Ölkədə trendə çevrilən videoların bir çoxu müzakirə üçün kifayət qədər açıqdır. Məsələn, onların birində müəllimlər şagirdləri pilləkənə yığır, özü də ora yaxınlaşır və eynək taxaraq yuxarı baxırlar...
Deyə bilərəm ki, bu trend artıq ölkədə təhsil sistemindən çıxaraq digər sektorlara da yayılıb. Sosial şəbəkələri aktiv istifadə edənlər artıq söhbətin hansı videodan getdiyini başa düşüb.
Videoların şərh bölümünü oxuyanda isə fikirlərin iki böyük qruplara bölündüyünü görə bilərik. Bir qrup şəxslər bu videonu mənasız, təhsilə heç bir yenilik gətirmədiyini düşündüyü halda, digər qrup isə müəllimlərin də dünya trendə qoşulmasını müsbət qarşılayıb.
Maraqlıdır bəs, bizim ictimai adamlar bu barədə nə düşünür?
Trendə çevrilən video ilə bağlı Lent.az-a danışan təhsil eksperti Kamran Əsədov deyir ki, müəllimlərimiz özlərini tədris prosesinin iştirakçısı kimi aparmır:
“Biz bilirik ki, müəllimlər fəaliyyətini Azərbaycan şagirdinin, gəncliyinin təlim-tərbiyəsinə və təhsilinə həsr edir. 150 minə yaxın müəllim 1,6 milyon şagirdin üzərində məsuliyyət daşıyır. Bu çox ciddi bir rəqəmdir. Yəni təhsil prosesində atacağımız hər hansı bir addım birmənalı şəkildə böyük bir nəslin mənfi və ya müsbət təsirə məruz qalması ilə nəticələnir.
Əlbəttə, son illər ərzində təhsil sistemində kifayət qədər xoşagəlməz halların baş verdiyini bilirik. Xüsusilə, son 3 il ərzində təhsilin keyfiyyəti ilə bağlı ciddi nöqsanlar var.
Çox təəssüf ki, müəllimlərimiz özlərini tədris prosesinin iştirakçısı kimi aparmır. 2022-ci ildə keçirilən sertifikasiya imtahanında iştirak edən 11 min müəllimdən 2800-ə qədərinin ixtisası üzrə minimum suallara cavab verə bilməməsi, müəllimlərlə bağlı müəyyən tərəddüdlərin olmasını göstərir.
Dünyada müxtəlif sosial şəbəkələr vasitəsi ilə trendlər olur. Əlbəttə, bunun hər biri yaxşı haldır. Çünki müəllim də bir insandır. Onun da cəmiyyətdə və dünya da gedən trendlərə qoşulma hüququ var”.
Ekspertin sözlərinə görə, müəllimlərin bu videosu heç bir məna kəsb etmir:
“Amma müəllimlik xüsusi bir sahədir. O demək deyil ki, müəllim olmasına baxmayaraq bütün proseslərə qoşula bilərsiniz. Bu belə deyil. Çox təəssüflər olsun ki, bir neçə gündür sosial şəbəkələrdə tədris prosesində hər hansı bir məna kəsb etməyən, müasir təhsil standartlarına cavab verməyən, məzmunu olmayan trend başlayıb.
Videoda görünür ki, müəllimlər pilləkən üzərinə gəlirlər və eynək taxıb yuxarı baxırlar. Təbii ki, müxtəlif mənalara yozula biləcək bir addımdır. Amma hesab edirəm ki, hər hansı bir çağırışı özündə əks etdirmirsə, belə trendlərə ehtiyac yoxdur.
Təhsilin idarə olunması çox ciddi prosesdir. Təəssüf ki, bununla hazırda qeyri-ciddi şəxslər məşğuldurlar. Bu da yekun nəticədə insanların təhsilə inamını, etibarını azaldıb.
Mən təklif edərdim ki, müəllimlər şagirdlərin daha çox kitab oxumasını, idman etməsini trend etsinlər. Ona görə də mən müəllimlərin trend üçün etdiklərini xoş qarşılamıram. Çünki bu müəyyən qədər təhsil prosesini qeyri-ciddi məsələyə çevirəcəkdir”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu trendi mənasız hesab edir:
“İstərdim ki, bizim məktəb, müəllim, şagird və tələbələrimiz qərbdən, ayrı-ayrı ölkələrdən daha yaxşı trendləri götürsünlər. Söhbət təhsilin keyfiyyətinin artırılması istiqamətində olan trendlərdən gedir. Əslində bu gün daha çox diqqəti təhsilin keyfiyyət və məzmununun artırılmasına yönəltməliyik. Qərbdən hansısa təşəbbüsü götürəndə bunları nəzərə almalıyıq. Amma digər ölkələrdən nəyisə götürüb, olduğu kimi təqlid etməyi mənasız hesab edirəm.
Əgər təqlid ediriksə, müsbət anlayışları, trendləri etməliyik. Bu müəllimlərin qoşulduğu trendin anlamı nədir? Nə məna ifadə edir? Hamı eynək taxır, hamı göyə baxır...
Bunun təhsilə nə xeyri var? Bu suallara hələ də cavab tapa bilmirəm. Belə məsələlərə vaxt ayırıb, enerji sərf etməkdənsə, daha çox mühüm məqamlara yönəlməliyik”.