APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:
“Kəlbəcər - 80 km”
Saat 7:45. Günəş yuxulu-yuxulu qarlı dağların arxasından yüksəlir. Yorğun gözlərinin qızartısı üfüqdən çəkilməyib deyə, dağlara, meşələrə, buzlu yollara hələ öz istisindən pay verməyib. Odur ki, ötən günlərdə yağan qarın izləri dağlarda, meşələrdə, torpaqda, soyuğu isə canımızdadır.
Göygöl rayonu, Toğana kəndindəyik. “Kəlbəcər - 80 km” yazılmış nişanının önündə dayanmışıq.
Təxmin etdiyiniz kimi yolumuz Kəlbəcərədir. Xudavəng və ya Dadivəng monastırını - qədim Alban məbəd kompleksini ziyarət etməyə gedirik. Yolumuz isə adı çəkiləndə namını bilənlərin damarında qanı donan, təhlükəli və eyni zamanda Azərbaycanın ən strateji nöqtələrindən sayılan Murovdağ silsiləsindən olacaq. Məşhur Ömər aşırımını keçib Kəlbəcərə düşəcəyik.
Qabaqda buzlu, qarlı, palçıqlı yollarda, sərt yoxuşlarda, enişlərdə, dərələrdə, uçurumlarda bizi gözləyən təhlükələrdən hələ bixəbərik.
Müdafiə Nazirliyinin təşkil etdiyi səfərdə jurnalist həmkarlarımızla yanaşı, bizi Qəbələ rayonu, Nic qəsəbəsinin Udi və Gəncə şəhərinin Rus pravoslav icmalarının nümayəndələri də müşayiət edəcəklər.
Xudavəng “zəvvar”larını Kəlbəcərə aparacaq, sərnişinlər üçün nəzərdə tutulmuş yük maşını artıq gözləyir. Ləvazimatlarımızı da götürüb yerlərimizi tuturuq. Maşın dəli bir nərə çəkib tərpənir, yolçu yolda gərək...
***
Təzəcə şirin yuxudan oyanan kənd evlərini geridə qoyub ağır-ağır dağların yamacı ilə qalxırıq. Yol uzandıqca, sağ-solumuzdakı təbiət mənzərələri dəyişdikcə yolumuz daha da sərtləşir, gah hansısa çayın içindən, gah sıldırımın ağzından, gah da dərənin, uçurumun üstündən keçib gedirik.
Hündürlük artdıqca meşələr, dağlar bəyaz geyiminə dağa sıx bürünür. Getdikcə meşələr seyrəlir, adda-budda ağaclar gözə dəyir, sonra isə alp çəmənlikləri çılpaq, qarla-buzla örtülü qayalar əvəz edir. Günəş də artıq gümrah görünür, dağların zirvəsi, buzlu qayalar onun şüaları altında ayna kimi bərq vurur.
Bəxtimizdən varmış, hava gözəldir. Dünən hava proqnozunda Kəlbəcərdə bu gün yağmursuz, günəşli havanın olacağı, temperaturun beş dərəcəyə yüksələcəyi deyildi. Dağların döşündə, yolların qırağında arabir ekskavatorlar, yoltəmizləyən traktorlar gözümüzə dəyir. Bəziləri işləkdir, bəziləri sıradan çıxıb. Zənnimcə, çoxu elə bütün il boyu burda amadə gözləyir, sərt, ağır yollarda uçqun, dağıntı olanda özünü köməyə çatdırır.
Yolumuzun üstündə Azərbaycan əsgərlərinin postları var. Onları keçib gedirik. Səfər yoldaşlarımızdan kimsə deyir ki, bu yollar birtərəflidir, iki maşın qabaq-qabağa gəldisə, yol verməyə yer yoxdur, odur ki, postlar bir-biri ilə xəbərləşir, aşağıdan bir maşın qalxanda yuxarıdakı maşın gözləyir və əksinə.
Bu yerdə maşınımız hansısa döngəni burulmaq istəyir. Lakin döngə həddindən artıq sərt olduğundan maşın büdrəyir, təkərlərlə palçıqlı-buzlu torpağın çarpışması başlayır, deyirik, hə vallah, indicə dərəyə yuvarlanacağıq. Bu dəm maşınımız daha sərt həmlə edir, fınxırır, coşur, nərildəyir və nəhayət, döngəni burulub qalib ədasıyla bağırır, sonra nəfəsini dərib özünü növbəti çarpışmaya hazırlayır.
- Kəlbəcərin yolu budur? – kimsə soruşur.
- Ağdərədən də var. Bura dağ yoludur. Murovun üstündən aşıb gedir, məşhur Ömər aşırımından - Bayaqkı səfər yoldaşımızdır. Məlumatlı adama oxşadığı dərhal hiss olunur.
- Doxsan üçün aprelində kəlbəcərlilər bu yolla çıxmışdılar də – Yenə odur – Özü də çoxu bu qarlı-buzlu yolları pay-piyada getmişdi.
Bir anlıq hamı susur, qarlı dağların soyuğu içimizi üşüdür. Gözümüzün qabağında o məşum qaçqınlıq səhnələri canlanır. Özümüzü həmən insanların yerində hiss edirik. Ağlıma da gəlmir ki, bir neçə saat sonra rus sülhməramlı ilə söhbət zamanı özümü kəlbəcərli kimi təqdim edəcəyəm, bu kəndlərin birindən olduğumu, 93-də qaçqın düşdüyümü deyəcəyəm.
Maşınımız sonuncu yoxuşu da geridə qoyub “düzənliy”ə çıxır.
Bura artıq Ömər aşırımıdır – deyirlər, bir qədər fasilə verib təzədən yola çıxacağıq.
Ömər aşırımında fasilə
Mən deyim Ömər aşırımı, siz deyin yerlə göyün birləşdiyi yer. Hava bu dağların zirvəsində - 3395.5 metr hündürlükdə də sakitdir; nə çovğun var, nə qar, nə yağış, nə duman. Ayaqlarımızın altında başdan-başa qarla örtülü silsilə dağlardır. Ənginlik, genişlik. Elə bil qlazur və ya şəkər tozu səpilmiş nəhəng tortun üzərində dayanmışıq. Başımızın üstündə açıq mavi səma. Əlini qaldırsan göy qübbəsinə toxunasısan. Aşırımın bəri üzü Göygöl, qarşı dağlar isə Kəlbəcər.
Murov silsiləsi ilə uzanan yol ilan kimi qıvrıla-qıvrıla, burula-burula qalxır, sanki xəyali bir “Zorro”nun qılıncı ilə imza əvəzi dağların sinəsinə çəkilib.
Bu zirvə bizim üçün coğrafi anlamdan ziyadə tarixi əhəmiyyət daşıyır. Xalqımızın yaddaşına qanlı, amansız əhvalatlarla qazılıb. Qarabağ müharibəsi başlayandan bu strateji ərazi uğrunda minlərlə itkimiz olub. Bunlardan ən qanlısı isə 1994-cü ilin yanvar-fevral ayları ərzində həyata keçirilən “Murovdağ əməliyyatı”dır. Həmin döyüşlərdə Azərbaycan Ordusu minlərlə şəhid verib. Sonrakı illərdə də dəfələrlə burada təhlükə ilə üzləşən, qar uçqununun altında qalıb həlak olan əsgərlərimiz olub.
Bu dağların soyuq qoynunda neçə-neçə şəhidimizin narahat ruhu dolaşır.
Vətən Müharibəsinin ilk günlərindən də Ömər aşırımında qanlı döyüşlər gedib. Qalın qar örtüyü döyüşlərin çoxunun izini gizləsə də, keçmiş erməni postunun üstündəki partlayış, yanıq izlərindən də bunu aydın şəkildə görmək mümkündür.
Hazırda Ömər aşırımı Azərbaycan ordusunun nəzarətindədir, burada komendant postu qurulub. Əsgərlərimiz burada öz vəzifələrini mətanətlə yerinə yetirirlər.
Maşından düşən kimi bizə dərhal xəbərdarlıq edilir: Yoldan kənara çıxmayın, ərazi minalıdır. Aşırımı keçib Kəlbəcərə adlayandan sonra bu cür xəbərdarlıqları tez-tez eşidəcəyik. Ümumiyyətlə, ermənilər 10 noyabr müqaviləsindən sonra əraziləri tərk edərkən əksər yerləri minalayıblar.
Fasilə bitir və biz səfərimizə davam edirik. Burdan sonra yolumuz yalnız enişlidir.
