Prokurorluq beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir
17 aprel 2023 15:10 (UTC +04:00)

Prokurorluq beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu çərçivədə qeyd edilməlidir ki, ölkəmiz 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013-cü illərdə II, 2013-2016-cı illərdə III, 2016-2019-cu illərdə IV Monitorinq Mərhələlərini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə edib. Xüsusilə vurğulanmalıdır ki, monitorinqlər çərçivəsində milli qanunvericiliyin, həmçinin  dövlət orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaşlara göstərilən xidmət meyarlarının beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində əhəmiyyətli dəyişikliklər edilib.

Uğurlu əməkdaşlığın təzahürü kimi ölkəmizin OECD tərəfindən növbəti V raund qiymətləndirilməsi prosesi çərçivəsində müvafiq müsahibələrin həyata keçirilməsi məqsədilə həmin qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin ekspertlərindən ibarət nümayəndə heyətinin cari ilin 17-21 aprel tarixlərini əhatə edəcək Bakı şəhərinə səfəri başlayıb.

Tədbirin ilk günü açılış nitqi ilə çıxış edən OECD üzrə Milli Koordinator - Baş Prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə ətraflı məlumat verib, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayaraq, OECD ilə uğurlu əməkdaşlığın nəticəsi kimi həmin təşkilatın tövsiyələri əsasında milli qanunvericilikdə mütərəqqi dəyişikliklər edilməsini ekspert heyətinin diqqətinə çatdırıb, habelə, hazırki dəyərləndirmənin milli qanunvericiliyin beynəlxalq standartlar əsasında qiymətləndirilərək təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Bundan sonra OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin sədri Draqo Kos və Ekspertlər Qrupunun rəhbəri Jolita Vasiliaskuayte Şəbəkənin hazırki fəaliyyəti haqqında ətraflı məlumat verib, ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatları, hazırki dövrədək keçirilmiş qiymətləndirmə proseslərinə dair öz müsbət fikirlərini bölüşüb, daha sonra ölkəmizin OECD tərəfindən 5-ci raund çərçivəsində qiymətləndirilməsi prosesinə dair zəruri məsələlər üzrə çıxış edib.
    
Hazırda ölkəmizin OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi tərəfindən V raund qiymətləndirilməsi çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında dövlət orqanlarının, qeyri-hökümət təşkilatlarının, həmçinin vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə müsahibələrin həyata keçirilməsi prosesi davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962
avatar

Fidan İlqar

Oxşar yazılar