Uşaqlarda öskürəklərin səbəbləri və növləri
Payızın ilk aylarından başlayaraq soyuq fəsillərdə kəskin respirator xəstəliklərin (KRX) artması ilə əlaqədar olaraq uşaqlarda öskürmə halları artır və valideynlərin narahatlığına səbəb olur.
Öskürəyin səbəbləri və növü nə qədər tez və vaxtında müəyyən edilərsə müalicə də bir o qədər effektli olar. Öskürək –orqanizmin müdafiə mexanizmi olub bronxların, traxeyanın və qırtlağın selik, toz və s. hissəciklərdən təmizlənməsini təmin edir.
Öskürək fizioloji və patoloji olur:
- Fizioloji öskürək qısa müddətli olub təbiidir, heç bir xəstəlik simptomları ilə müşayiət olunmur, diskomfort yaratmır, müalicə tələb etmir. Fizioloji öskürək zamanı hava yüksək təzyiqlə tənəffüs yollarından xaric olur,özü ilə selik, toz və s. kimi çox kiçik yad hissəciklər çıxarır. Sağlam uşaqlar gün ərzində bir neçə dəfə öskürə bilərlər ( yaşadığı ərazidən, mənzil-məişət şəraitindən, havanın çirkliliyindən asılı olaraq).Fizioloji öskürəyin əlamətləri:
-uşaq aktivdir, gündəlik fəaliyyətini, oyunlarını davam etdirir.
-öskürək qısa müddətlidir, bir neçə saniyə çəkir və yaxın vaxtlarda təkrarlanmır.
-gün ərzində bir neçə dəfə (orta hesabla 11 dəfə) təkrarlana bilər, amma tembri və davamiyyəti dəyişmir.
-uşaqda hər hansı xəstəliyin başlanmasına aid olan heç bir əlamət yoxdur (süstlük, narahatlıq, qızdırma,iştahsızlıq və s.)
2. Patoloji öskürək –hər hansı bir xəstəliyin əlamətləri ilə müşayiət olunur. Tənəffüs yollarının xəstəliyi olan şəxslərdə öskürək yuxarı və aşağı tənəffüs yollarında olan refleksogen sahələrin qıcıqlanması nəticəsində yaranır. Öskürək reseptorlarını qıcıqlandıran əsas səbəblər aşağıdakılardır:
- Nəfəsalınan havanın temperaturu və nəmliyinin dəyişməsi, soyuq və ya quru hava.
- Pollyutantlar (toz, tüstü, çox kiçik üzvü hissəciklər)
- Bəlğəm
- Burun seliyi
- Allergenlər
- İltihab
- Mexaniki təsirlər (yad cisim, şişin sıxması)
- Hiperventilyasiya
- Hiperoksiya
- Qastroezofaqal reflyüks –QER
- Müxtəlif dərman preparatları (β-blokatorlar, sitostatiklər və s.)
Patoloji öskürəyin əsas səbəbləri:
Öskürəklərin 2 əsas xüsusiyyəti var :davamiyyəti və xarakteri. Uşaqlarda davamiyyətinə görə öskürəklər kəskin ( 3 həftədən az), yarımkəskin ( 3-8 həftə), xroniki ( 8 həftədən çox) olur. Xarakterinə görə isə quru və yaş öskürək aid edilir:
Quru öskürək-adətən yuxarı tənəffüs yollarında formalaşır, bəlğəm olmur, əsnəkdə güclü qıcıqla müşayiət olunur və uşaq öskürdükcə daha çox öskürmək istəyir. Belə halda hər təzə qıcıqlanma əsnəyin toxumasında iltihablaşmanı artırır və vəziyyətin pisləşməsinə səbəb olur.
Yaş öskürək –seliyin, bəlğəmin əmələ gəlməsi və xaric olması ilə xarakterizə olunur, bir sıra ciddi xəstəliklərin əlaməti ola bilər. Adətən bəlğəm xaric olduqdan sonra uşaq bir qədər yüngüllük hiss edir. Amma öskürəyin quru və yaş olmasını ancaq bəlğəm cıxmağına görə təyin etmək düzgün deyil. Ola bilər selik qatı olsun, uşaq öskürəndə xaric edə bilməsin. Belə halda öskürək yaş, amma ifrazatsız olur.
