NAZİRLƏR ƏLÇATANDIRMI?   – Deputat HƏ , jurnalist YOX  deyir
28 iyul 2022 19:37 (UTC +04:00)

NAZİRLƏR ƏLÇATANDIRMI? – Deputat , jurnalist YOX deyir

Zaman-zaman vətəndaşların, xüsusi ilə də jurnalistlərin nazirlərlə əlaqə yarada bilməməsi müzakirələrə səbəb olub. Bəzən vətəndaşlar problemini nazirliklərin əlaqələndirici şəxslərinə çatdırsalar da, həll yolu tapa bilmirlər. Həll etmək üçün nazirlərə üz tutsalar da, əliboş geri qayıdırlar. 

Bu məsələ nazirlərin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə bağlı səsləndirilən fikirlər sırasında birinci gəlir.

Qeyd edək ki, bir çox deputatlar parlament iclaslarında telefonla belə nazirlərin qəbuluna düşə bilməmələri haqda dəfələrlə mətbuata gileyli açıqlamalar veriblər. Deputatların belə görə bilmədiyi nazirləri vətəndaşların görməsi isə müşkül məsələdir. 

Bununla yanaşı, nəyinki nazirlər, hətta nazirlərin sözçüsü olan mətbuat katiblərinə belə bəzən düşmək mümkün olmur. Telefona cavab versələr də, sorğunu cavablandırmağa “can çəkirlər”. 

Maraqlıdır, nazirlərin vətəndaşdan “qaçmasının” səbəbi nədir?

Mövzu ilə bağlı Lent.az-a danışan “Şərq” qəzetinin redaktoru Yusif Nəzərli hesab edir ki, öncə nazirliklərin əlaqədar strukturları əhali ilə sıx təmasda olmalıdır:

“Məsələ burasındadır ki, Azərbaycanda yaşayan 10 milyon əhalinin yarısından soruşsanız ki, nazirlərə əl çatanlıq nə qədərdir, böyük əksəriyyət mənfi cavab verəcək. Vətəndaşlar bir yana, heç deputatlarımız sözlərini, seçicilərinin dərdlərini nazirlərə çatdıra bilmirlər. Bunu parlamentin hər iclaslarında, az qala, hər gün millət vəkillərinin dillərindən eşidirik. 

Bir tərəfdən də nazirlər bu qədər vətəndaşın problemlərini dinləmək zorunda da deyil. Nazirliklərin əlaqədar strukturları əhali ilə sıx təmasda olmalıdır, problemləri dinləməlidir. Təəssüf ki, onlar da işlərini, vəzifələrini düzgün görmürlər”. 

Y.Nəzərli heç yaxın 5 ildə də bu problemin həll olunmasına inanmır:

“Amma bütün hallarda Avropada, qardaş Türkiyədə olduğu kimi bələdiyyə sistemi normal işləməlidir. İnsanlar problemlərini bələdiyyələr vasitəsi ilə həllinə çalışmalıdırlar. Nə yazıq ki, bizdə heç yaxın 5 ildə də belə bir sistemin formalaşmasını, çox təəssüf ki, görməyəcəyik. Yəni deputatı qulaqardına vuran nazirliklərin qapılarını vətəndaşların üzünə açıq saxlaması yuxu kimi bir şeydir. 

O ki, qaldı nazirlərin, nazirliklərin mediaya açıq, əl çatan olması, bu da illərdir belə davam edir. Bəzi nazirliklərin, komitələrin mətbuat xidmətləri istisna olunmaqla demək olar ki, əksəriyyəti jurnalistlərin sorğularını belə cavablandırmaq həvəsində deyillər. Halbuki, hər nazirlik heç olmasa ayda bir dəfə mətbuat konfransı düzənləyib, həm hesabat verə bilər, həm də jurnalistlərin suallarını cavablandıra bilər. Biz bunların heç birini görə bilmirik. Bu məsələ jurnalistikamızın ən yaralı yeridir, sağalana da oxşamır”.

Məsələyə münasibət bildirən Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev tək nazirlərin yox, onların əlaqələndiricilərini belə əlçatan hesab etmir:

“Nəyinki nazir, kiçik və böyük dövlət qurumlarının əməkdaşları belə əlçatan deyil. Mənim üçün əlçatandır. Çünki mən dövlət telefonundan zəng edirəm. Amma mən başqa telefonla zəng etsəm, danışa bilmərəm. 

Mən həmişə demişəm ki, sıravi bir vətəndaş hər hansı problemini həll etmək üçün nazirlə bir-başa danışa bilmir. Mən danışa bildiyim üçün mənə müraciət edən onlarla insanın şikayətini həll edə bilmişəm. Elə problem var ki, bir sözlə həll oluna bilir. Amma vətəndaş buna görə illərlə sürünür. Əlçatanlıq olmadığı üçün sözünü deyə bilmir. 

Mən hesab edirəm ki, xalqımızın yaxşı yaşaması, problemlərin aradan qalxması üçün nazirlərimiz əlçatan olmalıdır”. 

Deputat zaman keçsə də, nazirlərin vətəndaşlar üçün tam əlçatan olmasına inanmır:

“Cənab prezidentin tapşırığı ilə nazirlər və onların müavinləri, dövlət orqanlarının rəhbərləri rayonlara gedib insanları qəbul edir. 50 nəfər gəlibsə, 45-nin problemi həll olunur. Bir sual ortaya çıxır: Bu indiyə qədər niyə həll olunmurdu?

Avropa ilə müqayisə etsək, orda nazirlər velosipedlə işə gedirlər. İnsanlar, cəmiyyət arasında olurlar. Amma bir məsələ var ki, o, velosipedlə gedir deyə insanlar onun üstünə gedib sual vermir. Heç kim onu narahat etməyi özünə sığışdırmır. 

Əslində, bizdə də bu məsələlər düzələcək, zaman lazımdır. Sadəcə, tez həll olunması daha yaxşıdır. Çox təəssüf edirəm ki, dövlət orqanlarının birinci və ikinci şəxslərinə, onların sözçülərinə çıxmaq sadə vətəndaş üçün mümkün deyil”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570
avatar

Fidan İlqar

Oxşar yazılar