“Onlar hərbçi deyil, öz vəzifələrini şərəflə yerinə yetirən mütəxəssislərdir” - HƏRBİ EKSPERT
05 avqust 2021 19:00 (UTC +04:00)

“Onlar hərbçi deyil, öz vəzifələrini şərəflə yerinə yetirən mütəxəssislərdir” - HƏRBİ EKSPERT

“Bəli, insanlar elə düşünür ki, ora gedən heyət əsgərlərdən ibarətdir. Bu fikrin yaranmasına səbəb də onların formalarıdır. Amma bu, belə deyil. Ora göndərilənlər Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarıdır”.

Bu sözləri hərbi ekspert Emin Həsənli Lent.az-a açıqlamasında bildirib.

O, son günlər sosial şəbəkələrdə yayılan fikirlərə aydınlıq gətirib. Belə ki, yazılanlara görə, Türkiyədə baş verən yanğınları söndürmək üçün ölkəmizdən üz tutan heyət Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deyil, əsgərlərdir. Hərbi ekspert bu barədə verdiyi açıqlamada yayılan fikirlərin yanlış olduğunu bildirib:

“Onlar hərbçi deyil, öz vəzifələrini şərəflə yerinə yetirən mütəxəssislərdir. Onlar on illərin peşəkarlarıdır. Hər il bir neçə dəfə təlimlər keçiblər və biz bu təlimləri izləmişik. Ölkəmizdə də dəfələrlə yanğınla mübarizə aparıblar. Həm binaların, həm də meşə yanğınlarının qarşısını yüksək səviyyədə alıblar. Bu xidmətin də özünün zabitləri, gizirləri, müddətdən artıq xidmət edənləri var. Qardaş ölkəyə də onların ən peşəkarları seçilərək göndərilib. Onlar bu gün öz vəzifələrini şərəflə yerinə yetirirlər”.

Hərbi ekspert Emin Həsənli

Emin Həsənli onu da qeyd edib ki, bu hadisə iki ölkənin qardaşlığını daha da möhkəmləndirib.

“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Orada baş verənlər bizi çox sarsıtdı. Ölkə olaraq hadisəyə ilk reaksiya verən və yanğınların söndürülməsində can-başla iştirak edən biz olduq. Azərbaycan ən yüksək səviyyədə dəstəyini verdi. Ən müasir texnikalarını göndərdi. Qardaş ölkədə baş verən yanğınlarla mübarizədə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti Azərbaycanı ləyaqətlə təmsil etdi. 1991-ci ildən etibarən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bir millət, iki dövlət ideyasına həm Türkiyə, həm də Azərbaycan tərəf sadiq qalıb. Bu gün də bu dostluq, qardaşlıq davam edir”. 

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

Bu gün FHN-in yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.

# 8487
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar