Tam səssizlik insan üçün adi vəziyyətdən daha çox nadir hal sayılır. Məhz buna görə də, hətta təhlükəsiz mühitdə belə, səssizlik bəzən narahatlıq və təşviş mənbəyi kimi qəbul olunur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqların fikrincə, bu reaksiyanın tam məntiqli səbəbləri var və beynin işləmə xüsusiyyətləri ilə birbaşa bağlıdır.
Gündəlik həyatda insanlar demək olar ki, həmişə fon səsləri ilə əhatə olunurlar, məişət texnikasının səsi, uzaqdan gələn nəqliyyat gurultusu, evin xışıltıları və digər səslər.
Mütəxəssislərin sözlərinə görə, bu cür səslər beyində sabitlik hissi yaradır və ətraf mühitin nəzarət altında olduğuna dair siqnal rolunu oynayır. Adət edilən səs fonu qəfil yox olduqda isə beyin bunu nizamın pozulması kimi qəbul edir və bu, narahatlıq reaksiyalarını işə sala bilər.
Ekspertlər izah edirlər ki, insan beyni daim ətrafdakı səsləri analiz edir və onlar arasında müəyyən qanunauyğunluqlar formalaşdırır. Səssizliyin qəfil yaranması potensial təhlükə kimi şərh oluna bilər. Bu mexanizmin təkamül kökləri var: təbiətdə, məsələn meşədə ani səssizlik çox vaxt yırtıcının yaxınlaşması və ya digər təhlükə mənbəyinin mövcudluğuna işarə edir.
Mütəxəssislər sedatofobiya səssizlik qorxusuna da xüsusi diqqət yetirirlər. Bu haldan əziyyət çəkən insanlar sükut şəraitində ürək döyüntüsünün sürətlənməsi, panik atak, nəfəs darlığı və ya ürəkbulanma kimi simptomlar yaşaya bilərlər. Gecə səssizliyi, elektrik enerjisinin kəsilməsi, söhbət zamanı uzun fasilələr və ya fon səsi olmadan yatmağa cəhd bu reaksiyaları tətikləyən əsas amillər sırasındadır.
Psixoloqlar bu cür halların artmasını son yüz ildə səs mühitinin kəskin dəyişməsi ilə əlaqələndirirlər. Müasir insan demək olar ki, daim səs-küy içində yaşayır və səssizlik artıq təbii vəziyyət kimi qəbul edilmir. Bəzi insanlar üçün sükut sakitlik deyil, qeyri-müəyyənlik və diskomfort hissi ilə assosiasiya olunur.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, səssizlik özü-özlüyündə təhlükəli deyil. Əksinə, o, stressin azalmasına, diqqətin yaxşılaşmasına və psixoloji tarazlığın bərpasına kömək edə bilər. Əgər səssizlik güclü narahatlıq yaradır və gündəlik həyata mane olursa, psixoloqlara və ya koqnitiv-davranış terapiyası üzrə mütəxəssislərə müraciət etmək tövsiyə olunur.