Xəbər verdiyimiz kimi, ötən gün ehtiyatda olan gizir, “Kəşfiyyatçı Xanı” kimi tanınan Səyyaf Əhmədov Ağdamda minaya düşərək həyatını itirib.
Silahdaşları və onu tanıyanlar Lent.az-a Kəşfiyyatçı Xanı haqqında xatirələrini və bildiklərini danışıblar.
Şair Qulu Ağsəs
- Xanının çox gözəl səsi olub. Oxusaydı, Qarabağın Xanı olardı, amma Qarabağın bir Xanı var idi. Ona görə də, oxumadı və kəşfiyyatın Xanı oldu. Birinci Qarabağ müharibəsinə gedib sona qədər kəşfiyyatçı kimi döyüşdü. Vaxtilə onun əsgərlərindən olmuş bir nəfər onun həlak olması ilə bağlı danışırdı ki, 2008-2010-cu illərdə Xanı həftədə iki erməni tutub gətirirdi.
O, bir ifadəsiylə trend olmuşdu. Vətən Müharibəsindən sonra ermənilər gəlib əşyalarını aparırdılar, orada erməniyə sual verir ki, sən Ağdamda nə gəzirsən? Erməni deyir, qardaş, mən fəhlə adamam. Xanı cavab verir ki, qardaş ola bilməzsən, sən ermənisən və hələ də danışanda gülürsən. Dedi ki, get və sənin ayağın bir də bu torpağa dəyməyəcək.
Onun həyatını o vaxtı da izləmişdim. Allah onu şəhid olmaq üçün yaratmışdı. Hər iki Qarabağ müharibəsində sağ qalsa da, həmişə düşünürdüm ki, o adam şəhid olacaq. Ona görə dünən yazdım ki, Qarabağın bülbülü, kəşfiyyatın xanı - bu torpağın üstün qarış-qarış gəzmişdi, indi də getdi altını kəşf eləməyə.
Bir Xanıda, bir də Müşfiq Abbasovda zənnim məni yanıltmadı. 2018-ci ildə onu bir şəhid tədbirində gördüm. Baxdım ki, sağ qaldığına görə utanır. Fikirləşdim ki, yenə müharibə olsa, o öləcək. Vətən Müharibəsində o övladlarını da götürüb getdi və şəhid oldu. Dünən bütün saytlar yazmışdı ki, Kəşfiyyatçı Xanı həlak olub. Rəylərdə hamı yazmışdı, həlak olmayıb, şəhid olub. Minaya iki halda düşürlər: ya ehtiyatsızlıq ucbatından, ya da özgüvəndən. Hər yeri tanıyırdı deyə, elə gəlirdi ki, heç nə ola bilməz ona.
Qazi Pərviz Hacıyev
- Vətən Müharibəsində bir yerdə döyüşmüşük. Döyüşlərdən birində 4 nəfər qabaqda gedirdik. Xanı məni saxlayıb dedi ki, dayan. Qarşımızda otları aralayıb dedi, minanı görürsən? Xanı bizi minadan qurtardı. Həm də çox gözəl səsi var idi. Əliağalı kəndində Qarabağ Şikəstəsini oxumuşdu.
Birinci Qarabağ müharibəsi qazisi Mahir Rzayev
- Xanı çox mərd, cəsur oğlan idi. O, heç vaxt imkan verməzdi ki, hansısa bir yoldaşı döyüşdə ondan irəli getsin.