Kəlbəcərin tarixinə kiçik baxış
Kəlbəcərin özünə qədər qarşımıza tez-tez keçmiş erməni postları, erməni səngərləri çıxır. Bu postlarda indi Azərbaycan əsgərləri xidmət göstərirlər.
Yol qırağında dərələrin dibində yenə yol təmizləyən texnikalar görürük. Lakin çoxu ermənilərin qoyduğu minalara düşərək sıradan çıxıb.
İndi də Murov silsiləsinə qalxdıqda yaşadıqlarımızın əksi baş verir: Hündürlük azaldıqca qarlı qayalar yerini alp çəmənliklərinə, alp çəmənlikləri seyrək ağaclıqlara, sonra isə meşələrə verir. Kəlbəcərin özünəməxsus təbiəti var. Burda dağlar daha sərt, daha sıldırımlı, daha kəskindir. Qayaların arasında çılpaq ağaclarla yanaşı, kol kimi həmişəyaşıl ağaclara da rast gəlinir. Dəqiq müəyyənləşdirə bilmirəm, sərv ağacıdır, yoxsa başqa bir iynəyarpaqlı. Zənnimcə, belə ağacları Azərbaycanın heç bir dağlıq ərazisində görməmişəm.
Dağların güneylərində əriyən qarlar tez-tez qabağımıza çıxan kiçik dağ çaylarına axır. Kiçik dağ çayları isə aşağı çatmaqda bizimlə yarışır, aşağılara doğru birləşib daha da gurlayırlar və axırda Tərtərçayla qovuşurlar.
Ömər aşırımını aşıb Kəlbəcər dağlarının sərt keçidlərini də geridə qoyandan sonra yol daha genişdir, tez-tez ordumuzun hərbi yük maşınları ilə qarşılaşırıq.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb, Azərbaycanın ən yüksək dağ rayonudur. Ərazinin çox hissəsi meşəlikdir. Faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.
Kəlbəcər ən qədim insan məskənlərindən biri sayılır. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Rayon ərazisindəki daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcər 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 10-da imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verib.
Aşıq Ələsgərin qız aldığı kənd
Maşınımız təpənin üstündə dayanır. Aşağıda dərənin içi ilə çay axır, çayın o üzü yenə dağlar. Çayın bəri üzündəki yamac boyu yalnız çay daşından tikilmə dağılmış evlər görünür.
Çayın adı Yanşaqdır. Elə kəndin adı da. Əhalisi mənşəcə Qazax mahalından gəlmədir deyilər. “Yanşaq” “aşıq” mənasını verir. Səhnəbanu ilə qovuşa bilməyən Aşıq Ələsgər 40 yaşında məhz bu kənddən evlənmişdi. 1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində digər göyçəlilər kimi, öz yurdunu tərk etməyə məcbur qalan ustad aşıq bir neçə il bu kənddə qonaq olmuşdu. Bəlkə də indi quruca daşını gördüyümüz bu tar-mar yurd yerlərindən birində yaşayıbmış Dədə Ələsgər. Nə bilək?
1993-cü ildə ermənilər tərəfindən işğal edilən kənd 1994-cü ilin fevral ayında Azərbaycan Silahlı Qüvvələrinin əlinə keçsə də sonradan yenidən itirilib.
Evlərdən xeyli aralı əyri-üyrü dəmir-dümürlər atılmış, dağılmış yer görürük. Burada ermənilərin 535-ci əlahiddə alayı yerləşibmiş. Kəlbəcəri təhvil verəndə hərbi hissəni partladaraq bu hala salıblar.
Cənnət görmək istəyən...
Axır ki, maşınımız asfalt yola çıxır. Bundan sonra da yolumuz adlarını bilmədiyimiz müxtəlif dağ çayları ilə kəsişəcək, bəzən isə yanaşı axacaq. Çayların şırıltısı maşının uğultusuna qoşulub dağların qarına qarışır, əriyərək yox olur.
Dağ demişkən... Hələ Vətən Müharibəsi başlamamışdan qabaq ermənilərin yaydığı məşhur Kəlbəcər videosu vardı; sıldırım, başı göylərə dəyən dağların, qayaların arasından keçib gedən yol. O video baxanların çoxunun ürəyini ağrıtmışdı ki, gör bu gözəl yerlər kimlərdədir. İndi maşınımız məhz həmin yoldan keçib gedir. O videonu görəndə bu yerləri arzulamışdım. Ağlıma da gəlməzdi ki, 3-4 ay sonra həmin yerlərdən keçib gedəcəm. Möcüzə daha necə olmalıdır!
