Evi yandırırlar, qız gətirirlər, çirkli saxlayırlar - Sızlar yada düşəndə...
07 dekabr 2021 18:43 (UTC +04:00)

Evi yandırırlar, qız gətirirlər, çirkli saxlayırlar - Sızlar yada düşəndə...

“Biz eyni kənddə yaşayırdıq, bu il ikimiz də eyni kollecə daxil olmuşuq”.

Bunu Lent.az-a Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində olan İnşaat Kollecinin tələbələri Elmin və Rəsul deyir. Tələbələrin dediyinə görə, onlar hələ də qohum evində qalırlar. Uzun müddətdir ki, nə bina, nə də həyət evində bir otaq belə tapa bilmirlər ki, ora köçsünlər.

Bəs Azərbaycanda kişilər niyə kirayə ev tapmaqda çətinlik çəkirlər?

Məsələylə bağlı Lent.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, torpaqlar işğal olunanda məcburi köçkünlərin bir hissəsi yataqxanalara yerləşdirildi:

“Bu səbəbdən də tələbələrin bir çoxu yataqxanalardan məhrum oldular. Bu da ən çox oğlan tələbələrə mənəvi ziyan vurdu. Ev sahibləri xanımlara kirayə ev verəndə təmizlikdən, qonşulardan şikayət gəlməyəcəyindən, səs-küydən rahat olurlar. Amma ev sahiblərində belə bir fikir formalaşıb ki, oğlanlar evi təmiz saxlamır, tez-tez dostları gəlir evə, səs-küy yaradırlar. Buna görə də oğlanlara ev verməkdən qaçırlar”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirir ki, ev sahibləri daha çox təhlükəsizlik tədbirlərinə görə oğlanlara ev vermirlər: 

“Neçə dəfə olub ki, oğlanlar kirayə qalan evdə yanğınlar, partlayışlar baş verib. Oğlanlar tez-tez evlərdə məclis təşkil edirlər, qız dostlarını dəvət edirlər. Bu da evin təmirinə ziyan vurur və qonşuların şikayətinə səbəb olur. Hətta deyərdim ki, oğlanların 90 faizi evi səliqəsiz saxlayır.  Ona görə də düşünürəm ki, ev sahiblərinin oğlanlara ev verməmək üçün əsasları var”.

Əmlakçıların bir çoxu da mediaya bu mövzu ilə bağlı açıqlama verəndə deyirlər ki, kirayə ev verən şəxslərin çoxu evlərini ailəli şəxslərə vermək istəyirlər. Oğlan tələbələrə isə çox zaman ev vermədiklərini deyirlər. Onların fikrincə, ev sahiblərinin 90 faizi qızlara üstünlük verir. Bunun səbəbi isə oğlanların evi təmiz saxlamamağı, işığı yanıq vəziyyətdə qoymaları və qeyri-etik hərəkətlər etməkləridir deyə vurğulayırlar.

Oğlanlara niyə kirayə ev verilmir sualı ilə bağlı sosial şəbəkələrdə kiçik bir sorğu keçirtdik. Oğlanların cavablandırdığı sorğu nəticəsindən də belə məlum oldu ki, onlara daha çox evə əks cinsin nümayəndəsini dəvət etdikləri və evi təmir saxlamadıqları üçün kirayə evlər verilmir.

Bu problemin həlli üçün əlac qalır universitetlərin yataqxanalarının tikilməsinə və yaxud da təmir edilməsinə. Bir də tələbə kampuslarının yaradılmasına. Problemin nə vaxt həll olunacağını isə zaman göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7599
avatar

Aytəkin Cəlali

Oxşar yazılar