Falçılıq və ekstrasenslik: inam, yoxsa dələduzluq?
03 fevral 2025 16:38 (UTC +04:00)

Falçılıq və ekstrasenslik: inam, yoxsa dələduzluq?

Tarix boyuk insanlar qeyri-adi hadisələri izah etmək və gələcəyi öyrənmək məqsədilə falçılıq və ekstrasenslik fəaliyyətlərinə böyük maraq göstəriblər. Müxtəlif mədəniyyətlərdə falçılar və ekstrasenslər ya mistik güclərə malik şəxslər kimi qəbul olunub, ya da insanlıq üçün təhlükəli qüvvələr hesab edilərək cəzalandırılıblar. Bu baxımdan tarixdə sehrbazlıq, cadugərlik və falçılıqla bağlı fərqli yanaşmalar olub. Belə ki, bəzi dövrlərdə və cəmiyyətlərdə bu fəaliyyətlər qanunla qadağan edilərək ağır cəzalar tətbiq edilib, digərlərində isə onların fəaliyyətinə icazə verilib və hətta statusları müəyyən hüquqi qaydalarla nizama salınıb.

Müasir dövrümüzə gəldikdə isə qeyd edək ki, falçılıq və ekstrasenslik fəaliyyəti ilə bağlı hüquqi tənzimləmələr ölkədən ölkəyə dəyişir. Bəzi dövlətlərdə bu fəaliyyət kommersiya xidməti kimi qanuniləşdirilib və xüsusi lisenziya tələb edilir, digər qrup dövlətlərdə isə bu iş dələduzluq və ictimaiyyəti aldatma kimi qiymətləndirilir. Xüsusilə, falçı və ekstrasenslərin insanları aldatmaq yolu ilə maddi qazanc əldə etməsi bir çox ölkədə hüquqi məsuliyyət yaradır.

Ümumiyyətlə, adıçəkilən fəaliyyət hüquqi çərçivəyə salına bilərmi, yoxsa bu cür fəaliyyətlər tamamilə qadağan edilməlidir?

Gəlin, məsələyə hər iki aspektdən yanaşaq. Birincisi, onu deyək ki, bəzi ölkələrdə falçılıq və ekstrasenslik fəaliyyətinin qanunla tənzimlənməsi bu sahədə şəffaflıq və nəzarətin təmin edilməsi ilə əlaqələndirilir. Məsələn, belə dövlətlərdə bu fəaliyyətlə məşğul olan şəxslərdən müəyyən peşə standartlarına uyğun lisenziya tələb edilir. Hesab edilir ki, bu, onların fəaliyyətlərinin müəyyən çərçivədə icra olunmasını təmin edir.

Bir qrup ölkədə isə insanları aldatmaq yolu ilə maddi və mənəvi ziyan vuran falçılar dələduzluq kimi cinayətlərə görə məsuliyyətə cəlb edilir. Bu məsələnin hətta reklam qanunvericiliyi ilə tənzimlənməsi də maraqlı ola bilər. Çünki bununla reklamlarda saxta vədlər verilməsi qadağan edilə bilər. Məsələn, “100% gələcəyi görürəm” kimi açıqlamaların qarşısı alınar.

Məsələyə digər aspektdən yanaşsaq, yəni falçılıq və ekstrasenslik fəaliyyəti tamamilə qadağan edilərsə, bunun arxasında bir neçə səbəb ola bilər. Bunlardan birincisi, dini və etik məsələlərlə bağlıdır. Belə ki, bəzi cəmiyyətlərdə sehrbazlıq və falçılıq dinlə ziddiyyət təşkil edir və bu səbəbdən  də qəbul olunmazdır.

Bundan başqa, falçılar və ekstrasenslər insanları inandıraraq onların zəif anlarından istifadə edib maddi qazanc əldə edə bilirlər. Bu da ictimai ədalət baxımından qəbuledilməz sayılır. Falçılıq və ekstrasenslik fəaliyyətinin qadagan edilməsinin başqa faktorlarla da əlaqələndirilməsi mümkündür. Belə ki, müasir dövrdə elmin və rasional düşüncənin gücləndirilməsi məqsədilə belə irrasional fəaliyyətlərə yer verilməməsi təbliğ oluna bilər.

