Oğlunu general görmək istəyən  şəhid anası:   “Dedi ki, general yox, şəhid olacam”
27 sentyabr 2023 17:04 (UTC +04:00)

Oğlunu general görmək istəyən şəhid anası: “Dedi ki, general yox, şəhid olacam”

"- Ay oğul dur, oyun oynayan vaxt deyil, dur get çörək al.
- Ana imkan ver, bu tankı da vurum, gedərəm.

Əsgər gedənə qədər anamla aramızda ən çox qurulan dialoq bu idi. Əsgərlikdə olanda  döyüşlər başladı. 19 yaşım var idi. İlk dəfə ön cəbhəyə gedəndə qorxmurdum. Elə bilirdim yenə kompüter oyunu oynayıram. Həmişə oyun oynadığım tələbə yoldaşlarım da vardı yanımda. Heç həyəcanlanmırdıq, döyüş bizə oyun kimi gəlirdi. İlk dəfə snayperlə vurulan dostumun qanı üzümə sıçrayanda anladım ki, bu oyun deyil, müharibədir. Mən əsgər gedəndə anam gənc, gözəl qadın idi. Qayıdanda gördüm saçları ağappaqdır, alnına qırışlar düşüb”.  

Mənimlə birlikdə Şəhidlər Xiyabanına doğru addımlayan 23 yaşlı veteran Nurəli Xanlarovun dedikləridir bunlar.

Qarışıq hisslər yaşayıram bu günlər. Sevincimlə hüznüm sarmaş-dolaşdır. II Fəxri Xiyabanın girişindəki o uzun yolu gedə-gedə Allahla danışıram ürəyimdə. “Rəbbim, təzə dərdi, köhnə dərdə dərman verdin. 192 şəhid verdik yenə. Bu necə işdir? Zəfər qazanmışıq, amma onu da göz yaşlarımızla qeyd edirik”.

Yaradan səsimə səs vermir, onun əvəzində önümdə addımlayan əli əsalı bir qazinin yoldaşlarına dediyini eşidirəm: “Hamı sonda ölür. Hər ölünü şəhid kimi şərafətlə yola salmırlar axı. Allah bizə nəsib eləmədi” . Bəlkə də qazinin səsi ilə Allah idi cavabımı verən.

 Xiyabanın girişində oğul məzarı yanında qara heykəl kimi donmuş bir ana diqqətimi çəkir. Xavər ana. Leytenant Murad Mayılovun anasıdır Xavər xanım.

“Türkiyədə oxuyub gəlmişdi hərbi məktəbi Muradım. Orda ona “Riyaziyyat dahisi” adını vermişdilər. Uşaqlıqdan yolunu bəlləmişdi. Hərbiçi olacam deyirdi, getdi, yüksək qiymətlərlə bitirdi gəldi. Həmişə deyirdim ki, mənim balam general olacaq, deyirdi, “ay ana, şəhidliyi ondan üstün bilirəm, mən general yox, şəhid olacam”. Dediyi kimi oldu. Subay idi, sevdiyi qız var idi, hələ də ailə qurmayıb. Müharibə onu yox, o qızla məni öldürdü. Oğlumla həmişə fəxr etmişəm, indi onuna elim, obam da fəxr edir” – ana danışır.

Şəhid polkovnik leytenant, II Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun oğlu Ümid Şükürlü atası haqqında qürurla danışır. Məzarı başında dik dayanır ki, birdən atasının ruhu inciyər qamətinin əyilməsindən.

“Atam hərbiçi kimi sərt idi, evdə ailəcanlı, xeyirxah. Sərt və ədalətli kişi idi o. Ata kimi əsl ata, hərbiçi kimi əsl hərbiçiydi.  Onun yeri əvəzolunmazdır. Anar Şükürov kimi bir insan bir də çətin gələr dünyaya” – oğul söyləyir.

Şəhid Əsgər Samir Xəlillinin anası Lumuxanım bulud kimi dolmuş gözləri ilə oturub oğul məzarı başında: “Polis sıralarına seçilmişdi, əmri çıxmamışdı hələ. Onu aparmırdılar, özü zorla getdi. Polad Həşimovun şəhadətindən sonra sakit ola bilmirdi. Dayanmadı, əcəl  çağırırdı sanki. Könüllü getdi. Əsgərlikdən bir il idi gəlmişdi. Dostlarına deyib ki, mən gedəcəm, şəhid olsam anam sizlərə əmanət. O bizim nəslin son kişisi idi. Samir nəslin yeganə oğul övladıydı. Atası rəhmətə gedib, əmisi də 3 ay öncə subay ölmüşdü. Daha soyadımızı daşıyacaq kişi qalmadı. Bir bacısı var. Sentyabrın 21-də evdən çıxıb, bir ay sonra şəhid xəbəri gəldi. Döyüşdə olduğunu demədi, dedi narahat olma, avtomat atmağı öyrənirəm. Sən demə ən qaynar nöqtədəymiş”.

Düşmən generalını əli ilə boğub öldürmüş Cəbrayıl Dövlətzadənin məzarı önündəyəm. Gənc bir qız dayanıb məzar başında. “Kaş kişi olaydım, mən də  gedəydim” deyir. Ailəsindənsiniz? Sualıma “Burdakıların hamısı mənim ailəmdi”  cavabını verir.

 Qazi Gəncəliyev Tapdıq Maqsud oğlu dostunun məzarı önündə qəhərlənib: “Ən ağır günüm elə bu gündür. Orda başımın tacı olan igidlər yatıb. Unutmayaq, unutmamalıyıq. Yoxsa yeni qurbanlar olar”,- deyir, gözləri dolur.

