“Çox ağır yer idi Şuşa türməsi. Təsəvvür edin, o qədər də böyük olmayan bu həbsxanada 800-900 adam saxlanılırdı. Özü də “qırmızı zon” sayılırdı. Ora nə düz-əməlli yemək aparmaq olurdu, nə də hansısa sovqat. Dustaqlara da olmazın əziyyət verirdilər. Dustaqların arasında böyük hörməti vardı Ramizin. Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görürdü, mübahisə edirdi. Buna görə də tez-tez karserə salınırdı”.
Bunu kriminal aləmdə “Qorbatı Ramiz” kimi tanınan Ramiz Fərzəliyevin atası Əliheydər müəllim deyirmiş.
1982-ci ildə Sabirabadda dəhşətli qətl törədilir. Kürün qırağından iki qadının meyiti tapılır. Amma milis qatilləri izinə düşə bilmir. Günlərin bir günü Fərzəliyevlərin qapısını döyürlər. Ramizi və ondan başqa bir dostunu həbs edirlər. Qətli onların boynuna qoymaq istəyirlər.
Atası həmin vaxt rayonda yox imiş. Hadisəni eşidib, təcili Sabirabada qayıtmışdı. Amma gec idi. Bundan sonra Əliheydər müəllim oğlunu axtarmağa başlayır. Əvvəlcə Bayıla gedir. Bayıl türməsində belə bir adamın saxlanılmadığını öyrənir. Daha sonra Xələcə üz tutur. Xələcdə də ona deyirlər ki, burda Ramiz Fərzəliyev adlı dustaq yoxdur. Respublikanın hər yerini gəzir Əliheydər müəllim - Naxçıvandan Gəncəyə qədər. Bir gün, özü də düz 4 aydan sonra xəbər tutur ki, oğlu Şuşa türməsindədir. Şuşada görüşə bilir Ramizlə. Həmin həbsxana isə müəllimi dəhşətə gətirmişdi. Tikanlı məftillərlə əhatə olunmuş, qapalı, yarıqaranlıq, rütubətli, necə deyərlər, divarlarından qan daman qorxunc bir qala. Qalanın içində qala...
***
Şuşa türməsi doğrudan da SSRİ-nin ən qapalı həbsxanalarından sayılırdı. Mövcud olduğu 200 ilə yaxın vaxtda buradan bir qaçış belə baş verməyib.
Təkcə ona görə yox ki, ciddi qorunan, qapalı bir yerdir. Bəlkə də ona görə ki, həbsxanadan qaçsan belə hündür qala divarları aşıb ətrafdakı meşənin dərinliklərinə baş vurub gizlənmək özü ölümə bərabər idi.
.
***
Şuşa türməsinin tikintisi 1848-ci ildə başa çatmışdı. Belə bir versiya var ki, həbsxananı xan qızı Xurşidbanu Natəvan tikdirib.
Yazıçı, millət vəkili Aqil Abbasın yazdığına görə, Xan qızının ana ayrı iki ögey qardaşı varmış. Həmişə də titullarından istifadə edib Xan qızını çıxılmaz vəziyyətə salırmışlar. Bu xüsusda Abbas adlı qardaşı daha çox seçilərmiş.
“Şuşaya ilk dəfə suyu Turşsu istiqamətindən saxsı borularla Xan qızı çəkdirmişdi. Amma bu su camaata azlıq edirdi, ona görə ikinci su xətti inşa etdirməyə başladı. Amma Şuşaya az qalmış Abbas adlı qardaşı onun ləl-cəvahiratını oğurlayıb aradan çıxır. Bundan sonra Abbas daha ağır bir cinayət törədir və həbs olunur, 15 il müddətinə Sibirə sürgün cəzası alır. Onda Xan qızı çara müraciət edir ki, icazə ver, Şuşada öz hesabıma bir həbsxana tikdirim. Və icazəni də alır, həbsxananı tikdirir, Abbas da həmin həbsxanada 15 nömrəli kamerada yatır. Bu kamera burjuy kamerası sayılırdı – geniş, işıqlı, rahat. Hətta sonralar da belə status daşıdı”.
Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir. Qalanın aşağı divarları həbsxanaya söykənir. Onun inşası zamanı qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib.
Əvvəllər həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulmuşdu. Sonradan bu say min nəfər məhbusadək artırılıb. Sovet hakimiyyəti illərində qapalı tipli cəza çəkmə müəssisəsi kimi fəaliyyət göstərib. Əsasən ağır cinayət törətmiş məhbusların saxlanma yeri olub.
