“Formula”  pilotları ilə yarışan avtobus sürücülərimiz
14 iyun 2022 15:18 (UTC +04:00)

“Formula” pilotları ilə yarışan avtobus sürücülərimiz

İki gündür ölkə gündəmi tur səfərinə çıxarkən qəzaya uğramış məktəblilərlə bağlı xəbərlərlə çalxalanır. Qəzəblənmiş valideynlər gah heç bir şeydə günahı olmayan  tur bələdçisini döyürlər, gah sürücünü günahlandırırlar, gah tur şirkətini qınayırlar ki,  kompensasiyamızı vermədi, müalicəmizə pul ayırmadı. Hamı günahkar oldu və eyni zamanda heç kim günahkar olmadı.

Məlum məsələdir ki, yay aylarında məktəblilər toplanıb hansısa rayona səyahətə gedirlər. Təşkilatçılığı kim edir? Məktəb və valideynlər. Öz aralarında danışırlar, kimsə bir avtobus sürücüsü ilə danışır, pulunu verir  yola çıxırlar. Bəzən üz tuturlar rayonlara tur təşkil edən şirkətlərə. Rayonlara tur təşkil edən “şirkət”lər deyəndə ağlınıza sənədli, sübutlu  ciddi bir qurum gəlməsin. Sadəcə kimsə sosial şəbəkələrdə səfər təşkili ilə bağlı elanlar verir, bir avtobus dolusu müştəri toplananda bir sürücü tapıb, bir bələdçi qoşub göndərirlər səfərə. Bələdçi bu turda yol boyu  karvanı əyləndirmək, düşəcəkləri restoranda öncədən yemək sifariş etmək, hara gedəcəklərinə dair məlumat verən adam vəzifəsi daşıyır. Səfərin sonunda 20-30 manatını qoyur cibinə. Vəssalam. Tur təşkilatçıları səfər olunacaq rayonda,  hansı restoranda çay içiləcək, yemək yeyiləcək, hansı görməli yerlərə gediləcək, hansı oteldə qalınacaq, hansı avtobusla gediləcək kimi sualları cavablandırır, səfəri təşkil edir, pulunu alır. Avtobus sürücüsünün peşəkarlığına  cavabdeh ola bilmir. Çünki əlində vəsiqəsi olan adama möhürlü, imzalı vəsiqə verilibsə, deməli  bu işi bacarır. Burda çatırıq dananın quyruğunun qopduğu yerə.

Sürücülük vəsiqəsini bizdə necə alırlar, necə verirlər məlumdur. Özü zəhmət çəkib, oxuyub alanlar da var. “Alış- veriş” edib 1000 manata vəsiqə sahibi olanlar da. Avtobus sürücüsü  adını, D kateqoriyasını qazanmaq əslində daha  çətin edilməlidir, amma və lakin...

Uzağa getməyəcəm, gördüyümdən danışacam. Hər gün istifadə etdiyim 57 saylı bir marşrut xətti var. Dəfələrlə sürücüləri içkili, hətta narkotik maddə təsiri altında olsalar da, cərimələnsələr də, şikayət edilsələr də, yenə də iş başındadırlar. Bu xəttin sahibi hər kimdirsə, sanki fövqəlgüc sahibidir. Dəfələrlə sərnişinlərdən gələn şikayətlər havaya uçur, nə xətt sahibi dəyişir, nə də onların şaq-şaq şaqqıldayan  sınıq sökük avtobusları, nə də sərnişinlərlə kobud davranan, tərbiyəsiz sürücüləri. Söz deyəndə qayıdıb çəmkirirlər, avtobusda öz kefləri istədikləri kimi musiqiləri qoyub “ömür boyu tənha yaşa, ay  kasıb oğlan”, “ bir dənə belə, bir dənə elə” kimi bəsit, zəhlətökən mahnılar altında dəmlənə-dəmlənə Formula-1 sürücülərini belə heyran qoyan manevrlər edirlər. 
Sürücülər gecikəndə maşını addım- addım sürür, tələsəndə isə təyyarə ilə yarışırlar. Avtobuslar o qədər köhnədir ki, sürət həddi aşılan kimi oturacaqlar yerindən oynayır, qapılar açılıb örtüləndə az qalır çıxıb sərnişinin başını yara. Sürücüyə “ehtiyatlı sür və ya sürətlənin çox asta gedirik” deyəndə əsasən gənclərdən ibarət və demək olar ki, xaraktercə hamısı bir-birinə bənzəyən sürücülər “ düşün piyada gedin, taksi çağırın, kefim belə istəyir, ağzımı açdırma mənim , durub payını verərəm”  şəklində çox kobud cavab verirlər. Pul da verirsən, təhqir də olunursan.

Bu marşrutda minib düşənlərin çoxu mömin müsəlman olub. Bilirsiniz niyə? Riskli yolçuluqdan sonra, avtobusdan sağ düşdüklərinə görə - düşən Allaha dua edir, əyilib asfaltı öpür.

İnsanların canının əmanət elədiyi ictimai nəqliyyata tam və keyfiyyətli nəzarət nə zaman olacaq? Şəhər mərkəzlərindəki “Baku Bus”larda vəziyyət normaldır. Bəs “arka sokaklarda?”. Gərək elə mütləq ölüm-itim ola sonra hərəkətə keçilə? Ölüm-itim olanda gəlmək polis və mollanın işidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3384
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar