İranın “ucuz” və “keyfiyyətli” səhiyyə tələsinə düşənlər - ARAŞDIRMA
08 iyun 2023 17:03 (UTC +04:00)

İranın “ucuz” və “keyfiyyətli” səhiyyə tələsinə düşənlər - ARAŞDIRMA

Azərbaycanda müalicə və şəfa üçün yerli səhiyyə müəssisələrinə üz tutanlarla yanaşı, xarici ölkələrə, ələlxüsus da qonşu dövlətlərin səhiyyə sisteminə pənah aparanlar az deyil. Elə müalicə və cərrahi əməliyyatlar üçün qonşu İrana da gedənlər kifayət qədərdir. Həmin şəxslər arasında isə şəfasını tapıb sağlamlığına qovuşanlardan daha çox İran səhiyyəsinin şişirdilmiş imkanlarına aldanan, nəticədə sağlamlığından da, pulundan da olanlar üstünlük təşkil edir. Belələri, adətən, uzaqdan-uzağa, kimlərdənsə eşitdikləri müsbət, amma uydurma nəticələr və bu istiqamətdə aparılan təbliğatların qurbanına çevrilirlər. Onlar bir çox halda ölkədən ucuz və keyfiyyətli tibbi xidmət adı ilə aparılsalar da, çox vaxt bunun əksini yaşayaraq yenidən ölkə səhiyyəsinə üz tutmalı olurlar.

Səhiyyə sahəsi İranın Azərbaycana təsir vasitələrindən biri kimi 

 

APA xatırladır ki, Azərbaycan müstəqillik qazanandan sonra İranın ölkəmizə nüfuz etmək vasitələrindən biri də səhiyyə olub. Tehran illər boyu öz səhiyyəsinin guya yüksək səviyyədə olması haqqında yalançı təsəvvür yaratmağa çalışıb. Təəssüf ki, “keyfiyyətli və ucuz səhiyyə” sisteminə malik olduğunu təlqin edən İranın yalançı reklamına inanan insanlarımız kifayət qədərdir. Bu cür ucuz təbliğatın qurbanı olan vətəndaşlarımız şəfa tapmaq üçün İrana gedir, nəticədə özlərini təhlükəyə atırlar.

Bəzi faktları xatırlatmaqla İranda səhiyyə sistemi haqqında deyilənlərin mifdən başqa bir şey olmadığını göstərmək olar.

Texnoloji inkişafdan kənarda qalan İran səhiyyəsi necə inkişaf edə bilər?

1979-cu il İran islam inqilabından sonra ABŞ və aparıcı Qərb ölkələri ilə münasibətləri tamamilə pozulan molla rejimi daim sanksiyalar altında olub. Bu sanksiyalar, eləcə də ikitərəfli münasibətlərdəki problemlər səbəbindən İran dünyada gedən bütün texnoloji inkişafdan kənarda qalıb.

Texnoloji yeniliklərdən, inkişafdan kənarda qalmış bir ölkənin güclü səhiyyə sistemi yaratması isə mümkün deyil. Çünki texnoloji inkişaf, müasir tibbi cihaz və avadanlıqların tətbiqi səhiyyə sahəsinin də inkişafı üçün əsas şərtdir.

Bundan başqa, sanksiyalar altında olan İranın lazımı tibbi və kimyəvi maddələr idxal etməsi də qadağandır. Bu isə ölkədə istehsal edilən dərmanların keyfiyyətinin kəskin azalması deməkdir.

Daha bir fakt ondan ibarətdir ki, uzun illər ərzində tətbiq edilən sanksiyalara, ölkənin sosial-iqtisadi vəziyyətinə görə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də bacarıqlı, peşəkar kadrlar İranı kütləvi şəkildə tərk etməkdədir.

Sadalanan bu səbəblərdən İranın bu sahəni inkişaf etdirməsi, sadəcə, mümkün deyil.

