Demək olar ki, hər il Bakı şəhər Dövlət Yol Polisi İdarəsi olaraq, hərəkət iştirakçılarının avtomobil yollarına, küçələrə məişət tullantıları atmasına dair müraciətlər ünvanlayırıq. Lakin vəziyyətin ürək açan olmadığını, əksinə daha da pisləşdiyinin şahidi oluruq! Təəssüf ki, küçələrdə rastlaşdığımız həmin xoşagəlməz mənzərə fərd olaraq tək bir insanı yox, düşünən hər bir kəsi narahat edir.
Paytaxtın əsas küçə və prospektlərində, eləcə də yol kənarlarında atılan zibillər həm şəhərin görünüşünü pozur, həm antisanitar vəziyyət yaradır, həm də Mənzil Kommunal Təsərrüfatı Departamentinin əməkdaşlarının işini birə beş artırır. Xüsusən də, bu soyuq və küləkli havalarda düşünün ki, onlar hansı əziyyəti çəkir?!
Müasir dövrdə digər ölkələrdə olduğu kimi bizdə də zibil qutuları məişət tullantılarının növlərinə müvafiq olaraq çeşidlənir. Lakin təəssüf ki, bəzi insanlar bu qaydalara riayət etmədiyi üçün küçələrin əvəzinə zibil konteynerləri təmiz qalır…
Qanunda avtomobil hərəkətdə olarkən sürücü və ya sərnişinlərin nəqliyyat vasitəsindən yola məişət tullantıları (su şüşələri, müxtəlif növ qablaşdırılmış qida qalıqları və s.) atması ilə bağlı müvafiq cərimələr nəzərdə tutub.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu faktlarla bağlı qanunvericiliyin normaları çərçivəsində tərəfimizdən mübarizə aparılır:
“Aidiyyəti üzrə tərəfimizdən bu kimi hallara yol verən hərəkət iştirakçılarına İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) ilə həmin şəxslərə 40 manat məbləğində cərimə tətbiq edilir. Lakin təəssüf ki, cərimələrə baxmayaraq, bu gün də bənzər hərəkətə yol verənlər az deyil. Çünki bu cür məsələlər cərimə ilə yox mədəni düşüncə tərzi ilə həll olunur!
İstər polis kimi, istərsə də vətəndaş kimi bu məsələ bizi ciddi narahat edir. Hesab edirik ki, narahatçılığımıza münasibət hələ də adekvat deyil. Bu əməli edənlərdən xahiş edirik bir gün küçələrdən məişət tullantıları təmizləyənlərdən birinin yanında dayansınlar. Onun əziyyətini müşahidə edib öz məsuliyyətsizliklərinə qiymət versinlər. Bu insanlar bizə hər gün yol kənarlarından məişət tullantıları toplamaqdan yorulduqlarını bildirirlər. Avtomobillərdən küçəyə zibil atanda nə olur? Bu hərəkətə yol verən insanlar nə düşünür? Çalışmalıyıq ki, cəmiyyət olaraq həm qaydalara riayət edək, həm də insan kimi mənəvi keyfiyyətlərimizi qorumaqla cəmiyyətdə bir-birimizin üzərinə düşən məsuliyyəti daha da ağırlaşdırmayaq.
2022-ci il artıq bitmək üzrədir. Arzu edək, bu pis vərdişi dəyişməyə çalışaq. Gələn il bu mövzuda danışmağa və ya hər hansısa bir müraciətə əsas qalmasın!".