Şəhid Ülvü Məmmədov
19 mart 2021 20:15 (UTC +04:00)

Şəhid Ülvü Məmmədov

"O, Qubanın qəhrəmanına çevrildi, bu onun haqqıdı" - REPORTAJ

“Bu gün Şuşa, Qarabağ erməni işğalından azaddırsa, bu, Ülvü kimi qəhrəmanların sayəsində gerçəkləşib. O, bizim idman jurnalistimiz Vüqar Məmmədovun oğludur. Vüqar Məmmədov ölkəmizdə tanınan idman jurnalistlərindəndir, bizim yeganə həmkarımızdır ki, övladı şəhid olub. Ülvü də şəhid olmaqla, ölkəmizin və Quba əhalisinin qəhrəmanına çevrildi. Həm də Azərbaycan idman jurnalistlərinin qəhrəmanına çevrilib. Biz idman jurnalistinin ailəsində doğulub böyümüş Ülvü kimi qəhrəmanı heç vaxt unutmayacağıq”.

 

Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev Ülvünün valideynlərinə, babası Ağamirzə Məmmədova səslənir:

 

“Ülvü tək sizin yox, hamımızın başını uca etdi və bizim qürur yerimiz oldu. Bu gün Quba gəncləri şəhidlərimizə qürur mənbəyi kimi baxır və onlarla fəxr edirlər. Biz də çalışacağıq ki, Ülvü Məmmədovun timsalında bütün şəhidlərimizi ailələrinə yaxın olaq, onların problemləri ilə məşğul olaq. Ülvü qəhrəmandır, nəinki Quba, Azərbaycanın qəhrəmanıdır”.

 

Kənd ağsaqqalı Hacı Bəndalı Mahmudəliyev isə çox həssas, həm də bütün kənd sakinlərinin ürəyincə olan məqama toxunur. O, kəndin üzərindən Alekseyevka adının götürülməsini, şəhid Ülvü Məmmədovun adının verilməsini xahiş edir:

“Əslində Alekseyevkanın adının dəyişdirilməsi üçün müxtəlif ünvanlara müraciət etməyimiz ilk dəfə deyil. 20 ildir kəndin adının dəyişdirilərək, yaşayış məntəqəmizə milli ad verilməsinə çalışırıq. Prezidentimiz bütün şəhidlərə qiymət verir. Qazilərimizə hörmət edirlər, onlar müalicə olunurlar. Allah onlara şəfa versin. Ülvü Məmmədovun da qisməti şəhidlik oldu. Adı bu kəndə verilməlidir ki, yaddan çıxmasın”.

 

Kəndin digər ağsaqqalı Qərib Qəribov isə deyir ki, bizim 27 illik torpaq həsrətimizə son qoyanlardan biri də Ülvü Məmmədov oldu.

“Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi. 3 minə yaxın şəhidimiz var. Onlardan biri də Ülvü Məmmədovdur. Kənd camaatı adından Prezidentimizə təşəkkür edirəm ki, şəhid və qazi ailələrini daim diqqət mərkəzində saxlayır, onlara böyük hörmət göstərir. Torpaqlarımız şəhidlərimizin qanı bahasına alınıb. Mən məsləhət görərdim ki, gələcək nəslə çatdırmaq üçün Alekseyevkanın adını dəyişdirib, Ülvükənd qoyulsun. Bununla gələcək nəsillərə də çatdırmaq olar ki, bizim torpaqlarımız uğrunda belə igidlərimiz şəhid olub”.

 

Şəhidin babası Ağamirzə Məmmədov isə bildirdi ki, Alekseyevka kəndinin adının dəyişdirilməsi və şəhidin adına verilməsi xahişi ilə müvafiq qurumlara müraciət edilib.

“Əlbəttə, dövlət nə məsləhət bilsə, edəcək. Amma bir vətəndaş kimi düşünürəm ki, Alekseyevin kim olduğu məlum deyil. O, tarixi şəxsiyyət deyil, hansısa fəaliyyəti yoxdur. Ülvü Məmmədov isə Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərdə fədakarcasına iştirak edib. Müəyyən qəhrəmanlıqlar göstərib ki, bunlar yazılıb və hamıya bəllidir. Son məqamda isə şəhidlik zirvəsinə yüksəlib”.

 

 

Kənd sakinlərinin dediyinə görə, əslində Alekseyevkanın adının dəyişdirilməsi üçün ayrı-ayrı vaxtlarda bir neçə dəfə Milli Məclisdə məsələ qaldırılaraq, müzakirələr aparılıb. Amma münasib bir adın olmaması səbəbindən, bu iş hər dəfə təxirə salınıb. Bu məqsədlə imza toplayan sakinlər yaşayış məntəqəsinə kəndin Vətən müharibəsindəki yeganə şəhidi Ülvü Məmmədovun adının verilməsini arzu edirlər. Onlar bu barədə müraciət də qəbul ediblər. Müraciət Milli Məclisə, rayonun deputatları Vahid Əhmədov və Anatoli Rafaelova da göndərilib.

 

*** 

 

Müsahibələrinin birində atası deyirdi:

Həmişə də qürrələnirdim ki, mənim ən yaxşı investisiyam övladlarımdır. Bəlkə də, həyatda yeganə fəxr elədiyim bu idi. Əmin idim ki, övladlarım böyüyəcək və özləri üçün də, mənim üçün də hər şey edəcək. Bu gün Ülvü şəhidliyi ilə mənim üçün hər şey etdi”.

Ülvü Azərbaycan üçün hər şeyi etdi. İnsan üçün ən qiymətli olandan, canından keçdi...

Allah Sənə rəhmət etsin, Ülvü!  

# 2679
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar