Həyat həqiqətləri sənə meydan oxuduğu zaman ən yaxşısı çoxdan görüşmədiyin tələbə yoldaşlarından biri ilə görüşüb stress atmaqdır. Biz də elə elədik. Onunla Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini eyni dövrdə bitirmişik. Bakı nə qədər balaca şəhər olsa da, o vaxtdan qarşılaşmamışıq. Bu səhvimizi düzəldək deyib görüşdük. O hələ də universitetdəki kimi enerji doludur, amma yumor hissini daha da inkişaf elətdirib. Zarafatları, lətifələri bir az da müdrikləşib. ANS-in “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova ilə bərabər xatırladığımız insanların, hadisələrin və olduğu kimi yaza bilməyəcəyim lətifələrin arasından bəzi hissələri seçib yazıram.
“GƏRƏK O KİŞİNİN PULU MƏNİMKİNDƏN ÇOX OLSUN”
- Universiteti bitirəndən işləmişəm, əlim az-çox pul görüb. Ona görə də məni idarə eləmək bir az çətindi. Gərək məni idarə edən kişinin pulu məndən çox olsun. (Gülür) Bir nəfərlə görüşürdüm, deyirdi “Səninlə danışanda elə bilirəm avtoritetlə söhbət edirəm. Hegemonluq baş alıb gedir”. Yadındadı də, universitetdə oxuyanda uşaq idim, başımı aldadıb məni nişanlamışdılar. Ağlım kəsən kimi nişanı qaytardım (Gülür) O nişanlı olduğum vaxtlarda elə qəşəng yeməklər bişirirdim ki... Plovun bütün növlərini bişirməyi öyrənmişdim. Özümə deyirdim yemək bişirməyə bəri başdan elə alışmalısan ki, bu sonradan sənin üçün bir vərdişə çevrilsin...
- Yəni bər-bəzəkli dərsə gələndə evdə plovu dəmə qoyub gəlirdin?
- Hə, vərdiş eləmək üçün hər gün neçə cür yemək bişirirdim. Üzüyü qaytarandan odu-budu mətbəxə girmirəm. İndi deyirəm daha nəğd söhbət olmayana kimi mətbəxə girən deyiləm.
- Nağd nəyə deyirsən?
- Nə vaxt gedib evində oturaram, onda da bişirərəm. Aparın qoyun məni onun evində, deyin bura sənin evindir, sən bu evin xanımısan, ondan sonra qollarımı çırmalayım. Nişanlı söhbəti bitdi artıq, keçəl suya getməz...
- Bu “nişanlı qız” məsələsi çox qəlizdi...
- Bizim adətlərimizdən danışmayaq. Danışacam, sonra oxuyub, başlayacaqlar məndən danışmağa.
- Ümumiyyətlə, sənin üçün ictimai rəyin əhəmiyyəti nə qədərdi?
- İnan ki, heç vecimə də deyil. O şərh yazanlar düşünsələr ki, sözləri heç kimin vecinə deyil, bəlkə də yorulub yazmazlar. Özü də şərh yazanda sözə allahla başlayırlar. Elə “Allah, allah” deyirlər ki... Axı allah sözünü ağzına alan adam bilməlidir ki, heç bir bəndənin nə yaşadığını bilmədən onu müzakirə, mühakimə etmək olmaz. Bura çox xudmani yerdi, xoşuma gəldi. Gərək aerobika üçün bura gələm. Belə xudmani yerləri sevirəm. Məsələn, elə çox istəyərdim ki, butik otelim olsun, oranı işlədim.
- Efir, gənclik vəfasızdır, şəxsi biznesini qurmağı düşünmürsən?
- İstəyirəm, amma bu haqda hələ ki, ancaq arzulaya bilərəm. Həyata keçirmək imkanında deyiləm. Bəzi şeylərə qənaət eləsəm, alınar. Amma fikirləşirəm ki, birdə nə vaxt bu yaşda olacam? Bunu geyinməyim, ora getməyim...