“Səhiyyə dəllalları”

İnsanların İranda müayinə və müalicəyə cəlb olunmasının ayrı-ayrı işbazlar, eləcə də şirkətlər üçün xüsusi qazanc sahəsinə çevrildiyini də qeyd etmək vacibdir. Onlar yalançı vəd və şərtlərlə vətəndaşlarımızı aldadaraq, İrana aparır, orada isə müxtəlif xoşagəlməz məqamlar yaşanır. Azərbaycandan vətəndaşları İrana aparan “səhiyyə dəllalları” onlardan xəstəxanaya depozit kimi yatırmaq, həkim qəbulu üçün növbəyə yazdırmaq, eləcə də digər adlarla əvvəlcədən xeyli miqdarda pul alırlar. Vətəndaş mehmanxanaya yerləşdiriləndən sonra isə bəzi hallarda həmin işbazlar hətta telefon nömrələrini belə dəyişdirib, yoxa çıxırlar.

Lakin xəstənin üzləşdiyi problemlər bununla bitmir, xəstəxanada onu daha acınacaqlı ssenarilər gözləyir.

Vətəndaşın xəstəxanalarda daha uzun müddətli qalması, daha çox pul xərcləməsi üçün ona bilərəkdən yanlış diaqnozlar qoyulur, analiz nəticələri saxtalaşdırılır, xəstəyə və yaxınlarına çox vaxt yalandan xəstəliyin kəskin, ağır formada olduğu bildirilir. Bəzən xəstələrin vəziyyətinin yüngülləşdirilməsi üçün müalicə tədbirləri görülür, ancaq bu, daha çox müvəqqəti xarakterli olur. Xəstə bir müddət sonra vəziyyəti pisləşdikdə, yenidən İrana getməli, həmin xəstəxanaya və həkimə üz tutmalı olur. Bu, həm də ona görə edilir ki, xəstə həmin xəstəxanadan və həkimdən uzun müddət asılı vəziyyətdə qalsın, daha çox pul xərcləsin, əvəzində isə qarşı tərəf varlansın.

Bununla paralel, bəzi hallarda xəstənin bədəninə inyeksiya yolu ilə müəyyən viruslar daxil edilir, bununla da, başqa xəstəliklərin əsası qoyulur. Yeni xəstəliklərin əmələ gəlməsi isə genefondumuza ciddi zərbə vurulması deməkdir.

İran səhiyyəsinin qurbanları: Faktlarla...

Bura qədər yazılanlar müəyyən suallar doğura, yaxud kimlərəsə inandırıcı gəlməyə bilər. Lakin faktlar da yazılanları təsdiqləyir.

Məsələn, bir neçə il öncə İran səhiyyəsinin qurbanı olan Arzu Əliyeva 19 yaşında ailə qursa da, ana olmaq üçün etdiyi müalicələr nəticə verməyib.

Arzu Əliyeva deyir ki, Bakıdakı xəstəxanaların birində ona süni mayalanma təklif olunsa da, həyat yoldaşı bununla razılaşmayıb. Bu səbəbdən onlar Təbrizə gedib, orada bütün müayinələrdən keçib, müalicə təyin edilib: “İki ay müalicə olunandan sonra ürəyim bulandı, qarnım şişməyə başladı. Həkimlə əlaqə saxlayıb vəziyyətimi bildirdim. Dedi ki, artıq hamiləyəm. Yəni bütün əlamətlər bunu göstərirdi”.

Amma Arzu Əliyevanın sevinci uzun sürməyib. Qarnı sürətlə böyüyüb, nəfəs alması çətinləşib: “Qadın məsləhətxanasına getdim. Həkim dedi ki, hamilə deyilsən, qarnına su yığılıb. Məni Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərdilər. Orada müayinə olunandan sonra bəlli oldu ki, bağırsaq vərəminə yoluxmuşam. Üstəlik, İranda aldığım müalicədən sonra məndə dərmanlara qarşı allergiya yaranmışdı”.

Kərim Kərimov da sağlamlığına qovuşmaq üçün İrana üzü tutub, ancaq hər şey tərsinə olub: "2012-ci ildə müayinə olundum və hepatit C virusuna yoluxduğumu öyrəndim. Həkim dedi ki, kəmiyyət və keyfiyyət analizləri verməlisən. Mən isə İranda müalicə olunmaq istədim. Nə bilim, o vaxt İrana getmək bir az da dəb idi, dişi ağrıyan da İranda çəkdirmək istəyirdi. Mən də bir taksi sürücüsünün məsləhəti ilə Təbrizdə "Behrud" klinikasına getdim. Düzü, orda azərbaycanlı xəstələrə yaradılan şərait məni təəccübləndirdi, tərcüməçi vardı. Üstəlik, xəstəxanada bir dənə də olsa, iranlı xəstəyə rast gəlmək mümkün deyil. Tək ultrasəs müayinəsinə (UZİ) 75 manat ödədim, ümumi analizlərə isə 450 manat pulum çıxdı. Bundan sonra həkim dedi ki, gərək qaraciyərindən bir tikə kəsək, götürüb yoxlayaq, görək xəstəlik sirroza çevrilir, ya yox".

İranlı həkimin "qaraciyərdən bir tikə götürmək" təklifini eşidəndə huşunu itirib özündən gedən Kərim Kərimov gözünü klinikanın palatasında açıb: "Həyəcan və qorxudan şəkərim qalxıbmış. Elə bildim qaraciyərimin yarısını kəsib götürüblər. Mənə sistem qoşdular, dərmanlar etdilər. Həmin gün palatada qaldım. Səhəri isə dedilər ki, aparılan müalicəyə görə 600 dollar verməlisən. Bir gecə üçün 600 dolların çox olduğunu mən dedim, mən eşitdim. Əlim heç yana çatmadı, pulu verib İrandan kor-peşman ayrıldım".

Ən gülməlisi də odur ki, Kərim Kərimova onu iranlı həkimlərin yanına aparan iranlı taksi sürücüsü ürək-dirək verib, yol göstərib: "Sürücü dedi ki, qorxma qaraciyərdən tikə götürüb müayinəyə vermək iynə ilə ciyərdən nümunə götürməkdir. Bu müayinə nə az, nə çox - 250 dollara başa gəlir. Dedi ki, özü də bu müayinə ancaq azərbaycanlı xəstələrə yazılır. İranlıların danışığından belə başa düşdüm ki, bu, adi pul tələsi imiş. Sürücü bunu bilə-bilə məni o xəstəxanaya aparıb, sonra da "qorxma, Azərbaycandan gələnlərin əksəriyyətindən bu analizi istəyirlər" deyib".

Bundan başqa, sosial şəbəkələrdə ayrı-ayrı insanların İran səhiyyəsinin qurbanına çevrilməsini əks etdirən kifayət qədər paylaşıma da rast gəlmək mümkündür. 

İranda xəstəxana azərbaycanlı körpənin cənazəsini girov saxlamışdı

Bundan əlavə, İranda səhv müalicə səbəbindən ölən insanların cənazələrinin ailə üzvlərinə verilməsi də həftələrlə uzadılır, yalnız külli miqdarda pul vəsaiti ödəndikdən sonra cənazə ailələrə verilir.

2016-cı ildə İrana müalicəyə aparılan Dadaşzadə Qorqud Rövşən oğlunun meyiti də ailəsinə verilmirdi. 10 aylıq körpə Təbriz şəhərində "Kudakan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Həkimlər isə 3200 manat borcu əsas gətirərək, uşağın meyitini ailəsinə verməkdən imtina edirdi. Uşağın əmisi Şəhriyar Dadaşov deyib ki, iranlı həkimlər qardaşı oğlunun başqa diaqnozla öldüyünü bildiriblər: “Uşaq İranda sağalmışdı. Qaraciyər və dalağındakı şiş çəkilmişdi. Sonra dedilər ki, uşağa infeksiya düşüb. Həkimlər özləri deyir ki, uşaq gətirilən diaqnozla ölməyib. Xəstəxanada uşağın ağciyərinə infeksiya düşüb. Bundan başqa, 2-3 gün ərzində xəstəxanadakı bir neçə uşaq da həmin xəstəlikdən ölüb”.

