Bu qəribə qəbilənin insanları barədə sivil dünya XX əsrin sonunda xəbər tutub.
Lent.az “Dəvəquşu adamlar” barədə məlumatı təqdim edir.
XX əsrin 70-ci illərində səyyahlar Mərkəzi Afrikada Zimbabve və Botsvana arasındakı ucqar meşələrdə bu günə qədər heç kimə məlum olmayan qəbilə tapıblar. Onların qəribəliyi ayaqlarında idi. Ayaqları dəvəquşu ayaqlarına bənzədiyinə görə onlara Straus qəbiləsi adı verilib.
Bu qəbilədə yaşayan insanların hamısının ayağında cəmi iki böyük barmaq var. Qəbilə xalqı özünü Sapadi adlandırır. Tibb aləmi bu qəribə halı Kleşni sindromu adlandırır. Alimlər bu anomaliyanın qana düşmüş naməlum virusla və ya qohum nikahlarla əlaqələndirirlər.
İkibarmaqlılar başqa qəbilələrdən uzaq durur, hamıya şübhə ilə yanaşırlar. Lakin fransalı alim, etnoqraf Baster Filips bu qəbilə üzvlərindən birini Avropaya getməyə inandıra bilib, onun ayağının rentgen şəkillərini çəkmək mümkün olub.
Araşdırmalar zamanı Kleşni sindromuna səbəb olan genin dominant gen olduğu və bu səbəbdən başqa qəbilələrlə qaynayıb-qarışmayan strausların övladlarının ikibarmaqlı doğulduğu aydın olub. İkibarmaqlı olmaq onların hərəkətini məhdudlaşdırmır, əksinə sürətlərini artırır. Bu adamlar dəvəquşu sürəti ilə qaça və meymun kimi ağaclara rahatlıqla dırmana bilirlər.