Arabir qarşımıza yanmış, damı, qapısı, pəncərəsi, həyət-bacası dağıdılmış evlər çıxır. Tərtərçayın üzərində qurulmuş stansiyaların infrastrukturunun əksəriyyəti sıradan çıxıb. Ermənilər Kəlbəcəri təhvil verərkən apara bildiklərini aparıb, apara bilmədiklərini isə yandırıb, dağıdıblar.
Zod yolundakı post
Maşınımızı növbəti yolayrıcında saxlayırıq. Bizi Xudavəng monastırına qədər müşayiət edəcək polis maşınını gözləyirik. Bu vaxt bir neçə hərbçi yaxınlaşır. Biz qapını açar-açmaz biri gülə-gülə deyir:
- Xoş gəlmisiniz bizim Peykanlıya.
- Bura haradır? - Soruşuruq.
- Zod yoludur - Başqa bir hərbçi əlilə qarşı tərəfi göstərir - Hardasa on kilometr sonra Ermənistanla sərhədimiz başlayır.
- Xudavəngə necə gedəcəyik?
- Elə Tərtərçayın qırağı ilə. İndi maşın gəlib müşayiət edəcək. Elə də məsafə qalmayıb.
Burda çox dayanmayacağıq deyə, maşından düşməyə ehtiyac görmürük.
Aralıda bir neçə hərbçi maşının kapotu üstünə xəritə sərib, nəyi isə müzakirə edirlər. Hərbçilərdən birinin geyimini rus sülhməramlılarının formasına oxşadıram.
- Ruslar da var burda? - Soruşuruq.
- Hə, var. Rus da, var. Erməni də burdadı.
- Harda?
- O üzdə, maşının içində.
İndi fikir veririk, maşınımızın o biri tərəfində “Qızıl Xaç”ın avtomobilləri dayanıb.
- Onlar niyə burdadırlar?
- “Qızıl Xaç”la gəliblər. Bizim şəhidlərimizin yerini göstərmək üçün.
- Onda şəhidlərin meyitləri hələ tam götürülməyib?
- Hələ yox - Bayaq gülər üzlə bizi salamlayan hərbçinin səsi sərtləşir - Sülhməramlılar ona görə gəlib ki, bizimkilərlə şəhidlərimizin yerini təyin etsinlər.
Müşayiət edəcək maşın gəlir. Hərbçilərimizlə sağollaşıb yolumuza davam edirik. Tərtərçayın qırağı ilə uzanan yol bizi Xudavəng monastırının yerləşdiyi Vəng kəndinə aparır. Yenə də çoxu yanmış, dağıdılmış evlərin yanından keçib gedirik. Kəlbəcəri işğal edəndən sonra ermənilər seyrək də olsa, bu ərazilərdə yaşayırmışlar.
Vəng kəndi, monastırın astanasında
Saat 12:00. Dörd saatlıq həyəcanlı səfərdən sonra nəhayət, Vəng kəndinə çatırıq. Uzaqdan Xudavəng monastırının xaçları, qırmızı kirəmitdən damları, qədim divarları görünür. Maşınımız körpüdə dayanır. Burda yol bir neçə yerə haçalanır. Biri Ağdərə istiqamətinə, o biri çaya, digəri kəndə, başqası də monastıra aparır. Monastıra qalxan yolun üstündə Azərbaycan hərbçilərinin postu qurulub. Bu postu keçmədən Xudavəng monastırına getməyə heç kəsin icazəsi yoxdur. Postu rahatlıqla keçib hardasa 200 metr qalxandan sonra maşınımız monastırın qabağında dayanır.
Xudavəng monastırı rus sülhməramlılarının nəzarəti altında olduğu üçün gəlişimizin məramını bildirib monastırın həyətini ayaq basırıq. Vaxtımız isə azdır, tələsməliyik. Çünki...
(ardı var)
Davamında oxuyacaqsınız: Xudavəng monastırının divarındakı yazılar. Arzu Xatun kilsəsinin içindən gələn səs. Monastırın qəlbinə aparan qaranlıq yollar. Dadinin qıfıllı məzarı. Rus sülhməramlısı Xocalı barədə nə dedi?