Şuşa həbsxanasının 99 kamerası olub ki, bunların 96-da dustaqlar qalıb, 3-ü isə cərimə otağı kimi istifadə olunub. Məhbuslar həbs olunduqları maddələrə uyğun olaraq, kameralara bölüşdürülürdü. Buna uyğun bəzi kamerada 2, bəzilərində isə 30-40 məhbus saxlanılırdı.
Kişilərlə yanaşı, bu türmədə qadın məhkumlar da cəza çəkib. Amma onların sayı həmişə az olub.
Həbsxananın içərisini gəzirik. Kameralara baxırıq. İlk baxışdan adamda vahimə yaradır. Təsəvvür edin, sahəsi cəmi 6-8 kvadratmetr olan bir yerdə 4, bəzən 6 çarpayı qoyulurmuş. Qapının ağzında isə ayaq yolu yerləşir. Ayaqyolunun qapısı belə yoxdur. Və bütün kameralarda belədir.
Həbsxananın zirzəmisi də var. Düzü, zil qaranlıq olduğundan ora enə bilmədik. Nə telefonun işığı kömək etdi, nə də fənər. Böyük ehtimalla ora ya işgəncə yeri olub, ya da karser.
Naşir, publisist Vasif Quliyevin dediklərindən: “Hələ Sovet dövründə də bütün ağır cəza alanları ora göndərirdilər. Çünki ora elə bir yerdə idi ki, içindən qaçmaq mümkün deyildi. Doğrudur, həyətindən qaça bilən olub. Amma kameralardan qaçmaq qeyri-mümkün idi. Mən bir şuşalı kimi oranın içərisini görməmişəm. Amma orada 1957-58-ci illərdə iki dəfə olmuşam. Yadımdadır, anamla dustaq yanına getmişdik. Onda da sadəcə həyətini görmüşəm. Yəni içəri girmək mümkün deyildi. Elə bir yerdir ki, adam hələ onun həyətindən içəri girəndə vahimə basır, bağrı çatlayır. Bax, əsl türmədir”.
***
Şuşa həbsxanası həm də tarixi şəxsiyyətlərin cəza çəkdiyi yerdir. Məsələn, Qaçaq Nəbi, qaçaq Səlim burada məhbəs həyatı yaşayıblar. Burada cinayət aləminin məşhur nüfuzlu nümayəndələri - “Korzubı Vaqif”, “Razboynik Çingiz”, “Malış Söhbət”, Tengiz və “Masallı Mamed” də cəza çəkib. Bəzi mənbələrdə “qanuni oğru” Sabirabadlı Hikmətin də Şuşada yatdığı deyilir. Amma yaxınlarının Lent.az-a dediyinə görə, o, Şuşada cəza çəkməyib. Onun kriminal aləmdə xaç atası sayılan “Qorbatı Ramiz” isə bu həbsxananın sakini olub.
***
Deyilənə görə, başqa bir “qanuni oğru” “Masallı Mamed” isə Şuşa türməsindən birbaşa güllələnməyə aparılacaqmış. Mamed ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq “Masallı Mamed”in atası İsgəndər Hüseynova görə baş verib.
Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı “Masallı Mamed” həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib. Lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə dözməyərək bıçağa əl atıb. Həmin oğlanı qətlə yetirəndən sonra Mamed ölüm hökmü ilə üzə-üzə qalıb. Lakin atası İsgəndər Hüseynov oğlunu güllələnmədən qurtara bilib. Mamed 15 il azadlıqdan məhrum edilib.
Mamed cəzasının 5 ilini çəkmək üçün, Şuşadakı qapalı həbsxanaya göndərilib. Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görən Mamed bütün bunlara qarşı mübarizəyə başlayır. Onun əsas hədəfi həbsxana rəhbərliyi ilə əməkdaşlıq edən və məhkumların hüquqlarının pozulmasında bilavasitə rol alan dustaqlarla olur. Mamed onlardan birini cəzalandırır və qiyam qaldırır. Bu hadisə onun “Şuşa krıtısı”ndan uzaqlaşdırılması ilə nəticələnir. Mamed bu həbsxanadan da ağır rejimli Qroznı həbsxanasına göndərilir. Daha sonra isə atası müxtəlif vasitələrlə onu ölüm hökmündən qurtarır.
Türmə bir qədər dağıdılıb. Amma ətrafındakı dolam-dolam tikanlı məftillər, binanın sərt üzü, hələ də vahimə yaratmaqdadır.
Amma bir azdan bu bina təmir olunacaq. Şuşada bizə dedilər ki, böyük ehtimalla muzeyə çevriləcək. Hə, rədd olsun zindanlar, muzeylərdə görüşək!
Bakı-Şuşa