Şəhriyar Dadaşov qeyd edib ki, həkimlər əvvəlcədən uşağın müalicə xərci ilə bağlı onlara dəqiq bir söz deməyib: “Uşaq hələ sağ olanda dedilər ki, müalicə bitsin, biz sizə xərcin həcmini deyəcəyik. Uşaq öləndən sonra dedilər ki, sizin xəstəxanaya 15 min 500 manat borcunuz var. İranda hansısa xeyriyyə cəmiyyəti bu məbləğin böyük hissəsini ödəyib. Sizin 3200 manat borcunuz qalıb. Borcu ödəyəcəyiniz təqdirdə uşağın meyitini verə bilərik”.

Ailəsi borcu ödədikdən sonra uşağın meyiti ailəsinə təhvil verilib.

Bəzi hallarda, uydurma xəstəliklər və saxta analizlərlə xəstəni qorxudan işbazlar onlara bahalı müalicə kursu yazır, belə hallara daha çox uşaqlarla bağlı rast gəlinir. Müflis olan vətəndaş borcu ödəyə bilmədikdə girov kimi saxlanılır və bəzi hallarda İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edilir. Faciə üzərində pul qazanılır, həm də məxfi orqanlarla əməkdaşlığa məcbur edilir.

İranda bəzi xəstəxanalar casus cəlb etmə yuvasına çevrilib

Bu gün Güney Azərbaycan teleqram kanalında da bununla bağlı səs yazısı yayılıb. İranda azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar səsləndirilir. Səs yazısında deyilir ki, Tehranda həkim azərbaycanlıya iynə vuraraq bədəninə virus yeridib. Həmin şəxs iynə vurulduqdan sonra özünü pis hiss etməyə başlayıb, həkim ona vəziyyətinin çox ağır olduğunu, dərhal müalicə olunmalı olduğunu bildirib. Müalicə üçün isə 50 min dollar tələb olunub. Daha sonra xəstəxanaya gələn müəmmalı şəxslər onunla danışaraq bu pulu ödəməsi üçün ona kömək edəcəklərini, lakin qarşılığında onların dediklərini etməli olduğunu, kəşfiyyat məlumatları verməli olduğu deyilib.

Bütün bu baş verənlər “səhiyyə turizmi” adı altında İranda vətəndaşlarımıza qarşı törədilən və ciddi araşdırmalı olan məsələlərdir.

Həkim: Kiminsə öz canını İran kimi bir dövlətin səhiyyəsinə əmanət etməsini anlamaqda çətinlik çəkirəm

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Aynurə Əmirova APA-ya açıqlamasında bildirib ki, bir şəxs tibbi yardım üçün xarici ölkəyə üz tutursa, orada qarşılaşa biləcəyi həm müsbət, həm də mənfi məqamlar barədə əvvəlcədən mütləq məlumatlandırılmalıdır.

