Müharibədə ABŞ DƏHŞƏTİ  – Azyaşlı qızın birini zorlayıb, o birini...
08 dekabr 2023 20:15 (UTC +04:00)

Müharibədə ABŞ DƏHŞƏTİ – Azyaşlı qızın birini zorlayıb, o birini...

13 yaşlı qızı ABŞ əsgərləri zorlayana qədər o, İraqda ailəsi ilə birlikdə çox xoşbəxt yaşayırdı. Bu yazıda onun tükürpərdən faciəsi barədə danışacağıq. Sözgedən faciə dünya tarixində bir ilkə, ABŞ əsgərlərinin vəhşiliklərinin rəsmən təsdiqlənməsinə səbəb oldu.

İndi isə onu da deyək ki, qərbin yaranmasında iştirak etdiyi bir çox təşkilatların vəhşiliyi davam edir. HAMAS yaraqlılarının bu il oktyabrın 7-də İsrailə hücumu zamanı onlarla qadına qarşı cinsi təcavüz etdiyi qeydlərə keçdi.

Müharibə dəhşətlərinin içərisində mənim üçün ən dəhşətlisi qadınların zorlanmasıdır. Bunu bir qadın olduğum üçün söyləmirəm təbii ki... Düşmən tərəfindən qadını zorlanan bir millətin belini düzəltməsi asan olmur. Bu travma ilə yaşayan kişilər, oğullar da intiqam hissi ilə alışıb-yanır. Əllərinə fürsət düşərsə qisaslarını çox ağır alırlar.

Bir sözlə, müharibə bir günün içərisində başlayır, amma bir ömür bütün acıları ilə davam edir. Bu acıların sızıltısını sümüklərində belə hiss edirsən. I Qarabağ müharibəsindən bu acılar bizə çox tanışdır (bu barədə bir qədər sonra).

“Müharibə dəhşətləri” adlı yeni rubrikamızda sizinlə yaddan çıxmaz insan taleləri barədə söhbət edəcəyik.

I YAZI

Lent.az-ın bu yazısında üzdə müharibə əleyhdarları kimi görsənib, əslində bütün rəzalətlərə səbəb olan qərbin savaş siyasətinə, daha doğrusu onların bu sahədəki kirli oyunlarına toxunmaq niyyətindəyik.

Ən sadə suallardan biri: yazımızda barəsində danışacağımız 13 yaşlı Abeer niyə zorlandı? Onun, ailəsinin, mənsub olduğu xalqın əsrlərlə unuda bilməyəcəyi bu travmalara görə, ABŞ-da müharibə qərarları verənlər hansı məsuliyyətə cəlb edildi? Yüzlərlə, minlərlə olan dəhşətlərin içərisində elə təkcə bu iyrənc hadisə bütünlükdə bəşəriyyətin utancı deyilmi?

Düz 20 il əvvəl 2003-cü il martın 20-də səhər tezdən ABŞ ordusu Bağdada qanadlı raket zərbələri endirdi. Xüsusi olaraq həmin bölgə üçün önəmli olan Novruz Bayramı seçildi. Bircə saatdan da az müddətdə isə onlar Böyük Britaniya, Avstraliya və Polşanın quru qoşunları ilə İraqı işğal etdilər. Elə həmin gündən o coğrafiyanın indiyə kimi bitib-tükənməyən bəlası başladı. İmza müəllifi, humanizm və demokratiya ilə bağlı dünyaya dərs keçməyə iddialı olan ABŞ.

ABŞ-ın bu müharibəni başlamaq üçün əsas gətirdiyi məsələnin yalan çıxdığını bilirdinizmi?

İllər sonra məlum oldu ki, ABŞ müttəfiqləri ilə birlikdə hamını aldadıb. Amerika hərbi əməliyyatların başlanmasının rəsmi səbəbi kimi İraqda kütləvi qırğın silahlarının olmasını göstərmişdi. Onunla birlikdə əməliyyata qoşulan ölkələri də elə bu cür inandırmışdı. Lakin İraqda heç vaxt kütləvi qırğın silahları tapılmadı. Bu savaş bütün insanlıq üçün bir fəlakət hesab edildiyindən qələbə də ABŞ-ın adına yazıla bilmədi. Amerika xalqının böyük hissəsi bu müharibəni səhv hesab edir.

Əslində Amerika hakimiyyəti ilə İraq hökuməti arasında ziddiyyətlər 1990-cı illərdən başladı. 2000-ci ildə Corc Buş prezident seçildikdən sonra ABŞ güc tətbiqinə meyl etdi. O, bütün dünyanı inandırmağa başladı ki, İraq hökuməti terrorizmin himayəçisidir və kütləvi qırğın silahları istehsal edir. Təbii ki, Səddam Hüseyn iqtidarının bağışlanmaz səhvləri də var idi. Amma o səhvlərin cavabı bütün İraqı məhv edib, xalqını işgəncədən keçirmək ola bilməzdi.

"Hətta Gestapodan olan nasistlər də bunu etməmişdi!"

Bəzən daha böyük mənzərəni görmək, o dəhşətləri təsəvvürümüzdə canlandırmaq üçün ən xırda detallardakı məqamlara baxmalıyıq. Qanayan yaraya çox həssaslıqla toxunub orada yaşananları duymaq, içində yaşamaq mümkündür.

ABŞ əsgərlərinin həbsdə və əsirlikdə olan iraqlı qızlarla etdikləri sözün əsl mənasında insanın qanını dondurur. İnanmaq istəmirsən ki, bu dünyada səninlə birlikdə belə varlıqlar da yaşayır.

