Kürdə batan Məryəm Hüseynli və Hüseyn Hüseynlinin qəbiri
16 aprel 2021 15:00 (UTC +04:00)

Kürdə batan Məryəm Hüseynli və Hüseyn Hüseynlinin qəbiri

Kürün udduğu nişanlı qız, lilə batmış Hüseyn, zindandakı ataya bəd xəbər - Lent.az o bacı-qardaşdan yazır...

“6 ay sonra ilk dəfə üzü gülürdü onun. Sevincli idi. Xoşbəxtlikdən üzündə güllər açmışdı elə bil. Yazıq bacım... Qonşu kənddən, Kürün o tayında evinin ilkinə, Məryəmə nişan gəlmişdi. Necə xoşbəxt idi. Sevdiyi ilə nişanlanmışdı axı...

Amma...

Amma çox yox, cəmi 8 gün sonra elə həmin Kür götürüb gedir Məryəmi. Özü də tək onu yox. Hüseynovlar ailəsinin son beşiyini, Hüseyni də...

Sabirabadın ucqar kəndidir Cəngan. Ucqardan da ucqar. Təsəvvür edin, rayon mərkəzindən düz 80 kilometr aralıda. Bir-birindən aralı, yöndəmsiz, komanı xatırladan evlər... Kəndin o başında bayquş ulasa, bu başına çatacaq qədər sakit kənd. Bu sakitlik tük ürpədir.

Onların evidi. Məryəm və Hüseynin doğulub böyüdüyü ev. Ev demək olar Kürün elə sahilində yerləşir.

Kürdə batan Məryəm Hüseynli və Hüseyn Hüseynlinin böyüdüyü ev

Evə baxanda, qohumdan, qonşudan, lap elə tamam kənar birisindən bu ailənin vəziyyəti, dolanışığıyla bağlı nəyisə soruşmağa ehtiyac qalmır. Bu uçuq-sökük divarların, köhnəlmiş əşyaların dili olmasa belə hər şeyi danışır. Hə, cəmi bir həftə qabaq balaca Hüseyn bu evdə o baş bu başa qaçır, qazan qapağını əlinə alıb maşın tək sürürdü. O uşağın hardan ağlına gələrdi ki, bir həftə sonra o qapaq elə onun və bacısının ehsan qazanının qapağı olacaq.

Kürdə batan Məryəm Hüseynli və Hüseyn Hüseynlinin böyüdüyü ev

“Nadinc idi, rəhmətlik...” deyir, dayıları Qəzənfər kişi.

“Rəhmətlik də deyirəm, yazıq balama. Onun indi ölən vaxtı deyildi, ay qızım. Vallah deyildi”.

Qəzənfər kişi hadisə baş verən gündən tez-tez bacısının evinə gəlir, onun dərdinə ortaq olur. Anaları Təranə xanımla danışa bilmirik. Balaları ilə birlikdə iki gözünün nurunu da itirib ana. Bir yandan da infarkt yaxalayıb onu. Danışa bilmir. Nə danışsın? Səsinin ahəngini də alıb aparıblar sanki.

Söhbətimizi elə Qəzənfər dayı ilə davam etdiririk.

- İntihar deyil. Məryəm o qədər imanlı uşaq idi ki, intihar etməzdi. Mənim uşaqlarımla birlikdə böyüyüb. Elə öz uşağım kimi idi. Yanıb tökülürük. Bu nə idi başımıza gəldi?! Belə hadisə heç yüz ildə bir görünməmişdi. Hüseyn ehtiyatsızlıqdan suya düşüb. Rəhmətlik çox nadinc idi. Məryəm də onu xilas etmək istəyib. Suya atılıb, amma hər ikisi də batıb. Bu uşaqlar heç vaxt çölə çıxmazdılar. Kür çayı da evlərindən yüzcə metr aralıda yerləşir.

Kürdə batan Məryəm Hüseynli və Hüseyn Hüseynlinin böyüdüyü ev

Uşaqların atası Şahin Hüseynov törətdiyi cinayətə görə, ötən ilin sentyabrında həbs olunur. 

Uşaqların əmisi Bəhlul Hüseynovun  dediklərindən:

"Qardaşım həbsə düşəndən bəri onun ailəsi mənim himayəmdə idi. Onun uşaqlarını öz uşaqlarımdan ayırmamışam. Qardaşımın yoldaşını da işləməyə qoymamışam. Həmin gün mən qardaşımın məhkəməsinə getmişdim. Bir də eşitdik ki, uşaqlar kürdə boğulub. Necə olaram? Sanki öz balalarımı itirmişəm”.

 

Kürdə batan Məryəm Hüseynli və Hüseyn Hüseynlinin böyüdüyü ev

Müəllimlərindən biri danışır Məryəmdən.

- Çox tərbiyəli, istiqanlı qız idi. Dərslərə ara verməzdi. Elə o biri qardaşı və bacıları da. Bir gün də olsa dərsi buraxmazdılar. Məryəm təzə nişanlanmışdı. Oğlan Kürün o tayında yaşayır. Qohum deyillər. Sadəcə bir-birini bəyənmişdilər. Mənə telefonda Məryəmin nişan şəkillərini göstərdilər. Necə xoşbəxt görünürdü. Elə nişanlısı Anar da. Bir-birinə elə yaraşırdılar ki...

*

 

Kürdə batan Məryəm Hüseynli və Hüseyn Hüseynlinin böyüdüyü ev

Ayın 9-u qara buludlar alır Hüseynli ailəsinin başını. Atası onlardan uzaqda olsa da ürəyində bir narahatlıq, çırpıntı olur. Amma çarə yoxdur. Səsi çatmır, ünü yetmir.

- Ayın biri nişan olmuşdu. Anası o qədər sevinmişdi ki. Yazıq bacım. 6 ay sonra ilk dəfə üzü gülürdü bacımın. Onu heç belə görməmişdim. Sevincli idi. Xoşbəxtlikdən üzündə güllər açmışdı elə bil. Qonşu kənddən, Kürün o tayından evinin ilkinə, Məryəmə nişan gəlmişdi. Məryəmim də xoşbəxt idi. Sevdiyi ilə nişanlanmışdı. Amma çox çəkmədi... Cəmi 8 gün sonra elə həmən Kür aldı Məryəmimizi bizdən. Özü də tək onu yox. Bacımın son beşiyini də... İnfarkt keçirib, bacım. Həkim müalicə yazdı. Hazırda vəziyyəti yaxşıdı. Bizə tapşırdı ki, onu qoruyun, ağlamağa qoymayın. Amma necə edək? Canının paraları gedib. Evin ilk balası...Evin son balası. Ataları dəfnə gələ bilmədi. Aprelin 14-ü məhkəməsi oldu. Oğlu Nəbi getmişdi yanına. O deyib Şahinə. Təsəvvür edin, dörd divarın arasındasan. Bir balan da gəlib sənə deyir ki, ata, bacımla qardaşım Kürdə batdı...Dəli olmaq vəziyyətinə çatıb o da. Amma özünü toxtadıb, Nəbiyə deyib ki,  ananızdan muğayat olun. Ona dəstək olun. Sınmağa qoymayın. Hadisənin baş verməsinə görə, o günahkar deyil. Hə, kənd yerində elədir də. Əziyyət çəkən də ana olur, hadisə baş verəndə günahkar sayılan da yenə o olur. Yazıq Təranə, iş düşüb ona həmin gün, nə biləydi belə olacaq.

*

Hə, Kürün kənarına şəkil çəkdirməyə getmişdilər. Çəkdirdilər... İndi onların qoşa şəkli var. Qırmızı çiçəklərlə bəzədilmiş qoşa qəbirlərinin.

Kürdə batan Məryəm Hüseynli və Hüseyn Hüseynlinin qəbiri

Hadisədən bir gün sonra, aprelin 10-da Məryəmin, 14-də isə Hüseynin cəsədi tapılır. 50 nəfər hər gün tökülür Kürə Hüseyni axtarırmış.

Nə biləydilər ki, Hüseynin balaca bədəni o qədərdə uzaqda deyil...

Lap yaxında...lilə batıbmış.

Kür çayı

Sabirabad-Bakı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18237
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar