Mayın 31-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək.
Şuradan Lent.az-a verilən məlumata görə, həmin gün həm aprelin 26-da COVID-19 infeksiyasına qarşı vaksin olunmuş jurnalistlərə vaksinin ikinci dozası tətbiq ediləcək, həm də vaksinasiyadan keçməmiş media təmsilçilərinə peyvənd olunmaq üçün şərait yaradılacaq.
COVID-19 infeksiyasına qarşı vaksinin hər iki dozası tətbiq edilmiş jurnalistlər bununla əlaqədar müvafiq sənədi mayın 31-dən başlayaraq Mətbuat Şurasından əldə edə biləcəklər.
Qeyd edək ki, Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir.
Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir.