Fındıqla qızınanlar, yola yıxılmış dirəklər, uşaqların çaqqal qorxusu - "Nə vaxt düzələcəyini bilmərəm"
07 oktyabr 2021 18:10 (UTC +04:00)

Fındıqla qızınanlar, yola yıxılmış dirəklər, uşaqların çaqqal qorxusu - "Nə vaxt düzələcəyini bilmərəm"

“Biz küçədən “ay Allah, özün bizə kömək ol” deyə-deyə keçirik. Kənddə salamat bircə işıq dirəyi yoxdu. Dirəklər çürüyüb uçub, yerdədi, tok vurub öldürəcək bir az ehtiyatsız olsan”. 

Bunu Lent.az-a Xaçmaz rayonunu Tikanlıoba kənd sakini Qəzənfər Laçınov deyir.  Onun dediyinə görə, Xaçmaz şəhər mərkəzindən bir neçə kilometr aralıda yerləşən kənddə əsil rəzalət hökm sürür. 
”Dünyanın heç bir yerində, hətta Afrika qitəsində belə işıq naqillərini ağaclara bağlayaraq evlərə paylamırlar. İşıq dirəyi funksiyasını bizim kənddə ağaclar yerinə yetirir. Bəzi yerlərdə isə dirək düşüb yerə, amma naqillə tok gedir. Heç kimin də vecinə deyil. Axı uşaq gedir yolla, qoca gedir, qadın gedir”. 


Tikanlıobalıların Xaçmaz Regional Elektrik Şəbəkəsindən tutmuş, digər yüksək instansiyalara qədər şikayət etmədikləri yer qalmayıb. Qəzənfər Laçınovun dediyinə görə, hamı vəd verməklə məşğuldu. Bu kənddə dirəklər sovet vaxtından, təsəvvür edin 30 ildən çoxdu dəyişilməyib. Bu sahədə yaranan problemləri  isə sakinlər özləri kustar üsullarla həll edirlər. 

Kənd sakini deyir ki, külək olanda xətlər qırılır, dirəklər aşır. 
“İşıq idarəsinə zəng etsək də, heç kim kəndə gəlmir, təmir etmir. Əslində, son vaxtlar daha zəng də etmirik. Onsuz da gələn deyillər. Özümüz yığışıb bir təhər düzəldirik. Azca külək əsən kimi işıq sönür. Bax, mən indi sizinlə danışıram, yenə işıq yoxdu. Olanda da zəif olur. Məişət əşyaları düz-əməlli işləmir”. 
Laçınov deyir ki, kənd Xaçmaz şəhərindən vur-tut 12 km aralıdadır. 
“Amma kənddə yol olmadığından, təcili yardım iki saata gəlib çıxır. Uşaqlar azca yağış olan kimi dərsə gedə bilmirlər. Suyun içiylə, palçıqlar necə getsinlər ki? Bir yandan da çaqqallar. Hə, düz eşitdiz, çaqqallar. Böyük adama hücum edirlər günün günorta vaxtı. O ki uşaq ola. Qorxumuzdan uşaqları da özümüz aparıb gətiririk. Dərd birdi, ikidi? Heç biri də həllini tapmır”. 

Qəzənfərin dediyin görə, kənd su qıtlığı da yaşayır. Bu kənddə əsas məşğuliyyət əkinçilik və maldarlıqdı. Amma nəinki əkin, içməyə belə su tapılmır. 
Kənddə qaz da yoxdu. Tikanlıobanın yaxınlığından qaz xətti keçiR amma bu kəndə verilmir.
“300 manat verib fındıq qabığı alıb qızınırıq. Hamı da yığılır bir otağa. Ay yarımdan sonra yenə də almağa məcburuq. Soyuqdan donub ölməyəcəyik ki?” 

Məsələylə bağlı Xaçmaz Regional Elektrik Şəbəkəsiylə əlaqə saxladıq. Qurumun mühəndisi Adil İbrahimov Lent.az-a açıqlamasında bildirdi ki, hazırda bu məsələnin qısa müddətdə həll olunması mümkün deyil. 
“Layihələndirmə işləri gedir. Bizdən asılı heç nə yoxdu. Nə vaxt düzələcəyini isə bilmərəm”. 
Dirəklər isə aşmaqda davam edir…

# 7155
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar