İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş ümumi təhsil müəssisələrində tədris prosesi distant (məsafədən) formada keçiriləcək.
Lent.az-ın məlumatına görə, Bakı şəhəri üzrə Təhsil idarəsindən bildirilib ki, iyunun 5-də IV siniflər istisna olmaqla bütün digər siniflər üçün 108 monitorinq mərkəzində, iyunun 6-da isə 6 günlük iş rejimində fəaliyyət göstərən məktəblərdə VI siniflər istisna olmaqla digər siniflər üçün tədrisin fasiləsizliyini təmin etmək məqsədilə dərs prosesi distant (məsafədən) formada aparılacaq.
Qeyd edilib ki, monitorinq nəticələri şagirdlərin summativ qiymətlərinə və sinifdən sinfə keçməsinə təsir etmir.
O da bildirilib ki, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək. Ümumilikdə 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.(APA)