Gec evlənmək istəyən, həyatını karyeraya həsr edən qadınların daha erkən yaşlarda yumurta hüceyrələrinin dondurulması və gələcəkdə ana olmaq istəyərkən onlardan istifadə etmələri məsələsi gündəmdədir. Bir sıra tanınmış blogerlər də bu proseduru icra etdiklərini bildirirlər.
Bəs görəsən, Azərbaycanda yumurtaların saxlanılması, daha sonra isə onlardan istifadə qanunidirmi? Bununla bağlı rəsmi icazə varmı?
Səhiyyə Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda Azərbaycanda follikul (yumurta hüceyrəsi) donorluğunu tənzimləyən xüsusi qanunvericilik mövcud deyil:

“Ölkədə orqan və toxumaların transplantasiyası ilə bağlı ümumi hüquqi çərçivə olsa da, bu normativ sənədlərdə follikul donorluğuna dair konkret müddəalar əksini tapmayıb.
Bu proses hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdə olduğundan, belə hallarla qarşılaşan şəxslərin mütləq şəkildə hüquqi məsləhət alması tövsiyə olunur”.
Cavabdan da aydın olur ki, prosedur ölkəmizdə hüquqi qaydada təsdiqini tapmayıb. Bəs görəsən, Azərbaycanda olmasa belə, başqa ölkələrdə yumurta hüceyrələrini dondurub saxlamağın qadınlar üçün hansı faydası var? Bu proseduru icra edib faydasını görənlər olurmu?O, necə icra olunur? Yumurta hüceyrələrini neçə il saxlamaq mümkündür?
Reproduktoloq İsarə Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, yumurtalıq rezervinə qadının yaşı, keçirdiyi xəstəliklər, dərman müalicələri, genotipik xüsusiyyətlər təsir edir:

“Ana olmaq şansını, müalicənin effektivliyini proqnozlaşdırmaq üçün yumurtalıq rezervi, yəni ehtiyatı çox önəmlidir. Yumurtalıq rezervini ultrasəs və hormonal müayinə ilə dəyərləndirmək mümkündür. Yumurtalıq rezervinə qadının yaşı, keçirdiyi xəstəliklər, dərman müalicələri, genotipik xüsusiyyətlər təsir edə bilir.
1986-cı ildən başlayaraq kliniki praktikada dondurulnuş yumurtahüceyrələrdən istifadə etməklə süni mayalanmaya başlanıb.
Yumurtahüceyrələrin dondurulması ilkin olaraq xərçəng xəstələri üçün kimyaterapiya, radiasiya terapiyası və ya onkoloji əməliyyatdan əvvəl tövsiyə edilirdi. 2012-ci ildə Avropa İnsan Reproduktologiya və Embriologiya Cəmiyyəti tövsiyələrini dərc etdikdən sonra göstərişlər genişləndi və 2018-ci ildən başlayaraq isə digər xəstə qrupları üçün də istifadə olunmağa başladı.
Yumurtahüceyrələrin dondurulması - qadının yumurtahüceyrələrinin toplanması, -196°C soyuqda dondurulması və daha sonra hamiləlik əldə etmək üçün süni mayalanma prosedurunda istifadə üçün saxlanması prosesidir. Müalicə proseduru bir neçə mərhələni əhatə edir. Yumurtalıqların hormonal dərmanlarla stimulyasiyası follikulların böyüməsini izləmək üçün ultrasəs nəzarəti altında 7-12 gün ərzində həyata keçirilir. Daha sonra yüngül anesteziya altında follikul punksiyası və yumurtanın toplanması həyata keçirilir. Cinsi əlaqəsi olmayan xəstələrdə seçilmiş hallarda qarının ön divarından transabdominal iynə ilə punksiya edilərək yumurtahüceyrələr toplanır.
Digər vacib qrup uyğun bir partnyorun və ya qadınların karyera qurmaq kimi sosial səbəblərə görə ana olmağı təxirə salan qadınlardan ibarətdir. Onlar üçün yumurtanın dondurulması onların reproduktiv potensialını qorumaq üçün bir üsuldur, çünki yumurta hüceyrələrin sayı və keyfiyyəti yaşla azalır. Proseduru icra etmək 35 yaşından əvvəl optimal hesab olunur, çünki bu yaş aralığı daha çox sayda yüksək keyfiyyətli yumurtahüceyrənin əldə olunmasına imkan verir. 38 yaşdan sonra metodun effektivliyi aşağı düşür”.
Mütəxəssis-ginekoloq qeyd edib ki, əksər Avropa ölkələrində yumurta saxlama müddəti 5-10 il arası və ya xəstənin təxminən 45 yaşına kimi, bəzi ölkələrdə, o cümlədən Böyük Britaniyada 55 yaşa qədərdir:
“Hamiləlik ehtimalı dondurulmuş yumurtaların miqdarından və keyfiyyətindən asılıdır. Erkən yumurtalıq funksiyası çatışmazlığı olan xəstələr də yumurtadondurma ilə əlaqədar müraciət edə bilər. Bunlara genetik meylli, endokrin, otoimmün və metabolik xəstəlikləri olan qadınlar, həmçinin yumurtahüceyrəni zədələyən toksik dərman müalicəsi almış pasiyentlər də daxildir. Həmin qadınlarda tez-tez menstruasiya pozuntuları, o cümlədən menstruasiya olmaması və 40 yaşından əvvəl yumurtalıq ehtiyatının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Buna görə də, risk qrupuna daxil olan bu xəstələr üçün yumurtalıqların ehtiyatının və reproduktiv funksiyanın vaxtında qiymətləndirilməsi tövsiyə olunur”.