Ombudsman 30 min manata təyyarə icarəyə götürüb? - RƏSMİ CAVAB
22 iyun 2022 00:00 (UTC +04:00)

Ombudsman 30 min manata təyyarə icarəyə götürüb? - RƏSMİ CAVAB

Ombudsmanın 30 minlik təyyarə icarəyə götürməsi yalandır.

Bu barədə Lent.az-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Ombudsmanın 30 min manata təyyarə icarəyə götürməsi ilə bağlı  yayılmış iddialarla əlaqədar bildirmək istərdik ki, qeyd olunan məlumat həqiqəti əks etdirmir və ölkəmizdə insan hüquqları sahəsində aparılan islahatları, həmçinin Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri hər zaman dünya ictimaiyyətinə çatdıran Müvəkkilin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.

Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı törətmiş olduğu müharibə cinayətlərinin, habelə insanlıq əleyhinə cinayətlərin yerində araşdırılması məqsədilə dövlətin ardıcıl olaraq həyata keçirdiyi siyasət çərçivəsində müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfərləri təşkil olunur.

Bildirmək istərdik ki, bu siyasətə dəstək olaraq,Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də postmüharibə dövründə Ermənistanın sülh və insanlıq əleyhinə, habelə müharibə və terrorçuluq cinayətlərinin, eləcə də dinc insanların, mülki obyektlərin hədəfə alınmasının faktlara əsaslanan materiallar vasitəsilə dünya ictimaiyyətinə çatdırılması prioritet istiqamətlərdən biri kimi seçilmişdir.

 Bu məqsədlə həm Ombudsman Səbinə Əliyeva, həm də onun dəvəti ilə ölkəmizə səfər edən xarici nümayəndə heyətləri faktaraşdırıcı missiyalar həyata keçirmiş, ardıcıl olaraq hesabatlar, bəyanatlar və müraciətlər hazırlanmışdır. 

Beynəlxalq ictimaiyyətə ünvanlanan bu sənədlər, o cümlədən xarici ölkələrin insan hüquqları təsisatlarının apardığı yerində araşdırmaların nəticələrinə əsasən hazırladığı hesabatlar Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlərin ifşa olunmasında böyük əhəmiyyətə malikdir.
Yayılmış xəbərlə bağlı bildiririk ki, qeyd olunan tarixlərdə Azərbaycan Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibətilə Ombudsman, Milli Məclis və TÜRKPA-nın birgə təşkilatçılığı ilə Türkdilli Dövlətlərinin ombudsmanları, milli insan hüquqları təsisatlarının rəhbərləri və parlament üzvlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilmişdir. 

Tədbirlərdə jurnalistlər də iştirak etmiş və bu barədə məlumatlar mətbuatda geniş işıqlandırılmışdır.
23 may tarixində həmin konfrans çərçivəsində TÜRKPA ölkələrinin ombudsmanlarının Ermənistanın ölkəmizə qarşı törətdiyi müxtəlif cinayətlərlə yerində tanış olmaları məqsədilə işğaldan azad olunmuş Füzuli və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərlərinə səfərləri təşkil olunub.

Ombudsman həmin səfər çərçivəsində qonaqları dağıntılar, mina təhlükəsi, ekoloji cinayətlər barədə ətraflı məlumatlandırıb.
Yayılmış xəbərin mətnində də qeyd edildiyi kimi, səfər hava yolu ilə Bakı-Füzuli-Bakı reysi ilə həyata keçirilmişdir.

Konfrans iştirakçıları ilə yanaşı. ölkəmizdə rəsmi səfərdə olan geniş tərkibli nümayəndə heyəti də bu reysdən istifadə etmişdir. Aydındır ki, dağıdılmış Füzuli şəhərinə şəxsi məqsədlə səfər edilməsi qeyri-realdır. Lakin bəzi jurnalistlərin öz vətəndaşlıq və peşə borcunu normal yerinə yetirərək bu hadisələri dünya ictimaiyyətinə çatdırmaq əvəzinə siyasi sifarişləri yerinə yetirərək bu cür qərəzli qarayaxma kampaniyası ilə məşğul olmaları təəssüf doğurur.

Kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edərək, bu cür qərəzli və əsassız məlumatların yayımlanmasından çəkinməyi tövsiyə edirik.   

Yekunda bildirmək istərdik ki, Azərbaycan Ombudsmanı bundan sonra da üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməyə davam edəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11001
avatar

Aytəkin Cəlali

Oxşar yazılar