İki şahın tac qoyduğu rayon: "Bura mistik yerdi, ona görə bura gəlmişdilər" -  REPORTAJ
23 aprel 2021 12:00 (UTC +04:00)

İki şahın tac qoyduğu rayon: "Bura mistik yerdi, ona görə bura gəlmişdilər" - REPORTAJ

“Niyə burada? Haqlı sualdı. Deyim sizə, bax bura, gördüyünüz bu yer Azərbaycanın üç coğrafi ərazinin - Şirvan, Muğan və Milin qovuşduğu bir məkandı. Təsəvvür edin, elə indinin özündə də Sabirabadın bir hissəsi Kürün sağ sahilində yerləşən Muğan düzündə, digər hissəsi isə Kür çayının sol sahilində Şirvan düzündə, 4 kənd isə Mil düzündə yerləşir. Görünür Nadir də, Qacar da məhz bu məqamı nəzərə alıblar”.

Suqovuşandayıq. Kürlə Arazın bir-biriylə qovuşduğu mistik bir məkanda. Tarixçi, respublikanın qabaqcıl müəllimlərindən olan Musa Ələkbərovla birgə. Doğulduğu rayonun tarixindən danışır Musa müəllim…

Səbuhi Məmmədli və tarixçi Musa Ələkbərov

Sabirabad deyiləndə hansısa tarixi abidə, qədim qalalar ağla gəlmir əvvəlcə. Amma həmsöhbətimiz danışdıqca nələr öyrənirik, nələr. Elə durduğumuz bu yerdə Azərbaycanın iki böyük hökmdarı, Nadir şahla, Şah Qacar tac qoyublar. Hə, elə bu yerdə. Təbii ki bu tarixi hadisələrdən iki əsr yarımdan çox vaxt keçir.

Kür, adına nahaq yerə Dəli Kür demədiyimiz Qafqazın ən böyük çayı o qədər o yan, bu yana fırlanıb yolunu dəyişib ki... Musa müəllim də əvvəlcə bu məqamdan bəhs edir.

Suqovuşan

- Əslində 1736-cı ilin martında baş verən Suqovuşan qurultayının yeri indi Sabirabad rayonun mərkəzində yerləşən 2 saylı məktəbin həndəvərinə təsadüf edir. Tarixi mənbələrə görə, 1736-cı ilin martında keçirilən Suqovuşan qurultayında Nadir iştirakçılara  Azərbaycan türkcəsində müraciət edir. Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərib, bütün vilayətlərdən Muğana, Azərbaycana 100 min adam toplamışdı.  Qurultayın gündəliyində isə əsas bir məsələ dururdu - Yeni şahın seçilməsi. Qurultayda Nadir şah elan edildi və bununla da Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu.

Musa müəllim deyir ki, Muğan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxan Ziyadoğlular adı ilə məşhur olan Gəncə xanları Qarabağın otuzikilər, Kəbirli və Cavanşir tayfaları sonradan Xorasana sürgün edilirlər. Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyliklərini birləşdirərək, Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Bu bölgünün mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı İbrahim xan oldu.

Maraqlıdır ki, eyni hərəkəti təxminən 60 il sonra Ağa Məhəmməd Şah Qacar təkrarlayır. Elə bu yerdə.

- 1795-ci ildə Ağa Məhəmməd şah Qacar özünün 60 minlik qoşununu Qafqaza yeridir. Bir il sonra isə o, İrəvan qalasını fəth etdi. İrəvan yürüşündən geri qayıdarkən Ağa Məhəmməd xan Muğan düzündə təntənəli tacqoyma mərasimi keçirdi. Bir fakt; təzə tac dörd lələkdən ibarət idi. Həmin dörd lələk İran, Hindistan, Əfqanıstan və Orta Asiya üzərində hökmranlığın rəmzini göstərirdi. Tacqoyma zamanı Ağa Məhəmmədə şah qılıncı da verirlər. Onun tacqoyma mərasimi sonradan Qacarlar sülaləsində bir ənənəyə çevrildi.

*

Azərbaycanın çarizm tərəfindən  işğalından sonra bu ərazidə yeni idarə üsulu yaradıldı. 1868 - ci ildə Bakı quberniyası tərkibində Cavad qəzası təşkil olundu.  Və Cavad Petropavlovka adlandırıldı. Bundan sonra isə indiki Ukrayna ərazindən burlara yüzlərlə ailə köçürüldü. Və bir də 1931 - ci ilin oktyabrın 7 - də Petropavlovka  Mirzə Ələkbər Sabirin şərəfinə Sabirabad adlandırıldı.

*

Rayonda olduqca maraqlı tarixi abidələr var. Tarixi mənbələrə görə, Zəngənə kəndində 4-cü əsr Atropatena dövründə əsası qoyulmuş Ultan qalası adlı qala-şəhəri mövcud olub. Rayonun ən qədim tarixi memarlıq abidələrindən biri Baba Samid türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. Baba Samid türbəsində “Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur” sözləri yazılan kitabə var. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur.

Türbə hələ də əhali tərəfindən yad edilir. Rayonun ən böyük kəndlərindən olan Qalaqayının məscidinin daş kitabəsi də bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunub.

Burda maraqlı rəvayətlər də dolaşır. Məsələn, bir rəvayətə görə, Həzrəti Əlinin yolu Cavad kəndindən keçir və o, yolüstü süfrə açıb nahar edir. Süfrəsini bu yerlərə səpdiyi üçün indi də Cavadda bu yerləri “süfrə çala” adlandırılar. Bu yerlərin ruzi-bərəkətli olmasını da bu əfsanə ilə bağlayırlar.

Enolit dövrünə aid arxeoloji tapıntılar bu yerlərdə yaşayışın çox qədimlərə aid olduğunu göstərir. Suqovuşan, Surra, Qalaqayın, Cavad, Şəhərgah xarabalıqları, Qaratəpə, Abdulian, Qaraqaşlı, Cavad, Bulaqlı, Kürkəndi nekropolları buna misaldı.

*

Sabirabad deyəndə ilk yada düşəndə qarpızdı. Doğrudan da bu yerlərin qarpızı dadına, tamına, şirinliyinə görə, çox seçilir. Rayonda yetişdirilən qarpız Rusiya başda olmaqla əksər ölkələrə ixrac olunur. Hətta ərəb ölkələrinə də.

“Sabirabadda yetişən qarpız niyə belə dadlıdı”.

Musa müəllim gülümsəyir:

- Bol su, bol günəş. Bir də bayaq dedim axı bura səpilən ruzi-bərəkət. Sən isə rəvayətlərə inanmırsan.

Bu dəfə inandım...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14739
avatar

Səbuhi Sədəf

Oxşar yazılar