- Özünü efirdə nə vaxta qədər görürsən?
- Öz biznesimi qurana qədər.
“ARTIQ BİZƏ BAŞQA HƏYƏCAN LAZIMDI”
- İndi həyatında kimsə var?
- Yox, ayrılmışıq. Mən belə adamam. Məni “döysün-söysün” – söz gəlişi deyirəm ha! - sevirəmsə dözəcəm. Dözürəm, dözürəm, birdən hər şey o qədər yaxşı olur ki, amma hiss edirəm ki, artıq istəmirəm. Deyirəm ayrılaq. Doydum, bezdim, yoruldum...
- Həyəcan getdi?
- Hə... Bir dəfə birinə “həyəcan öldü” dedim, qarşımda elə ağladı ki... Bilirsən, evli adam sənə nə isə təklif edəndə... Adamdı də, mən başa düşürəm ki, evli adamla olmaz. O özünə, qurduğu ailəyə dəyər versə... Amma axı bizdə çox vaxt ailəni ata-ana istəyi ilə qururlar. Ona görə də belə olur. Altı-yeddi il biri ilə görüşürlər, onu “məşğul” edirlər, amma evliliyə gələndə başqasını alırlar. Amma əslində o həmin qadını götürüb özünə xanım eləsə hər şey daha gözəl olar. Başqa ölkələrdə xəyanət niyə bizimki qədər deyil? Və yaxud xəyanət niyə faciədir? Bizdə amma hansısa arvad deyir ərim xəyanət eləmir, hamı şoka düşür ki, nə əcəb? Demək sənin ərin yaxşı kişi deyil, kənarda heç kimə lazım deyil... Görün necə faciədir. İndi evli adam adama “Səni gördüm xoşuma gəldin, görüşmək istəyirəm” təklifi edəndə bizdə ən ürəkbulandırıcı məqam – “Ev alaram, maşın alaram, birdə uşaq doğarsan, işləməzsən, oturarsan evdə”.
- Belə təklif çox olur?
- Ooo.... bu günə kimi. Amma bununla öyünmürəm ha! Çox biabırçı, iyrənc təklifdi. Bəlkə qızların ağlı formalaşmayan bir vaxtda buna yaxşıdır deyirsən, amma qadın özünü tanıdıqca, özünə güvəndikcə bunu şəxsinə təhqir kimi qəbul edir. Ümumiyyətlə, subaysan get subay adamla görüş. Evli adam sənə bundan artığını deyə bilmir. Nadir hallarda nə isə deyə bilər, o da başqasının bədbəxtliyi üzərində xoşbəxtlik mümkün deyil, olmayacaq, alınmayacaq. Subay adamla görüşdün, bir il, iki il, üç il... Bu şəhərdə nə etmək mümkündürsə hamısını eləmisən – kofe içmisən, bütün yeyilməsi mümkün olan yeməkləri yemisən. Maksimum xaricə tətilə də getmisən. Axı bizdə bir evin içinə girib yaşamaq olmur. Ata-ana balta ilə töküləcək ora. Oğlana deyirsən artıq evlənək, deyir neynirik evlənməyi? Artıq onun üçün maraqsız olur. Mən də maraqlı olduğundan evlənək demirəm, sadəcə görürəm münasibətin sonuna gəlmişik. Ayrılmamaq üçün belə deyirəm. Axırda başa salmağa çalışıram ki, belə artıq mənə maraqlı deyil. Bax bir yerdə kofe içdik, yemək yedik, haqqımızda hər şeyi bildik, hətta hansı yeməyi necə yeyirik onu da bilirik. Bizə artıq başqa həyəcan lazımdı. Mən tez bezirəm, mənim üçün tez-tez dəyişiklik olmalıdır. Hətta onu da deyirəm ki, evlilikdən sonra da bezəndə tüpür üzümə. Denən, “Elnarə, gördün, səndən arvad olan deyil”. Amma bir insan xoşbəxtliyinə bilə-bilə bədbəxtlik qatırsa o insan doğrudan da nəticədə bədbəxt olur. Deyirəm gəl bir evin içərisinə girib yaşayaq. Demirsən səndən arvad olmaz. Arvad olmaram, gedib ikinci dəfə evlənərsən. Nə itirəcəksən? Bu saat qızlar beş dəfə ərə gedir. Sən bir cəhd elə, bəlkə yaxşı oldu. (Gülür) Vüsalə, belə danışan qızı kim alar? Axırda da əsəbiləşib deyirəm “kül başına, di get valideynlərin deyən qızı al, sonra da gəl düş mənim kimilərinin dalınca kənarda xoşbəxtliyini axtar. Nəticədə sən bədbəxt olacaqsan. O qızın zatən həyata baxışı elədir. Ərə gəlib, uşaq doğub, ər də getsin gəzsin. Gəlin evdə deyəndə “Ərimin telefonuna mesaj...” Qaynana desin “Az sakit dur! Boy, mənim də ərimin telefonuna gəlir də mesaj, noolsun? Axırı ki, evə gəlir”. Gəlin də qayıdıb demir ki, “Yox, dursun bir evə də gəlməsin!” Bax, bizim xanımlar bu axmaq fədakarlıqlarına görə əziyyət çəkirlər. Dinmirlər, hər şeyi içlərinə salırlar...
- ...Guya bizə görə... Biz də böyüyüncə hamısı xəstə düşür...
- Axı niyə analarımız hamısı xəstə olsun? Evlər vaxtında ayrılmalıdır. Bütün bunlar ailənin möhkəm qalması üçündür. Qadın nə qədər güclü olur olsun, onun əsl kişiyə - dırnaqarası yanında kişi deyib gəzdirəcək kişiyə yox - əsl kişiyə həmişə ehtiyacı var.
“BİLİRƏM Kİ, ONUN XANIMININ GÖZÜNÜN İÇİNƏ BAXA BİLƏCƏM”
- Kişi sarıdan bəxti gətirən qadınsan?
- Məni sevənlər arasında subaylar da var, evlilər də. Mənə qeyri-ciddi yanaşan adamları əvvəlcədən bilmişəm, amma bu sonralar çox ciddiləşib. Xüsusi heç nə eləmirəm, qətiyyən dəyişilmirəm. Amma arada onun adını buna, bunun adını ona deyirəm, qarışdırıram. (Gülür) Hər şeyi özüm danışıram. Qoymaram kənardan bir informasiya gəlsin. Qoy məndən eşitsin. Soruşur kimə mesaj yazırsan, deyirəm bax belə... Evli adamdı, sadəcə deyir səndən xoşum gəlir, dost olaq. Başqa bir söz demir ki. Doğrudan da var belə adamlar. Bayramdan-bayrama təbrikləşmək olar, işim düşə bilər, işləri düşə bilər. Olur də belə şeylər. O qədər evli dostlarım olur ki, övladlarının ad gününə gedirəm. Toyda, ad günündə aparıcılıq etmərəm, ancaq tədbirlərə gedirəm. Amma dostlar uşaqlarının ad gününü edəndə deyirlər gələrsən, deyirəm niyə gəlmirəm? Əminliklə gedirəm, çünki bilirəm ki, orda onun xanımının gözünün içinə baxa biləcəm. Əri ilə aramda heç nə olmayıb. Hətta əri mənə nəsə təklif edəndə də “yox” demişəm. Demişəm, “İstəmirəm, dostluq edə bilirsən edək”. Bunu xanımlar da hiss edirlər. Axı oğrunun işi həmən bilinir. Görürlər sən özünü necə aparırsan, əmin olurlar ki, ərləri ilə aramda heç nə yoxdur. Sonradan xanımları ilə rəfiqə oluram, bir salona gedirik. Hətta bir-ikisi dedi “əvvəl elə bilirdim yoldaşımla nə isə... sonra gördüm yox”. Deyirəm “Ay qız, sənin yoldaşın səndən başqa kimə lazımdı?” Gülüb keçirik, zarafatcıl olduğumu bilirlər. İnsanların üzünü güldürmək bilirsən nə qədər çətindi. Əgər mən bu əhval ruhiyyəni özüm yaradıram, hətta yanımdakına da ötürə də bilirəmsə məni dəyərləndirmək lazımdır. Amma bəxtimə çıxanlar hamısı qaraqabaq olur. (Gülür)
“AXI ARTIQ MƏN ÖZÜM DƏ AĞ ATLI QIZ DEYİLƏM”
- Nə qədər ibadət edirsən?
