"Öldü var, döndü yoxdu” - Yaralı hərbçilərimiz Lent.az-a danışdı...
19 sentyabr 2022 21:30 (UTC +04:00)

"Öldü var, döndü yoxdu” - Yaralı hərbçilərimiz Lent.az-a danışdı...

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən yaralanan hərbçilərin sayı 282-dir. Yaralıların bir qismi Mərkəzi Hərbi Klinik hospitalında müalicə alır. 

Lent.az-ın əməkdaşı yaralı hərbçilərin vəziyyəti ilə tanış olmaq üçün hospitala baş çəkib. 

Yaralı hərbi qulluqçulardan biri, 27 yaşlı İlknur Əliyevdir. Füzulidən olan gənc hərbçi ailədə böyük qardaşdır. O, deyir ki, günü-gündən yaxşılaşır:

İlknur Əliyev

“Şükür Allaha, yaxşıyam. Tibb işçilərinin gözü üstümüzdədir. Bu, qatıldığım ilk döyüş idi. Buna baxmayaraq, yüksək əhval-ruhiyyə ilə döyüşürdük. Yəni, bir millət ki, güllə atıb qaçır, ondan başqa nə gözləyəsən? Silah-sursatlarını qoyub qaçırdılar. 
Vurulduğum an məni döyüş bölgəsindən təxliyə etdilər. Şükür, bizim tabordan itkimiz olmadı. Dörd nəfər yaralımız oldu. Onlar yaralı-yaralı döyüşdülər.

Ailəmdən kimsə bilmədi yaralandığımı. Dost-tanışım bilsə də, ailəmi qorxutmaq istəmədilər. İki gündən sonra bildilər. Hərbçi yoldaşlarıma sözüm odur ki, həmişə olduğu kimi, düşmənə qarşı qorxmaz, mərd dayansınlar. Mən də sağalıb öz xidmət etdiyim yerə dönəcəyəm. Öldü var, döndü yoxdu”.

Digər yaralı 26 yaşlı hərbi qulluqçu Əli Aslanovdur. Əli Samuxdandır, ancaq Gəncədə yaşayır. 2 bacının bir qardaşıdır. O da təəssüratlarını Lent.az-la bölüşdü: 

Əli Aslanov

“Ümumi olaraq, hər şey yaxşıdır. Həkimlərimiz sağ olsun, qayğımıza qalırlar. Ayağımdan qəlpə yaraları almışam, əməliyyat olunmuşam. Amma yeriyə bilirəm, Şükür olsun.  
2020-ci ildə İkinci Qarabağ Müharibəsində iştirak etmişəm. 7 ildir hərbi qulluqçu kimi fəaliyyətdəyəm. Bu, ilk döyüşüm deyil. Ermənilərdən heç vaxt qorxmamışıq, qorxmayacağıq da. Həmişə irəli getməyə hazırıq. Mənim də tez müddətdə sağalıb döyüşçü qardaşlarımın yanına qayıtmaq arzumdur”.  

Digər yaralı hərbi qulluqçularla birgə Samuxdan olan 43 yaşlı hərbçi Tələt Nəsirov da müalicə alır. O, səkkiz ildir hərbidədir və 3 övladını qoyub vətənin keşiyində dayandığı zaman qəlpə yarası alıb. O, bu hospitala yeni gətirilib.Bizə bunları dedi:

Tələt Nəsirov

“Sentyabrın 12-si gecə saatlarında Kəlbəcər rayonu istiqamətində düşmən təxribat törətdi. Düşməni darmadağın edərkən postlarını ələ keçirdik. Lakin həmişəki kimi xaincəsinə təxribata əl atdılar. Minomyot atılan zaman ayağımdan qəlpə yarası aldım, yoldaşlarım da yaralandılar. Səyyar hospitala göndərildik, orada müalicə alandan sonra bura gətirildim. Deyirlər ki, hələlik qəlpələr qalır, 2-3 ay sonra əməliyyatla çıxacaq. Şükür, burada hər cür şərait var. İki il əvvəl, 44 günlük müharibədə güclü döyüşlərdə iştirak etmişəm. Sağalandan sonra nə qədər ömrüm qalıbsa, vətənə xidmət edəcəyəm. Onsuz da, düşmənin kökünü kəsmişik, qalanları da məhv edəcəyik”.

Əmrah Əliyev də hərbçi yoldaşı ilə bərabər hospitalda müalicə alır. Özü Tovuzdan olan 25 yaşlı Əmrah ailənin tək oğludur. O, yaşadıqlarını bizimlə paylaşdı: 

Əmrah Əliyev

“Sağ olsun həkimlərimiz, onların sayəsində yavaş-yavaş sağlamlığımıza qovuşuruq. Bura gətirildiyim andan bu yana səhhətimdə müsbət irəliləyişlər var. 
İki ildir hərbi qulluqçuyam. Vətən Müharibəsində də iştirak etmişəm. Bu döyüşə girəndə də hərbçi yoldaşlarımızın qarşısını almaq olmurdu. Hamı vətən uğrunda döyüşə atılırdı. Yüksək səviyyədə döyüşdük. Bir məqsədimiz var: tez, ya gec bütöv Azərbaycanı birləşdirək”.

Yaralı hərbçilərimizə Allahdan şəfa diləyirik. Allah sizi qorusun, ailələrə səbr versin. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4848
avatar

Nigar Namiq

Oxşar yazılar