Cənubi Sudanda 150-dən çox insan naməlum xəstəlikdən dünyasını dəyişib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Conqley ştatında baş verib. İlkin araşdırmalar zamanı həmin adamların vəba xəstəliyindən vəfat etdiyi bildirilsə də, sonradan həkimlər versiyalarını dəyişiblər. Gələn xəbərlərə görə, bu virus keçidir və hava-damcı yoluyla yayılır.
Rusiya Elmlər Akademiyasının Molekulyar Biologiya laboratoriyasının müdiri Pyotr Çumakov bildirib ki, bu, geniş yayılmış bağırsaq infeksiyasıdır. Onun dediyinə görə, naməlum xəstəlik rotavirus a yoluxma nəticəsində yayılır. Həmin virus insanlara hava-damcı yolu ilə keçir və sürətlə yayılır.
Dünya Səhiyyə Təşkilatının statistikasına görə, rotavirus infeksiyası əsasən, Asiyanın inkişafda olan ölkələri və Afrikada hər il 500 min uşağın ölümünə səbəb olur.
İlk dəfə 1973-cü ildə avstraliyalı mütəxəssislər tərəfindən aşkar olunmasına baxmayaraq, rotavirus infeksiyası müasir dövrdə də öz aktuallığını saxlayır. Bəzi statistik məlumatlara görə, 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törədilir.
Rotavirus sözünün mənası latıncadan rota - halqa mənasını verir və bu, virusların mikroskop altında halqaya bənzəməsi ilə əlaqədardır. Onlar aşağı temperatura olduqca davamlıdır. Elə bu səbəbdən də bəzən “bağırsaq qripi” adlandırılan infeksiya, xüsusilə payızın axırları və qışın əvvəllərində geniş yayılaraq xəstəlik törədir. Adətən sporadik xarakter daşısa da, bir sıra hallarda epidemiyalara da səbəb olur.
Araşdırmalar sübut edir ki, bir çox xəstələrdə ilkin olaraq kataral əlamətlərlə başlayır və daha sonra bağırsaq əlamətlərinə keçir. Uşaqda zökəm, az-az quru öskürək, dəridə müəyyən səpgilər, bronxlarda xırıltı və xışıltı müşahidə edilirsə, demək, bu virusa yoluxma var. Bunlar məhz bağırsaq infeksiyasının başlanması üçün siqnal xarakterli ola bilər. Yəni bütün bunlar başlanğıc üçün ilkin əlamətlər sayılır. Bu həmin virusun spesifik göstəricisidir.
Mütəxəssislərin fikrincə, konkret olaraq rotavirusun yay və yaxud digər mövsümlə bağlı olan infeksiya olduğunu demək olmaz.
Belə bir fikir var ki, virus qışda daha çox yayılır. Əslində isə elə deyil. Bəzi viruslar, məsələn, bağırsaq virusları konkret yay mövsümündə daha çox yayılır. Amma mövsümün iqlim xüsusiyyətləri dəyişə, uzana da bilər. Bu virusun daha çox su ilə yayılması halını qeyd etmək olar. Çirkab sularında olan rotavirusların miqdarı, yaxud konsentrasiyasının göstəricisi, özü elə epidemioloji göstrəricidir.
Mütəxəssis vurğulayıb ki, bütün yaşlarda rotavirsla yoluxma qeydə alınsa da, bu virus daha çox beş yaşına qədər uşaqlar arasında geniş yayılır. Amma iki yaşa qədər olan müddətdə bu virusa yoluxma daha təhlükəli hesab olunur. Əgər statistikaya baxsaq, yer kürəsində 5 yaşına qədər 125 milyon uşaq bu virusa yoluxur. Hətta bu virusla bağlı ölüm faizi də çox böyükdür. Burada ölümün səbəbi su itkisidir. Ürək çatışmazlığı, böyrək çatışmazlığı, beyin ölümü və s. hallar su itkisi nəticəsində yaranır.
Maraqlıdır ki, bir dəfə rotavirusa yoluxmaq orqanizmdə qoruyuculuq yaratmır. Yəni dəflərlə bu virusa yoluxmaq mümkündür. Amma bir dəfə vurusa yoluxan şəxsdə növbəti yoluxma zamanı daha yüngül kliniki əlamətlər müşahidə olunur.
Virusoloqların fikrincə, gündə iki və ya daha artıq qusma halının olması, ishalın üç və ya daha artıq baş verməsi və yüksək temperatur bu infeksiyadan şübhələnməyə əsas verir.
Rotaviruslara yoluxmanın qarşısını almaq üçün əllər tez-tez yuyulmalı, uşağa yalnız qaynadılmış su verilməli, meyvə-tərəvəz axar su altında təmiz yuyulmalı, göyərtilər təmiz yuyulduqdan sonra sirkəli suda saxlanmalı, daim təmizlik üçün tədbirlər görülməlidir.