Məzar başında dayanıb uzaqlara baxan Qazi Abdullayev Coşqunun da gözləri doludur. Kim bilir nələri xatırlayır?
“Fizuli, Xocavənd, Daşaltı istiqamətində döyüşlərdə 27 qardaşı şəhid verdim, 62 qardaşım yaralandı. Oktyabrın 25-i günü ömrümün ən ağrılı, ən unudulmaz günüdür. Bu gün qardaşlarıma salam verməyə gəldim”,- deyə pıçıldayır.

Bir qazi görürəm. Özü yeriyə bilmir, əsir. Qollarına bir qadın, bir kişi girib. İsayev Yaşar İnayət oğludur. Öz dediyinə görə, həm I, həm də II Qarabağ müharibələrində iştirak edib. Özü belə deyir:
“1992-ci ildə Xocalıda başladım döyüşlərə, Şuşada əsir düşdüm. İkinci müharibədə Şuşaya az qalmış minaya düşdüm. Yenə Allah Şuşa uğrunda döyüşməyi mənə nəsib eləmədi. Bircə şeyə təəssüflənirəm ki, bu 24 saatlıq müharibədə ola bilmədim, xəstəxanada əməliyyat olunurdum. İndi çıxıb, bir başa bura gəlmişəm”.

Növbəti müsahibim ehtiyatda olan I Qarabağ savaşının qəhrəmanı polkovnik Əzizağa Nəsibovdur. 12 general yetişdirib. Döyüşlərdə məsləhətçi kimi çıxış edib. Çox danışmır : “Son döyüşümüz dünyaya görk olmalıdır. Saata, dəqiqələrə baxın. 30 illik istehkamları 24 saatda yıxdıq. Bu qəhrəmanlıq dastanı deyil bəs nədir?”.

Şəhid Məmmədov Rahib Sabir oğlunun balaları dayanıb məzarı başında. Eşitdiklərimdən tüklərim ürpəşir.  Xanımı Gülzar xanım “Ölümünü 3 yaşlı qızım bir gün öncədən yuxuda görmüşdü. Yuxudan durub dedi ki, ana atamı yuxuda görmüşəm, bayraqlara bürünmüşdü” dedi. Eşidəndə qayınanamın ürəyi getdi. Dedi “balam şəhid olub”.
Çıxışda Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudovla qarşılaşıram. Yana-yana danışır:
“Erməni sözü bilirsiniz necə yaranıb? O qədər gəlib qonduqları torpağa “yer mənim, yer mənim” deyiblər ki, bizimkilər də onları “yermənim” deyə adlandırıblar, sonra  dildə dönüb olub erməni. Haylar Hayk kişinin uşaqları, bacı ilə qardaşının evlənməsindən  dünyaya yayılmış, zinadan doğulmuş vələdü-zinadılar. Mən dilimizdə çox səslənən o məşhur misranı dəyişmək istəyirəm. Torpaq uğrunda ölən varsa vətəndir yox, torpaq uğrunda öldürən varsa vətəndir”.


Bir qazimiz keçir yanımdan, yaxınlaşıram. Əli silah tutanda sıxılmayan bu igid kamera qarşısında utanır. Bağdəliyev Seymur Məmməd oğludur.
“Şəhid qardaşıalrımdan ayıbdır, özümə igid deyə bilmərəm, əsl qəhrəmanlar onlardır. Şəhid analarının, atalarının əllərindən öpürəm, haqlarını bizə halal eləsinlər”, deyir.

Xiyabandan çıxıram. Dönüşdə yanımca mülki geyimli, axsayan bir gənc addımlayır. Adını soruşdum, kəkələyərək cavab verdi. Adım İlkin Əliyevdir. 


Söhbətimizdən məlum olur ki, İlkin qazidir, 27 yaşı var, evlənib,  övlad yolu gözləyir. Bir qolu işləmir. Əlini açıb-yuma bilmir, çiyini də plastiklə bərpa edilib. Cəbhədə minaya düşüb, üstəlik də kontuziya alıb. Çətinliklə danışır.
- Bağışla məni, danışanda kəkələyirəm, bir azdan keçər. Əsəbiləşdim orda, ondan oldu. Kontuziya almışam.
- Nəyə əsəbiləşdin, İlkin?
- Gələndə polis israr etdi ki, məni yolun başına qədər polis maşını ilə gətirsinlər, orda şəhid anaları var idi, dedim onları aparın. Mən özüm gedərəm. Anaların bir gecəlik həyəcanını yüz il çalışsaq, ödəyə bilməyərik. Özümdən asılı deyil, keçər həyəcanım.
- İşləyirsən?
- DOST mərkəzində işləyəcəm, deyiblər. Hələlik fəhləlik edirəm.
- Bu halla nə iş görürsən?
- Palçıq qarışdırıram, nəsə daşıyıram. Bu ki, əlimdən gəlir. Evin kişisiyəm, bu gün sabah övladım olacaq. Mən işləməliyəm, nə qədər ki, canımda can var, ailəmi əziyyət çəkməyə qoymayacam. Bir qızım olsun istəyirəm, saçlarından öpəndə qayğımı unudum”.

Geri dönürəm. Bu dəfə şəhidlər xiyabanında nalə çəkən anaları, balaları görmədim. Bu dəfə şəhidlərin məzar daşları, o daşlardan baxan nur üzlü oğullar dağlara bənzəyirdilər, əmin, arxayın və vüqarlı. Bilirlər ki, uğrunda öldükləri bu vətənin şir ürəkli oğulları var olduqca basılmayacaq Azərbaycan.

O oğullar var. 

 


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11253
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar