Namus qurşaqdan aşağıdaymış, bəs ağıl?
21 iyul 2022 15:32 (UTC +04:00)

Namus qurşaqdan aşağıdaymış, bəs ağıl?

Yenə gəldi yay ayları, “şortik”, “xalxın anası-baysı var” müzakirələrinə start verildi.

Düşüncələri 17-ci əsrdə ilişib qalmış, başının içində beyin əvəzinə peyin daşıyan fərdləri quş boyda  ağılları ilə bütün cəmiyyətə ağıl verməyə qalxacaqlar, olardan-olmazdan, mentalitetdən dəm vura-vura moizələr oxuyacaqlar, kişilik söhbəti edəcəklər. Məlum olacaq ki, namus deyilən şey elə təkcə qadınların bədənindəymiş. Qurşaqdan aşağı yerləşirmiş, bir zalım da ağlın harda olduğunu sorğuya çəkməyəcək. Kişilikdən  dəm vuran “başbilənlərin” içində zəif kişi kimi görünməmək üçün çox kişilər də bu söhbətlərə etiraz edə bilməyəcəklər.


Hovuzdan qadınların şəklini çəkərək təhqir edən  “namuslu oğlan” nə ilkdir, nə də son. Elə dünən dayanacaqda vurulmuş elanı görəndə bu yazı ağlıma gəlmişdi: “Hörmətli kişilər, xanımlarınızı açıq-saçıq geyinməyə qoymayın, imkan verməyin yad kişilərin duyğuları ilə oynasınlar, nəfsimizi oxşasınlar”.

Bu gün dayancaqda dirəyə elan vurub təbliğ edir, sabah Allah bilir haralarda belə çağırışlar edəcək. Öz nəfsini idarə edə bilməyənlər gözlərini yummaq  əvəzinə, qarşısındakının bürünməyini tələb edirlər. Adətdəndir axı, quşu yeyən  acgöz pişiyi yox, quşu qəfəsə salar insan oğlu.

2022-ci ildəyik, əcnəbi kainatın bu ucundan o ucuna qısa yollar açacaq soxulcan dəliyini ram etməyin arayışındadır, süni intellekt yaradır, bədənə baş transfer edir, bizim təbii intellektdən, yəni Allahın verdiyi ağılla nəsiblənə bilməyənlərimiz ətraflarındakı dünyanı özlərinin barama qurdu boyda dünyalarının içinə pərçim eləməyə çalışırlar. Əllərində namusu, dini, halalı, haramı bayraq edə-edə. Nə qədər ki, belələri var, çürük mentalitet məhdudiyyətləri var, cəmiyyətin müzakirələri də elə  “şortik”dən, mini ətəkdən, "ana-bajı var" söhbətlərindən o yana gedə bilməyəcək. 

# 4440
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar