Pulsuz evimizə girən zəhər: Onun məhvinə 850 il lazımdır – ARAŞDIRMA
22 aprel 2021 13:44 (UTC +04:00)

Pulsuz evimizə girən zəhər: Onun məhvinə 850 il lazımdır – ARAŞDIRMA

“Qərar vardı ki, yanvarın 1-dən plastik torbalar satış mərkəzlərində minimuma endirilsin. İyulun birindən isə plastik qablar və qablaşdırmalar əmtəə bazarında olmasın. Amma çox təəssüflər ki, bu əhəmiyyətli qərarlar biznes qurumları tərəfindən yerinə yetirilmir”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında deyib bu sözləri. Bəli, belə bir qərar var idi. Amma hələ ki, qərarın həyata keçirilməsinə dair heç bir nümunə görmürük. Bu gün daxil olduğumuz bütün market və alış-veriş mərkəzlərində məhsulları plastik torbalara yerləşdirilərək satın alırıq. Bəs, plastik torbalar, qablarla bağlı qərar həllini necə tapır? Və ümumiyyətlə tapacaqmı?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Ekspert Eyyub Hüseynov deyir ki, Azad İstehlakçılar Birliyi 20 ildən artıqdır ki, plastik qablaşdırmaların və torbaların ləğv olunması ilə məşğul olur:

“Hətta biz bununla bağlı 2009-cu ildə aksiya da keçirmişik. Amma bu gün dövlətin qoyduğu qaydaya riayət etməyən məhz biznes qurumlarıdır. Bunun da səbəblərindən biri odur ki, Azərbaycan dövləti biznes qurumları üçün həddindən artıq rahat şərait yaradıb. Onlara toxunulmazlıq statusu verib. Artıq iş o yerə gəlib çıxıb ki, biznes qurumları dövlətin qoyduğu qaydaları da icra etmirlər. Və bu gün çox təəssüf ki, mağazalardan həmin plastik torbalar vasitəsilə müxtəlif xəstəlikləri evimizə daşıyırıq”.

Xəstəlik demişkən, araşdırmalara görə, insan orqanizminə zərərli maddələrin 80 faizi plastik tullantılardan daxil olur. Plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan bisfenol-A maddəsi təşkil edir. “Bisfenol A” fenol qrupuna aid olan üzvi birləşmədir. Bu maddə suda zəif həll olunsa da çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır. Alimlərin sözlərinə görə, plastik qablar günəş isitməsi və ya təkrar istifadədən sonra daha təhlükəlidirlər. Plastik və polietilen məhsullar yandırılarkən insan orqanizmi üçün zərərli kimyəvi maddə - dioksin ifraz olunur.

Ekspert onu bildirir ki, bu təhlükənin qarşısını yalnız plastik torbaları həyatımızdan çıxarmaqla ala bilərik. Buna görə də ötən ildən etibarən insanların plastik torbalardan birdəfəlik torbalara keçməsinin təbliğinə başlanıb:

“Amma biznes qurumları buna dəstək vermir. Hətta biz təklif irəli sürdük ki, ətraf mühiti qorumaq üçün qalınlığı 15 mikrondan aşağı olan plastik torbaları əhaliyə satsınlar. Belə olduğu halda istifadəsi məhdudlaşacaq. Amma bu da baş tutmadı. Bu gün belə torbalardan istifadə olunan bütün ölkələrdə bunlar pulla satılır və tam şəffaf torbalardır. Yəni üzərində orqanizm üçün təhlükəli hesab olunan heç bir boya ilə yazılmış yazı yoxdur. Bu nisbətən təhlükəsiz hesab olunur”.

İqtisadçı ekspert Elşad Məmmədov isə hesab edir ki, plastik torbalarla bağlı verilən qərarın icrasının təmin olunmaması aidiyyatı dövlət qurumlarının fəaliyyətindəki boşluqlarla bağlıdır:

İqtisadçı ekspert Elşad Məmmədov

“Çünki konkret qərar olanda onun icrası ilə bağlı prosedurları aidiyyatı dövlət qurumları yerinə yetirirlər. Bu günə kimi bu qərar tətbiq olunmayıbsa, mütləq şəkildə aidiyyatı dövlət qurumları bu qərarın icra edilməməsilə bağlı məsuliyyət daşımalıdırlar. Çünki qanunun icrası ilə bağlı qərar qəbul olunduqda, mütləq aidiyyatı mexanizimlər də işlənilməlidir. Digər tərəfdən təəssüf ki, cəmiyyətin də çox hissəsi bu məsələyə laqeyd yanaşır. Düşünürəm ki, ölkə əhalisinin bu məsələyə aktiv şəkildə mövqe göstərməsi aidiyyatı dövlət qurumlarının hərəkətə keçməsinə bir təkan ola bilər. Buna görə də ilk növbədə həmin qurumların düzgün idarə olunması lazımdır. Bununla yanaşı sözsüz ki, istehlakçılar da bu prossesə aktiv qoşulmalıdırlar. İstehlakçıların müdafiəsi istiqamətində fəaliyyət göstərən aidiyyatı qeyri-hökümət qurumları da var. Mən hesab edirəm ki, onların da bu işdə fəaliyyəti aktivləşməlidir. Çünki bilavaistə bu istehlakçıların hüquqlarının qorunması ilə bağlı olan istiqamətdir. Ona görə də ictimai təşkilatlar da bu məsələdə indikindən xeyli dərəcədə fəal olmalıdır”.

Satıcı Rüstəm Xəlilov isə bu məsələdə çarəsiz olduğunu deyir:

“Əvvəlla, həmin kağız torbaların haradan əldə ediləcəyi barədə məlumatımız yoxdu. Topdan harada satılır? Bilmirik. Hansısa şirkətmi gətirəcək? Bu barədə də anlayışımız yoxdu. Nə qiymət qoyulacaq? Bilinmir. Düzdür, hökumətin qərarıdı və hörmətlə yanaşılmalıdı. Amma bizi də nəzərə almalıdılar. Onsuz da ərzaq məhsullarının üzərinə qəpik-quruş qoyub satırıq”.

Eyyub Hüseynov isə deyir ki, tək sevindirici hal budur; artıq ölkəmizdə buna təşəbbüs var:

“Rusiyadan Azərbaycana taxtadan hazırlanan həmin plastik qabları əvəz edəcək materiallar gətirilib. Həmin qablar (bıçaq, çəngəl, boşqab və.s) xüsusi ağaclardan hazırlanıb. Amma çox təəssüf ki, hələ bazarda özünə yer tapmayıb. Bundan başqa biz təklif edirik ki, plastik qablaşdırmaları isə korton qablar əvəz etsin. O ki qaldı plastik torbalara, onu isə Cənub bölgəsində olan həsir zənbillərlə əvəz edə bilərik. Bu dünyanın ən təmiz, ekoloji zənbilləridir. Amma bu təkliflərin təbliğatı həddindən artıq zəif aparılır. Bunun üçün biz ciddi monitorinqlər aparacağıq”.

Sonda onu da qeyd edək ki, statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Həmçinin yarım əsrdən sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə davam edir. Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Belə ki, dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9486
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar