“Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanmasının, şəffaflaşdırılmasının vaxtı çatıb”.
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdə külli miqdarda vəsaiti, yaxud ölkəmizdə, xarici ölkələrdə mülkləri, binaları ortaya çıxır:
“Bunlar dövlətin vəsaitləridir və bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır. “Cinayət yolu ilə əldə edilmiş əmlak” sözü sıravi vətəndaşa aid deyil, bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir. Vəzifəli şəxslər gəlirlərini şəffaf şəkildə təqdim etməlidirlər. Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun”.