"Sürücülər təhlükəsizliyin təmin edilməsi baxımından avtomobilin texniki baxımdan saz olmasına üstünlük verməlidirlər".
Bu sözləri sabaha gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edən Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a açıqlamasında deyib. O bildirib ki, hərəkət iştirakçıları mütləq əvvəlcədən verilən proqnozlara uyğun qaydalara əməl etməlidirlər:
Vaqif Əsədov
“Biz də hava şəraitinin kəskin dəyişməsilə bağlı verilən proqnozları nəzərə alaraq bir daha sürücülərə müraciət edirik.
Nəzərə alsaq ki, sinoptiklər artıq əvvəlcədən Bakı şəhərində, eləcə də ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə məlumat verirlər, deməli, sürücülər buna hazırlıqlı olmalıdır. Belə havada avtomobili idarəetməyə uyğunlaşmış sürücülərə şərait yaradılmalıdır. Qarlı hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Təkərlərin mövsümə uyğun olmasına diqqət yetirmək lazımdır. Şüşəsilənlərin işləməsi, avtomobildə suyun antifriz olması vacibdir.
Piyadalara və sərnişinlərə də müraciət edirik ki, yolların hərəkət hissəsinə çıxmaq olmaz. Sərnişinlər təhlükəsizlik kəmərlərindən istifadə etməlidirlər.
Sürücülər ara məsafəsi saxlamalıdırlar, sürət həddini aşağı salmalıdırlar. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanının görünməsi təmin edilməlidir. İşıq cihazları təmiz saxlanılmalıdır.
Sürücülər Bakı şəhəri ərazisini tanıyırlar. Bilirlər ki, enişli-yoxuşlu yollar, sərt döngələr hər zaman sürüşmə ehtimalı yaradır. Bu ərazilərdən keçərkən diqqətli olmalıdırlar. Təhlükəsizliyin təmin edilməsi baxımından idarə edilən avtomobilin texniki baxımdan saz olmasına üstünlük verməlidirlər".
Qeyd edək ki, sinoptiklərin proqnozuna görə, Bakıda fevralın 17-i axşam və 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur.