Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində bir dövlət yerləşir. Bir neçə Əmirliyin ittifaqından yerləşmiş dövlət: Birləşmiş Ərəb Əmirlikləri. 50 il bundan əvvəl, 1971-ci ilin elə bugünkü günü tərkibində Əbu Dabi, Dubay, Şarcə, Əl-Fuceyra, Ümm əl-Qayveyn, Əcman əmirlikləri olan müstəqil BƏƏ dövləti elan edildi. Bir il sonra isə Rəs əl-Xeymə əmirliyi də BƏƏ-yə daxil oldu. Və dünyanın siyasi xəritəsində ərazisi qumsallıqlardan ibarət bir dövlət meydana gəldi.
Əsasən balıqçılıq və mirvari hasilatı ilə məşğul olan Əmirlik qısa müddət ərzində elə bir sıçrayışla inkişaf etdi ki, bunu sonradan “möcüzə” adlandıranlar da oldu. Əslində, onlar haqlıydı. İndi BƏƏ qızıl qumlar üzərindəki bir cənnəti xatırladır.
Bu iqtisadi möcüzəyə isə Əmirliklər təbii ehtiyatları hesabına nail oldular. Ölkədə neft, təbii qaz, dəmir filizi, uran, mis, platin aşkar edildi. Ölkə üzrə təkcə neft ehtiyatı 13 milyard tona yaxındır.
Yuxarıda qeyd etdiyimiz kimi təxminən əlli il öncə başdan ayağa səhralıqdan ibarət olan bu ölkə indi ən hündür göydələnləri, saysız-hesabsız bankaları, əzəmətli mall-arı, ilə dünyanın maliyyə və ticarət mərkəzlərindən birinə çevrilib.
BƏƏ bu gün dünyanın ən zəngin ölkələrindən biridir. Təsəvvür edin, bu ölkədə təxminən 60 min nəfərə yaxın dollar milyonçusu var. Təkcə Dubayda 20-yə yaxın milyarder yaşayır.
Birləşmiş Ərəb Əmirliklərini tez-tez “vergi cənnəti” adlandırırlar. Ölkənin vergi sisteminin özəlliyi ondan ibarətdir ki, BƏƏ-də nə müəssisələrin, nə də fiziki şəxslərin gəlir vergisi mövcud deyil. Gömrük rüsumları da çox məhdud xarakter daşıyır. Rəsmi olaraq zinət əşyaları 10, digər ixrac olunan mallar isə 4 faizlik vergiyə cəlb edilirlər. Ölkədə həm də ƏDV və satış vergisi anlayışı yoxdur.
BƏƏ-də oğul övladın doğulmasına görə, hökumət ailəyə 50 min dollar ayırır. Toy üçün 19 min dollar və villa bağışlayır. Dövlət qulluqçusunun əmək haqqı isə 10 000 dollara bərabərdir. Amma dövlət qulluqçusu kimi yalnız yerli insanlar çalışa bilər.
BƏƏ-də alkoqol qəbul etmək və daşımaq, dövlət əhəmiyyətli tikililərin və şəhərin bəzi görməli yerlərinin, həmçinin qadınların şəklini çəkmək, küçəyə zibil atmaq və avtostopla gəzmək qadağandır. Yol hərəkəti qaydalarını pozmağa görə, cərimə 800 dollardır.
Ölkədə on minlərlə qızıl mağazası var. İl ərzində bir sakin minimum 38 qram qızıl alır. Bir kişi evlilik təklifi zamanı gəlinə azı 5 kiloqram qızıl hədiyyə edilməlidir.
Çoxarvadlılığa qanunla icazə var. Amma bu çox baha olduğu üçün indi adətən bir, uzağı iki arvadla kifayətlənirlər. Yeri gəlmişkən, bir neçə il öncə azərbaycanlı gimnast Zeynəb Cavadlı Şeyx Səid Əl-Məktuma ərə getmişdi.
Cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər. Onların bu evlilikdən 3 övladı dünyaya gəlib. 2016-cı ilin iyun ayında onların qız övladı dünyaya gələndə, körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilmişdir. Həyat yoldaşı Zeynəbdən 15 yaş böyük olub və bu, şeyxin 3-cü evliliyi idi. Hə, Şeyxin ikinci arvadı Əliyeva Natalya Müslüm qızı da əslən azərbaycanlı olub. Şeyx onunla Minskdə keçirilən yarışlar zamanı restoranlardan birində tanış olub. Bir zamanlar ofisiant kimi çalışan Natalya şeyxlə evlilikdən sonra adın dəyişərək Ayşə edib.
BƏƏ-də Küçədə insanlar çox fərqli geyinir. Çadralı qadınların yanında açıq geyinən qadınları görmək olar. Çox açıq görünüşə görə, cərimə tətbiq olunur. Xüsusilə əgər qadın bu görünüşdə tək gəzirsə. Nəqliyyatda qadınlar və kişilər ayrı gedir. Bu ölkənin metropolitenində maşinist olmur, qatar avtomatik idarə olunur.
Ramazan ayında küçədə yemək və içmək qadağandır. Qaydalara əmək etməyənləri cərimə gözləyir. Yayda istinin hərarəti az qala 50 dərəcəni keçsə də, bu ölkədə dağ-xizək kurortu fəaliyyət göstərir. Burada xizək sürənlər üçün hər şərait var: təpələr, qarlı parklar. BƏƏ-də dünyanın ən hündür göydələni “Burj Khalifa” yerləşir. Onun hündürlüyü 828 metr. Açığı o göydələni ilk dəfə görəndə həyəcanımı gizlədə bilməmişdim.
Dubayda məktub göndərmək istəsəniz orada ünvanı qeyd etməyə ehtiyac yoxdur. Belə ki, hər bir insan xüsusi bazada qeydiyyatdadır və 10 nişanlı idendifikatora sahibdir. Siz sadəcə həmin idendifikatoru qeyd edirsiniz və poçt xidməti məktubu lazım olan yerə təslim edir.
Dubay sakinləri hər bir yerdə komfortu sevirlər. Dözülməz istilər küçədə rahat hərəkət etməyi çətinləşdirir. Buna görə də bir çox yerlərdə kondinsionerlər quraşdırılır, hətta dayanacaqlarda da.
Dubaydakı Dubay Mall dünyanın ən böyük ticarət mərkəzi hesab olunur. Dubayda küçədə bahalı elektronika və hətta qızıl əşya satılan avtomatlar yerləşdirilib. Burada bankomatlardan nadir hallarda istifadə olunur. Belə ki, burada gündəlik həyatda kağız pullardan istifadə etmək yaxşı qəbul olunmur.
BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrəndir. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılıb. BƏƏ azərbaycanlıların turist kimi ən çox səyahət etdiyi ölkələrdən sayılır. Həftədə bir neçə dəfə Bakıdan bu ölkənin müxtəlif şəhərlərinə təyyarə reysləri həyata keçirilir. Elə Əmrlik vətəndaşlarının da son illər Ən çox üz tutduqları ölkələrdən biri məhz Azərbaycandır. Əsasən də Bakı. Bir də Bakıya təsadüfən dünyanın “ikinci Dubayı” demirlər ki...