"Mehnur"un rəhbərliyi barəsindəki məhkəmə qərarı ilə bağlı QALMAQAL
06 sentyabr 2022 11:53 (UTC +04:00)

"Mehnur"un rəhbərliyi barəsindəki məhkəmə qərarı ilə bağlı QALMAQAL

“Mehnur” loqopedik mərkəzində azyaşlılara işgəncə verənlər barəsində ev dustaqlığı həbs-qətimkan tədbiri seçilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Belə ki, əksəriyyət onların istintaq müddətində həbsxanada deyil evdə saxlanılmasını doğru hesab etməyib.

Bəs görək, qanunvericiliyə əsasən, hansı hallarda cinayət törədənlər istintaq dövründə ev dustaqlığında qala bilər?

Lent.az-ın sualına “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev cavab verib. Onun sözlərinə görə, qətimkan tədbirinin bir çox növü var. Bunlara həbs, ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma daxildir:

“Cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq həbs-qətimkan tədbirinin seçilməsinə zəmin yaradır. Eyni zamanda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq, məhkəmə hökmünün icra edilməsinə maneə törətmək kimi səbəblər də ola bilər. Əgər bu kimi hallar olmasa məhkəmə ev dustaqlığı qətimkan tədbiri seçir. Görünən odur ki, sözügedən loqopedik mərkəzdəki xoşagəlməz halla əlaqədar saxlanılanlar da məhz bu səbəblə ev dustaqlığına buraxılıblar”.

Qeyd edək ki, bir neçə gün əvvəl Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb. Faktla əlaqədar saxlanılan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın vəsatətinə baxılıb.

Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən proseslərdə vəsatət təmin edilib və hər üç şəxs barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib və onlar vəzifədən kənarlaşdırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4557
avatar

Mehman Nəbiyev

Oxşar yazılar