Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi nəzarət tədbirləri çərçivəsində İranda “Shirezza Halva Shekari”nin istehsal etdiyi və “ Azər Pak” Məhdud Məsuliyyətli Cəmiyyətin ölkəmizə idxal etdiyi araxis əzməsi məhsuluna agentliyin müfəttişləri baxış keçirib.
Qurumdan Lent.az-a verilən məlumata görə, bu zaman idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında uyğunsuzluq (aflatoksin - B1) aşkar edilib.
Faktla bağlı agentlik qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edib və istehlak üçün yararsız 3,26 ton araxis əzməsi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.