Bu sahədə xarici ölkələrin qanunvericiliyinə nəzər salmaq maraqlı olar. Qeyd edək ki, Böyük Britaniyada 1735-ci il tarixli "Cadugərlik Qanunu" ("Witchcraft Act") cadugərlik fəaliyyətini qadağan edirdi və bu qanun 1951-ci ilə qədər qüvvədə qalmışdır. 1951-ci ildə bu qanun ləğv edilərək onun yerinə "Fırıldaqçılıq Qanunu" ("Fraudulent Mediums Act") qəbul edildi. Həmin qanun isə ruhlarla əlaqə qurduğunu iddia edən şəxslərin fırıldaqçılıq etməsini qadağan edirdi. Nəhayət, 2008-ci ildə ölkədə bu qanun da ləğv edildi və onun əvəzinə "İstehlakçıların müdafiəsi qaydaları" ("Consumer Protection from Unfair Trading Regulations") qüvvəyə mindi. Bu qaydalar aldatma və fırıldaqçılıq hallarını ümumi şəkildə tənzimləyir və falçılıq və ekstrasenslik fəaliyyəti də bu çərçivədə qiymətləndirilir.

Lakin nə qədər təəccüblü də olsa, Böyük Britaniyada tanınmış ekstrasens Sally Morgan 2011-ci ildə Dublin şousu zamanı tamaşaçıların onun fırıldaqçılıq etdiyini iddia etməsindən sonra tənqidçilərə qarşı hüquqi tədbirlər görmüşdür. O, İrlandiya Radyosu və bəzi jurnalistlərə qarşı böhtan iddiaları ilə məhkəmə prosesləri başlamışdır. Nəticədə, bəzi tənqidçilər üzr istəmiş və təzminat ödəməyi qəbul etmişdir.

Yeni Zelandiyada da "Cadugərlik Qanunu" ("Witchcraft Act") Böyük Britaniyanın 1735-ci il tarixli eyni adlı qanunvericiliyindən götürülmüşdür və falçılıq və cadugərlik fəaliyyətini qadağan edir. Bu qanuna əsasən falçılıqla məşğul olan şəxslər cərimə və ya azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilərlər.

ABŞ-da falçılıq və ekstrasens fəaliyyəti ilə bağlı qanunlar ştatdan ştata dəyişir. Bəzi ştatlarda bu fəaliyyətlər qanunla tənzimlənir və lisenziya tələb olunur, digərlərində isə belə tənzimləmələr yoxdur. Məsələn, Merilend ştatında falçılıq qanunsuzdur və bu fəaliyyətlə məşğul olan şəxslər cərimə və ya azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər. Digər müəyyən ştatlarda isə falçılıq və ekstrasens fəaliyyəti qanunidir, lakin dələduzluq və aldatma halları baş verərsə, bu, cinayət məsuliyyətinə səbəb olur. Maraqlıdır ki, 1990-cı illərdə ABŞ-da televiziya reklamları ilə tanınan "Miss Cleo" ləqəbli Youree Dell Harris falçılıq xidmətləri təklif edirdi. Onun təmsil etdiyi şirkət "Access Resource Services, Inc." Federal Ticarət Komissiyası tərəfindən aldatma və fırıldaqçılıq ittihamları ilə məhkəməyə verilmiş, nəticədə, şirkət 2002-ci ildə 5 milyon dollar məbləğində cərimə ödəməyi və fəaliyyətini dayandırmağı tələb edilib.

Səudiyyə Ərəbistanında isə falçılıq və cadugərlik birmənalı olaraq ciddi cinayət hesab olunur və bu fəaliyyətlə məşğul olan şəxslər ağır cəzalarla, o cümlədən ölüm cəzası ilə cəzalandırıla bilərlər. Bu, təbii ki, ölkənin islam hüququna əsaslanan qanunvericiliyindən irəli gəlir.

Bu sahədə Rusiya təcrübəsi də maraq doğurur. Belə ki, ölkədə ekstrasenslərin fəaliyyəti geniş yayılıb və bəzi hallarda televiziya proqramlarında da nümayiş olunur. Lakin bu sahədə aldatma və ya dələduzluq halları baş verərsə, bu, cinayət məsuliyyətinə səbəb ola bilər.

Azərbaycana gəldikdə, qeyd edək ki, falçılar və ekstrasenslərin fəaliyyəti ilə bağlı xüsusi qanunvericilik mövcud deyil. Lakin onların fəaliyyəti zamanı dələduzluq və ya aldatma halları baş verərsə, bu cür əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət məsuliyyətinə səbəb olur. Məsələn, əgər ekstrasens və ya falçı insanları bilərəkdən yanlış məlumatlarla aldadaraq maddi zərər yetirirsə, onların barəsində cinayət işi başlana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185

Oxşar yazılar