- Çox. Maşında gedə-gedə günahlarımın bağışlanmasını istəyirəm...
- Günah belə çoxdur ki?
- Axı bilmirəm harda günah edirəm... İnsanıq də, bəlkə bayaqdan səninlə danışa-danışa neçə dəfə günah etmişəm, bilmirəm. Sonra valideynlərim üçün dua edirəm. Öz evim olsun, onlara qonaq kimi gedib gəlim deyə dua edirəm. Onlar mənə heç nədə məhdudiyyət qoymurlar, heç bir narazılığımız yoxdur. Bəzi qızlar kimi gedib rəfiqə evindən bəzənib-geyinib çıxmıram. Həmişə evdən makiyaj edib, qısa geyinib çıxmışam.
- Amma yenə də insanın öz evi, öz qaydaları olmağı yaxşıdır.
- Çox yaxşıdır. Öz kuralların olur. İstəyirəm, amma imkan versələr... Mən yayda tətilə çıxan kimi Türkiyədəki rəfiqələrimə qonaq gedirəm. Bakıda olmuram, evə də qonaq kimi gəlirəm. Bu il dedim kirayə ev tutum, gördüm xoşlarına gəlmədi. Bəlkə kirayə sözü bunların acığına gəldi, öz evim olsa bəlkə etiraz eləməzlər. Bizdə axı belədi, öz evində yaşamaq üçün gərək ərə gedəsən. Bilirsən niyə bu yaşımda ailəmdən kənarda yaşamaq istəyirəm - hörmətə görə. Sabah qardaşım ailə quracaq və mənim də artıq öz xarakterim var. Münasibətlərdə yaranan hər nüans hörmətdən gedir. Axı niyə öz evində yaşamaq üçün ərə getməyi gözləmək lazımdır? “Nə vaxt ağ atlı oğlan gələcək?” Axı artıq mən özüm də ağ atlı qız deyiləm. Valideynlərimin nigaran olacaqları şeylər artıq olub, indi nigaran olmasınlar. Sadəcə salamatlıq olmasını istəsinlər.
Söhbət edə-edə S+ Qadın Klubundan çıxırıq. Maşına əyləşirik, avtopark nəzarətçisinə pul vermək üçün pul qabını açır, əlinə nə isə ilişir:
- Tanış olan kimi də hərəsi gətirib bir şəklini verir. Pul qabım doludur “üçün dördə” şəkillərlə. Xırda axtaranda da əlimə onların şəkli keçir...
Gülürük.
- Bir vaxtlar həyatının mərkəzində dayanan insan zamanla pul qabında əlinə dolaşan xırdadan başqa bir şey olmur. Bəylər, zaman nə qədər ziyanınıza işləyir.
