Bir sıra hallarda ölüm haqqında tibbi şəhadətnamənin alınması zamanı problemlərlə üzləşən insanlar onu həll etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar. Bəzən isə vətəndaşlar bu şəhadətnaməni əldə etmək üçün hansı orqanlara müraciət etməli olduqlarını da bilmirlər. İnsanları bununla bağlı narahat edən digər vacib məsələ ölüm haqqında şəhadətnamələrin müvafiq orqanlar tərəfindən bəzən gec, yəni 6 aydan sonra verilməsidir.
Düzdür, Təcili Tibbi Yardım Xidməti ölüm faktını qeydə alır. Lakin el arasında “ölüm kağızı” deyilən ölüm haqqında şəhadətnamə sənədi verilmir. Xəstəxanalar isə vətəndaşlara bu sənədi almaqdan ötrü məhkəməyə müraciət etməyi tövsiyə edir.
Bəs, ölüm haqqında şəhadətnamələrin bəzən gec, yəni 6 aydan sonra verilməsinin səbəbləri nədir?
Lent.az xəbər verir ki, qanunvericilikdə müəyyən olunmuş hallarda (tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında, zorakı ölümə şübhə olduqda, ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduqda və sair hallarda) “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Bu zaman ölümün səbəbi ətraflı müayinə aparılaraq araşdırıldığından vaxt alır.
“Ölümün dövlət qeydiyyatı haqqında şəhadətnamə”nin verilməsi üçün isə bəzi hallarda ölüm faktının müəyyənləşdirilməsi və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi tələb olunur. Bu hallarda həmin sənədin əldə olunması yubana bilər.