Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən 120 saylı tam orta məktəbdə, həmçinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Lent.az xəbər verir ki, tədbirlərə müvafiq rayon icra hakimiyyəti nümayəndələri, sağlamlıq və psixoloji xidmət mərkəzlərinin mütəxəssisləri, həkim və psixoloqlar qatılıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovniki İbrahim İsmayılov çıxış edərək tədbirlərin məqsədinin yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, sağlam həyat tərzinə təşviq etmək və erkən nikahın fəsadları barədə məlumatlandırmaq olduğunu qeyd edib.
Polkovnik İ.İsmayılov vurğulayıb ki, narkotik vasitələrə qurşanma yalnız fərdin sağlamlığına deyil, həm də cəmiyyətin təhlükəsizliyinə ciddi zərbə vurur və bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən ardıcıl və qətiyyətli mübarizə tədbirləri həyata keçirilir.
Tədbirlər zamanı şagirdlərə narkomaniyanın fiziki, psixoloji və ictimai təhlükələri, erkən nikahın isə təhsildən uzaqlaşma, sosial çətinliklər və gələcək həyat planlarının pozulması kimi fəsadları barədə geniş məlumat verilib. Mütəxəssislər sağlam həyat tərzi, təhsilin əhəmiyyəti və gənclərin sosial məsuliyyəti mövzularında tövsiyələr səsləndiriblər.
Maarifləndirici tədbirlər davam etdirilir.