Tibbi turizmdən yararlanmaq istəyən insanların qarşılaşacağı risklərə gəldikdə, həkimin sözlərinə görə, bu məsələdə ilk növbədə, yaşanan problem tibbi sığorta ilə bağlı olur: “Məsələn, çox vaxt xidmət üçün ödənilməsi olan müəyyən məbləğ nəzərdə tutulur, daha sonra isə sığortadan kənar əlavə məbləğ ödənilməsi kimi məqamlar ortaya çıxır. Bu da qiymətin yüksəlməsi deməkdir. Digər məqam isə səyahət zamanı həmin regiona məxsus hansısa virusa yoluxma riskidir. Bəzi ölkələr var ki, oraya getmədən öncə müəyyən peyvəndlərin aparılması tövsiyə olunur, bəzi hallarda isə bu, mütləqdir. Əsas mənfi tərəflərdən biri də sırf tibbi müdaxilədən sonra fəsadların yaranması və səyahət zamanı həmin fəsadların daha kəskin formada keçməsidir. Qeyd etmək lazımdır ki, səyahət edən zaman insanın immun sistemi zəifləyir və bunun fonunda hansısa tibbi müdaxilə aparılırsa, onun effektivliyi də bir qədər aşağı düşür. Səyahət vaxtı ağırlaşma yaranırsa, həmin müddətdə tibbi yardımın göstərilməsi daha da çətinləşir. Ona görə bunları nəzərə almaq lazımdır”.

Sırf mama-ginekologiya ixtisasına gəlincə isə, həkim bildirib ki, vətəndaşların xarici ölkələrə üz tutma səbəbi daha çox sonsuzluq, süni-mayalanma müalicə üsulu ilə bağlı olur: “Bunun üçün vətəndaşlarımız daha çox Türkiyə, İsrail, İran, Rusiya kimi ölkələrə üz tuturlar. Bu zaman nəzərə almaq lazımdır ki, önəmli məqam təkcə hamiləliyin baş tutması deyil, eyni zamanda hamiləlik baş tutduqdan sonra onu doğuşa qədər çatdırmaqdır. Bu zaman ölkəyə dönmüş vətəndaş üçün həmin həkimin müayinəsi əlçatan olmur və müəyyən fəsadlar meydana gəlir, risk qrupuna daxil olan hamilə qadınlarla işin düzgün qaydada aparılması ilə bağlı boşluqlar yaranır. Yerli həkimlərimiz arasında kifayət qədər nəticəsi yüksək olanlar var. Buna görə tövsiyə edərdim ki, yerli həkimlərə müraciət edilsin. Bu zaman müəyyən həssas müalicə üsullarının yerli şəraitdə aparılması tövsiyə olunur ki, bu da alınan müsbət nəticələrin faizinin artmasına təsir göstərir”.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi həkim mama-ginekoloq Nəcibə Məhərrəmova APA-ya deyib ki, bu gün Azərbaycan səhiyyəsi Avropa standartlarına uyğun səviyyədə inkişaf edib: “Açığı, bu halda öz səhiyyəmizdən narazı qalıb, başqa bir ölkənin səhiyyəsinə üz tutmağın özünü nadanlıq hesab edirəm. Xüsusilə də bu qədər mütərəqqi addımların atıldığı, ölkədə tibbin inkişaf etdiyi bir vaxtda kiminsə öz canını İran kimi bir dövlətin səhiyyəsinə əmanət etməsini anlamaqda çətinlik çəkirəm. Bizim özümüzün gözəl alimlərimiz, instrumental metodlarımız, diaqnostik mərkəzlərimiz, yeni açılan klinikalarımız var. Xəstələrə yüksək səviyyədə diaqnoz da qoyulur, müalicə də aparılır. Mən təsəvvürümə gətirə bilmirəm ki, Azərbaycandan kimsə İran səhiyyəsinə müraciət etsin və onlardan xeyir tapsın”.

XİN: İrana səfər etməkdən çəkinin

Yuxarıda sadalana faktlardan bu nəticəyə gəlmək olar ki, İran xəstəxanalarında Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi təmin edilmir. Əksinə, müxtəlif məqsədlər, o cümlədən müalicə üçün bu ölkəyə üz tutan vətəndaşlarımız ciddi problemlərlə üzləşir, bəzi hallarda xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır. Razılaşmayanda isə hətta saxta ittihamlarla həbs edilirlər.

Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyi növbəti dəfə zərurət olmadan İrana səfər etməkdən çəkinməyə çağırış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2490
avatar

Oxşar yazılar