- Atam deyir Almaniyada görürəm ata ilə oğul nahar edir və hərə çıxardıb öz hesabını verir. Axı onların hərəsinin öz büdcəsi var. Bax bizdə mən atamla harasa gedəndə əlimi cibimə salsam bu qınanılar. Amma nə dərəcədə düzgündür ki, bir alfons oğlan həyatıma girsin, eybi yox, məni alsın, ərim olsun, maşınımı sürsün - bu qınanılmayacaq. Axı artıq ərə gedib, ər alıb onu. Ər də nə ər! Gəlib maşınımı sürür, girib evimdə yaşayır, bunu qınamayacaqlar. Amma atamla oturanda hesabı ödəsəm... Deməli mənim pulum atama olmaz, amma kənardakına yedirdim. Həyatda bacarıqlı insan olmaq başqadır, kimdənsə istifadə eləmək başqa. Oğlan var ki, ailəsi, valideynləri üçün çabalayır, amma alınmır. O oğlana can da fəda etmək olar. Amma kiminsə səndən istifadə etməsi... Əvvəl paltar alanda belə seçim yox idisə, indi ərə gedib ayrılmaq üçün də “oğlan” seçimi çoxdur. Mən ərə getməkdən çox uşaq doğmaq istəyirəm. Qarşı tərəf istəsə ərə getmədən də doğaram. Amma istəməsə, o uşağı heç vaxt doğmaram. Qoy mən bu cür müzakirə mövzusu olum, nəinki ad olsun ki, “ərə getmək”. Ərə getmədən ana olanda müzakirə edənlər nə desələr də, onu uşağımı öpməklə unudacam.
Yolda tıxaca düşürük. Qışqırıqlar, siqnallar və həmən pəncərələri bağlayır:
- Həə, yaxşı “tıxac musiqiləri” varımdı.
Şopeni dinləyə-dinləyə:
- Tıxacda heç vaxt əsəbiləşmərəm. Şopen çalır, telefonum əlimdə, pəncərələr bağlı... Düşünürəm ki, bu anda tıxacdan daha betər hadisə ola bilərdi, şükür ki, olmayıb, hamı salamatdır!
Onun haqqında BUNLARI BİLMƏK FAYDALIDIR!
- Həyatdır, adamın başına hər iş gələ bilər. Mən heç bir işdə işləməkdən utanmıram. Sadəcə düşünürəm ki, məsələn, mən ofisiant işləsəm o restoranda iki yaxşı ofisiant olacaqsa onun biri mən olmalıyam.
- Həyatda uğur qazanmağın çox sadə üsulları var. Şəxsi təcrübəmə əsasən deyirəm ki, karyerada irəliləmək üçün gözəllik heç bir rol oynamır. Birinci - insanın ürəyi olmalı, ikinci - qarşına qoyduğun məqsəd sağlam olmalıdır. Yəni buna pislik edim, onun yerinə göz dikim olmamalıdır.
- Əgər qadın hansısa cizgisinə şübhə ilə baxırsa imkan daxilində düzəltməlidir. Ondan sonra onun özünə güvəni artır. Özünə güvənən insanın isə cəmiyyətə və insanlara zərəri azalır. Dodaqlarımın formasından razı deyiləm, bu yaxınlarda əməliyyat etdirməyi düşünürəm, korreksiya edəcəklər.
- Üzr istəməklə təşəkkür eləməyi çox sevirəm. Səhvim olan kimi üzr istəyirəm. İnsan gün ərzində nə qədər təşəkkür edər? Elə adət eləmişəm ki, məsələn, sükan arxasında olanda biri yol verir, sürücü sürücüyə başı ilə təşəkkür edər, amma mən maşının içində ucadan təşəkkür edirəm.
- Evdə atamla dərdləşmək daha rahatdı, nəinki anamla, bacılarımla. Bəlkə də bu ondan asılıdır, atam Rusiyada doğulub, böyüyüb. Rus deyil, azərbaycanlıdır. Amma avropasayağıdır. Həmişə işi elə olub ki, çox ölkələri gəzməli olub, fərqli mühitlər görüb.
- Surəti, riski çox sevirəm. Hərdən yolda tək olanda elə oyunlar oynayıram ki... Adrenalin axtarıram, qorxmuram. Maşın dəyəndə gülürəm. Əsas insana heç nə olmasın, maşınların toqquşmasından heç nə olmaz. Dəmir dəmirə dəyər də. Amma dəmirdən keçib insana ziyan vurmayacaq qədər də ehtiyatlıyam. Yəni yüngülvari avtoşluq edirəm.