Sözdə özlərinə sülhməramlı deyən, olduqları coğrafiyaya hüzur aparmalı olan bu hərbçilər əslində nə edir? 13 yaşlı iraqlı qıza cinsi təcavüz edir, hətta bundan sonra onlar qızın bütün ailəsini qətlə yetirib, cinayətlərinin izini ört-basdır edərək evi yandırıblar. Həmin zaman o qədər rahat görsənirdilər ki... Onlar bunun üçün cəza almayacaqlarına tam əmin idilər. Bu rahatlığın arxasında isə başqa kirli oyunlar dayanırdı. ABŞ əsgərləri bu hadisəni yerli sünni üsyançıların boynuna atıb məsuliyyətdən yayınmağa çalışırlar. Lakin ilahi ədalət bu dəhşətli cinayəti gizlətməyə imkan vermir. ABŞ əsgərlərinin əleyhinə danışmaqdan çəkinməyən şahidlər tapılır.

Yazımızın qəhrəmanı 13 yaşlı Abeer Qasim Hamza al-Janabi ailəsi ilə ucqar kiçik bir kənddə, Amerika keçid məntəqəsinin olduğu yolun yaxınlığındakı evdə yaşayırdı. Qonşular və qızın qardaşı (ailənin sağ qalan üzvü) deyir ki, Abeeri görən əsgərlər əvvəllər də müxtəlif bəhanələrlə onlara bir neçə dəfə baş çəkiblər. Həmin zaman bu iyrənc məxluqlar yeniyetmə qıza nalayiq eyhamlar da vurublar. Qız təhlükəni hiss edir və atasından xahiş edir ki, onu oradan uzaqlaşdırıb başqa yerə göndərsin. Ata isə qızını bu qorxulardan uzaq tutmağa çalışır və deyir ki, heç kim bu cür azyaşlı qıza nəsə etməyə cəsarət etməz. Lakin bu böyük səhv idi...

13 yaşlı Abeer Qasim Hamza al-Janabi

Əsgərlərin vəhşəti dünya mediasına düşdü. Bütün gündəm bununla çalxalanırdı. 2006-cı ildə Birləşmiş Ştatlar o qədər səs-küyə səbəb olan bu hadisəni ört-basdır edə bilməyəcəklərini anladılar. Beləliklə, məhkəməyə başlamaq məcburiyyətində qaldılar. 12 mart 2006-cı ildə 1-ci batalyon, 502-ci alay, 101-ci hava-desant diviziyasının beş Amerika əsgəri sünni üsyançıların boynuna atmağa çalışdıqları qorxunc olaya görə cavab verirdilər.

Həmin məhkəmədə müttəhimlərdən birinin vəkilinin dediyi söz isə bütün ictimaiyyəti sirkələdi. O açıqca dedi ki, ABŞ ordusunun iraqlı qadınlara qarşı zorakılığı ilə bağlı bu hadisə nə ilk, nə də sonuncudur: “Sadəcə əvvəllər əsgərlər yetkinlik yaşına çatan qadınları zorlayırdı. Və bu hadisələr ictimaiyyətə açıqlanmırdı. İndi isə ona görə rezonans oldu ki, əsgərlər yeniyetmə qıza təcavüz edib”.

Əsgərlər görürmüş ki, iraqlı qadınları zorlayan hərbçi yoldaşlarından heç biri cəza almır. Beləliklə, cəzasızlıq zəminində yeni cinayətlər törətmək onlar üçün çətin olmayıb. O qədər azğınlaşıblar ki, azyaşlının zorlayıb sonra da bütün ailəsini öldürüblər. O cümlədən həmin ailənin 5 yaşlı kiçik qızı da var idi. Sonra da izi itirmək üçün evi atəşə verdilər. Şahidlərin məhkəmədə danışdıqları bütün dünya ictimaiyyətini şoka salır. Ətrafda yaşayan insanların bu dəhşətli mənzərəni unutması mümkün deyildi.

Bu məsələ o zaman ortaya çıxıb ki, ABŞ-ın nəzarətində olan İraq hakimiyyəti artıq buna dözə bilməyib və bəyanat verib. Bəyanatda deyilir:

“İraqlılar amerikalılardan çoxlu cinayətlərə məruz qalıb və susdular, lakin buna dözə bilmirlər”.

Beləliklə, 2009-cu ildə cinayətkarlar: Çavuş Pol E. Kortez, Mütəxəssis Ceyms P. Barker, birinci dərəcəli əsgərlər: Cessi V. Şpilman və Stiven D. Qrin ömürlük həbs cəzası aldılar (ikisi 10 ildən sonra şərti azadlığa buraxılmaqla). Gözətçi dayanan sıravi Brayan L.Hovard 2 il 3 ay həbs cəzası aldı. Cinayətdə iştirak etməyən, lakin bunu bilən və xəbər verməyən serjant Entoni İ.Eribe rütbəsi birinci dərəcəli şəxsi rütbəyə endirilərək ABŞ ordusundan tərxis edilib və ömürlük hər hansı hüquq-mühafizə orqanında xidmət etmək qadağan edilib.

Rejissor Brayan De Palma Redacted filmini çəkir. O, İraq müharibəsindən bəhs edən filmdəki süjetdə bu hadisədən istifadə edir. 2007-ci ilin noyabrında Amerikanın 15 kinoteatrında bu filmin məhdud nümayişi baş tutdu, bundan sonra yuxarıdan gələn əmrlə onun sonrakı yayımı qadağan edildi.

Bu da Qərb demokratiyasına daha bir nümunə...

 

# 12984
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar