçəltmir, Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək işləri aparılır.
Və nəhayət, bütün Azərbaycan insanının mənafeyi indi prioritetə çevrilib. Prezident İlham Əliyevin siyasətində insan amili həmişə öndə dayanıb. Dövlət başçısının rəhbərliyi ilə aparılan, gələcəyə hesablanmış sosial-iqtisadi siyasət sosial dövlət olaraq ölkəmizdə nəzərdə tutulmuş bütün layihələrin icra olunmasını və islahatların dövrün reallıqlarına uyğun olaraq dərinləşməsini təmin edəcək.
Azərbaycanın sosial dövlət kimi nüfuz qazanmasında, yeni sosial və iqtisadi çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında dövlətimizin təkmil sosial-iqtisadi islahatları, uğurlu siyasəti əsas rol oynayır. Təsadüfi deyil ki, pandemiyanın ağır şərtləri və müharibədən qalib çıxmış bir dövlət öz insanının sosial rifahı üçün uğurlu dəstək paketlərini əsirgəmir.
Faktlara fikir verin, ötən bir ildə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Vətən müharibəsi qazilərindən isə artıq 2165 nəfər ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlərin təyinatı aparılıb. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən əhəmiyyətli şəkildə artırılıb: şəhid ailəsi üçün 300 manatdan 500 manata, müharibə əlilləri üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata, Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata çatdırılıb.
Eyni zamanda, yeni təqaüd növü təsis edilməklə, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edilib. Şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri geniş vüsət almaqla, bu kateqoriyalardan olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. 2014-2019-cu illərdə uçota alınmış şəxslərin və 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinin, müharibə əlillərinin 5 il ərzində mərhələli şəkildə 11 min mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub.
Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və ailə üzvləri və erməni terrorundan zərər çəkənlərdən ibarət 3 min ailə üzrə 10 minədək şəxsə sosial-psixoloji dəstək göstərilib. Son illərdə müasir tələblərə uyğun qurulan reabilitasiya müəssisələri qazilərimizin keyfiyyətli xidmətlərlə təminatında xüsusi önəm kəsb edir. Həmin müəssisələrdə son bir ildə 1650 qaziyə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib. Dövlət başçısının xüsusi qayğısı nəticəsində, ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanıb. Ötən müddətdə 158 hərbçi son nəsil yüksək texnologiyalı protezlərlə təmin edilib.
Ümumən postmüharibə dövründə 1-ci və 2-ci Qarabağ müharibəsi əlillərindən ibarət 1100 şəxsə 10400 reabilitasiya vasitəsi, o cümlədən əsasən qazilərdən ibarət 900-dən çox şəxsə mühərrikli təkərli oturacaq verilib. Qeyd olunan kateqoriylara aid şəxslərin məşğulluq məsələlərinin də həlli istiqamətində işlər aparılır. Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət 5500 şəxs özünüməşğulluq proqramına cəlb edilib, 2400 nəfər işlə təmin olunub. Bu ilin 10 iyunundan “Məşğulluq marafonu” başladılıb və marafona artıq 573 işəgötürən qoşularaq 3340 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 1050 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.
Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə Vahid Əlaqələndirmə Mərkəzləri yaradılması şəhid ailələrinə, müharibədə yaralanmış qazilərə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilməsinə imkan verib. Bakı şəhəri və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyətə başlayan, 20 qurum tərəfindən 26 istiqamətdə xidmətlərin vahid məkandan təqdim edildiyi Mərkəzlərdə bu günədək 3 min şəxsə xidmətlər göstərilib.
Qeyd olunanlarla yanaşı, postmüharibə dövründə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərin və ailə üzvlərinin birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.
Post müharibə dövrünün ən humanist addımlarından biri də Zəfər Günü ilə bağlı Qızıl Amnistiyadır. Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynlinin dediyinə görə, bu amnistiya aktı 4 hissədən ibarətdir.
“Biz əminik ki, Amnistiya qərarı Azərbaycanın məhkəmə, hüquq mühafizə orqanları tərəfindən bu qərarın daha tez icrası təmin ediləcək. Eyni zamanda amnistiyaya düşən şəxslərin sosial reabilitasiya məsələləri də əksini tapıb. Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənilir”.
Amnistiya Aktı həm Birinci Qarabağ müharibəsi, həm İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz hadisələri, ümumilikdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslərə, medal və ordenlə təltif olunanlara, müharibədə şəhid olmuş şəxslərin yaxın qohumlarına şamil edilir. Amnistiya yalnız həbsdən azad etməni deyil, həm də cəzanın müddətinin azaldılmasını ehtiva edir. Belə ki, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş şəxslərin cəzası 6 ay azaldılacaq.
Bu maddənin 3 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır. Böyük ictimai təhlükə törətməyən şəxslər üçün 1 il, az ağır cinayət törətmiş şəxslərin isə həbsdən çıxdıqdan sonra üzərlərində 2 il məhkumluğu olur. Bu amnistiya ilə azadlığa çıxan şəxslərin üzərindən məhkumluq da götürüləcək.
Bir sözlə, bu amnistiya aktı Zəfər gününə layiq bir aktdır, Prezidentin xalqa hədiyyəsidir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi isə Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Yazı Ombudsman Aparatının “Postmüharibə dövründə insan hüquqları” mövzusuna həsr etdiyi jurnalist yazıları müsabiqəsinə təqdim olunur.