Xəstəlikdən asılı olaraq öskürəklərin xüsusiyyəti:
Öskürəklə müşayiət olunan və daha çox rast gələn tənəffüs yolları xəstəliklərinin başlanğıc dövrdə əsas simptomları aşağıdakılardandır.
Qeyd etmək lazımdır ki, koronovirusun omikron ştammı ilə yoluxmuş uşaqlarda da davamlı quru öskürək müşahidə olunur.
Qrip, respirator virus infeksiyaları, yuxarı tənəffüs yollarının kəskin katarı zamanı burunun və udlağın selikli qişasının kataral iltihabı qirtlağın da selikli qışasının iltihablaşmasına , yəni-kəskin laringitə səbəb ola bilər.Çox vaxt yalançı inağ adlanan və qırtlağın stenozuna səbəb olan bu patologiyanın əlamətləri qəfildən başlayır, bəzən də KRX fonunda olur. Əsas simptomları boğazda ağrı, səsin batiqlaşması, öskürək (hürücü), tənəffüsün çətinləşməsi və küylü olması, ümumi əhvalın pisləşməsindən ibarətdir. Bədən temperaturu ya normal qalır, ya da subfebril olur.
Uşağın ümumi vəziyyətinin, tənəffüsünün və huşunun qiymətləndirilməsinə görə stenozun 4 dərəcəsi ayird edilir:
1-ci dərəcə- huşu aydındır, periodik olaraq hürücü öskürək müşahidə edilir. Səsi batiqdir. Narahat olduqda, ağladıqda küylü tənəffüs və təngnəfəslik yaranır.
2-ci dərəcə -huşu aydındır, narahatdır, oyanıqdır, gözlərində qorxu var. Öskürəyi “hürücüdür”. Sakit vəziyyətdə küylü tənəffüs, təngnəfəslik burun-dodaq üçbucağında sainoz qeyd edilir, ağladıqda akrosianoza keçir.
3-cü dərəcə - Huşu alaqaranlıqdır, narahatlıq tormozlanma ilə əvəz olunur, qorxu hissi, hava çatmamazlığı, kobud “hürücü” öskürək var.Tezləşmiş küylü tənəffüs kənardan eşidilir. Dərisi “mərmərəbənzər” şəkil alır, ətraflar soyuqdur. Bütün köməkçi əzələlər tənəffüsdə iştirak edir –bu səthi tənəffüslə əvəz oluna bilir.
4-cü dərəcə-huşsuzdur, qıcolmalar ola bilər, vəziyyəti çox ağır, aqonaldır, tənəffüsü səthidir, arterial hiportoniya –inkişaf edir.
Göründüyü kimi kəskin obstruktiv laringitin başlanğıc mərhələsində vaxtında və düzgün müalicə aparılmasa stenoz dərəcəsi artaraq uşağın həyatının itirilməsinə gətirib çıxarır.
İnağın müalicəsində əvəllərdə olduğu kimi antibiotiklər, virusəleyhinə preparatlar, buxar inqolyasiyaları məsləhət görülmür.Beynəlxalq konsensusa və ÜST tövsiyyələrinə əsasən kəskin obstruktiv-laringitin müalicəsinin əsasını inqolyasiya ilə və sistem qlükokortikosteroidlər təşkil edir.Uşaqlarda kəskin bronxitlərin səbəbləri 90% hallarda viruslardır. (qrip, paraqrip, respirator sinsitial virus, rinovirus, adenovirus, metapnevmovirus): 10%-ə qədər hallarda isə xüsusilə məktəbyaşlı uşaqlarda və yeniyetmələrdə kəskin bronxit Mycoplasma pneumaniae, Chlamydophila pneumoniae və Bordetella pertussis kimi bakteriyalarla törənir.Digər bakterial törədicilər-Streptococcus pneumoniae, Moraxella catarrhalis çox az hallarda kəskin bronxitə səbəb olurlar.Bunları nəzərə alaraq kəskin bronxitin müalicəsində uşağa kifayət qədər isti maye (100 ml/kq sutka) vermək, bədən temperaturu 39-39,5S-yə qalxarsa, fiziki üsullarla soyutmaq, qızdırmasalıcı preparatlar vermək məsləhət görülür. Əgər obstruksiya varsa,bronxolitiklər təyin edilir, ehtiyac olarsa qısa kursla qlükokortikoidlər inqolyasiya ilə istifadə edilir. Antibiotiklər yalnız bronxitin bakterial etiologiyalı olması müəyyən edildikdə istifadə edilir.
Tənəffüs yollarına yad cisim düşdükdə qəfil obstruksiyaya və boğulmaya səbəb olur. Bu vaxt uşağı ağzı üstə çevirmək və 5 dəfə kürəyinə vurmaq lazımdır. Maneə qalarsa onda köks qəfəsinə 5 dəfə təzyiq edilməli və təcili xəstəxanaya çatdırılmalıdır.
Körpələrdə və erkən yaşlı uşaqlarda rast gələn öskürəyin ən çox yayılmış səbəblərindən biri də burun-udlağın iltihabı və burada yaranan selik ifrazatının çoxalmasıdır. Burun-udlağın arxa divarı ilə axan selik qıcıqlanmaya və öskürəyə səbəb olur. Belə halda öskürək daha çox gecələr uşaq uzananda və yatanda olur, gündüzlər isə azalır, ya da olmur.
Uşaq öskürürsə nəyi etmək olmaz:
Həkimlə məsləhətləşmədən aptekdən hər hansı preparatı alıb içirtməyin. Çünki öskürəyin müalicəsində istifadə olunan dərmanlar təsir mexanizminə görə 2 qrupa ayrılırlar: öskürək əleyhinə (öskürmə refleksini söndürən) preparatlar və mukolitiklər (seliyin, bəlğəmin tərkibini normallaşdırır və ifrazatını artırır).Öskürək əleyhinə preparatlar da təsir mexanizminə görə mərkəzi və periferik təsirli olurlar:
-mərkəzi təsirli- mərkəzi sinir sistemində öskürək mərkəzinin aktivliyini azaldır.
-periferik təsirli-tənəffüs yollarının selikli qişasında neyronların reseptorlarını bloklayır.
Aldığınız preparatlar bunlardan biri olacaq, belə preparatları isə ancaq həkim uşağı müayinə etdikdən sonra təyin edir. Uşaq müayinə olunmadan verilən preparatlar əks effekt verə bilər: vəziyyətini pisləşdirər, fəsada səbəb olar. Bu hal yaş öskürəkdə quru öskürək əleyhinə dərman verdikdə və yaxud əksinə olduqda yaranar:
-selik xaric ola bilməz, çünki quru öskürək əleyhinə olan preparat öskürəyi dayandırır, bəlğəmin çıxmasını bloklayır.
- selik çox istehsal olunur və ağciyərlərin” dolmasına” səbəb olur.Bu xüsusilə 1 yaşına kimi uşaqlara bəğəm ifrazını artıran müxtəlif bitki tərkibli preparatlar verdikdə rast gəlir. Körpələr bəlğəmi çıxara bilmir və onlara yaş və çəkilərinə uyğun olaraq ancaq ambroksol tərkibli preparatlar vermək mümkündür.
Bəs öskürməyə başlamış uşağa necə kömək etmək lazımdır? İsti maye vermək-tünd olmayan çay, meyvə qurusundan hazırlanan kompot və s.Uşağın rahat olmasına şərait yaratmaq, otaqda havanın nəmlənməsinə nail olmaq. Əgər öskürək qurudursa və uşaqda qızdırma, allergiya yoxdursa, azacıq kərə yağı qatılmış süd vermək olar, bəlğəmli öskürəkdə isə isti maye qəbulu məsləhətdir. Bundan sonra öskürək azalmazsa həkimə müraciət etmək vacibdir.
Müəllif: Mansurova S.M. ATU-nun II Uşaq xəstəlikləri kafedrasının assistenti, həkim-pediatr.