Ölkədə sakitlik dövrü olsa da, bəzi ehtiyatda olan şəxslər hərbi təlimlərə cəlb edilir. Müdafiə nazirliyindən verilən açıqlamaya görə, bu təlimlərin əsas səbəbi daim yenilənən silah və texnikalar ilə tanış etməkdir. Elə bu istiqamətdə vaxtaşırı təlim toplantıları keçirilir.
Bu təlimə çağırılma qanunlar əsasında aparılsa da bəzi suallar qalır. Məsələn, təlimə cəlb edilən şəxslərin iş yerləri qorunacaqmı? Hətta elə şəxslər var ki, günəmuzd işləyib ailələrini dolandırırlar.
Bəs onların vəziyyəti necə olacaq? Maraqlıdır, təlim toplantısına cəlb edilən şəxslərə həmin müddət ərzində nazirlikdən hər hansı bir kompensasiya verilir? İş yerlərindən güzəşt edilirmi?
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, təlimə cəlb edilən hər bir şəxsin maaşı davamlı verilməlidir:
“Sənaye inkişaf etdikcə silahlar və texnikalar da daim yenilənir. Hər müharibədə yeni-yeni silahlı mübarizə metodları istifadə edilir. Bu yeni metodlardan, silahlardan və texnikadan istifadə qaydalarının öyrədilməsi üçün təlim planları qurulur. Əvvəlcədən təsdiqlənən plana uyğun olaraq vaxtaşırı təlim toplanışlarının keçirilməsi vacibdir. Beləliklə, ehtiyatda olan hərbi mükəlləfiyyətli şəxslər ordu ilə birlikdə təlimlərdə iştirak edir, bilik və bacarıqlarını artırırlar. Təlim toplanışları səfərbərlik və ya qismən səfərbərlik demək deyil.
Təlimlərdə iştirak edən şəxslərin aylıq maaşlarına gəldikdə isə onların aylıq gəlirləri vaxtı-vaxtında verilməlidir. Təlim toplanışlarına cəlb olunan şəxslərin iş yerlərində maaşları saxlanılmalıdır. Bu qanunvericilikdə öz əksini tapıb. Əgər kiminsə maaşı verilmir və dayandırılıbsa, o zaman məhkəməyə müraciət edə, həmin iş yerinin tabe olduğu üst qurumlara şikayətini bildirə bilər”.