Gəncədə Cavad xanın xatirəsi anıldı
04 yanvar 2021 15:18 (UTC +04:00)

Gəncədə Cavad xanın xatirəsi anıldı

Bu gün Gəncədə 1804-cü ildə Çar Rusiyasının müstəmləkiçilik siyasətinə qarşı apardığı döyüşlərdə qəhrəmancasına həlak olan Cavad xanın xatirəsi anılıb.

APA-nın Gəncə bürosunun xəbərinə görə, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. 

Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,  Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Cavad xan Tarix və Mədəniyyət Fondunun Birinci vitse-prezidenti Müzadil Həsənov, millət vəkili Naqif Həmzəyev, Gənşə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev iştirak ediblər. Onlar Cavad xanın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. 

Bu il ölkədə tədbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ictimaiyyət nümayəndələri və şəhər sakinləri anım mərasiminə qatılmayıblar. 

Tarixi mənbələrdə qeyd olunur ki, Gəncə qalası əlverişli coğrafi mövqedə yerləşdiyindən önəmli rola malik idi. Sırf bu səbəbdən də Çar Rusiyası üçün Gəncə qalasının tutulması əsas hədəflərdən idi. Bir neçə dəfə Gəncə xanlığının hökmdarı Cavad xana təslim olmaq təklif olunur. Hər dəfəsində rədd cavabı alan General Pavel Sisianov nəyahət, 1803-cü il noyabrın 20-də Tiflis istiqamətindən Gəncəyə sarı hərəkətə başlayır. Qoşun dekabr ayında Gəncə qalasına çatır. General Pavel Sisianov müəyyən hazırlıqdan sonra 3 yanvar 1804-cü ildə hücum əmrini verir. Cavad xan oğulları ilə birlikdə Gəncə xanlığının azadlığı uğrunda son damla qanınadək mərdliklə mübarizə aparır və qəhrəmancasına həlak olur. 

Qeyd olunub ki, Cavad xan öz ölümü ilə yüksəlib, qəhrəmanlıq, mərdlik simvoluna çevrilib. Bu gün onun xatirəsi hər bir gəncəlinin, ürəyi azadlıq eşqi ilə döyünən hər bir azərbaycanlının qəlbində, xatirində yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800
avatar

Oxşar yazılar