"Sudan istifadə qaydalarına əsasən mexaniki su sayğacları evin içində olan abonentlərə, vətəndaş evdə olmadıqda, müəyyən səbəblərdən qapı açılmadıqda və ya sayğac məlumatları göndərilmədikdə, orta aylıq sərfiyyata uyğun hesabat yazılır".
Bu sözləri Lent.az-a açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, orta aylıq sərfiyyat son 12 ayın sərfiyyatı əsasında çıxarılır:
"Amma növbəti ay həmin ünvana gedib sayğac göstəricisini oxuyanda, proqramsal olaraq informasiya sistemləri üzərindən insan amili olmadan dürüstləşmə aparılır. Əgər siz bir ay ərzində 10 kubmetr su işlətmisinizsə və orta aylıq sərfiyat 15 kubmetrdirsə, deməli, 5 kub artıq sərfiyyat hesablanıb. Belə olduqda, növbəti ayda proqram onu avtomatik olaraq 10 kub kimi nəzərə alır".
A.Cəbrayıllı yaranmış borcla bağlı su təminatının dayandırılması məsələsinə də münasibət bildirib:
"Belə olan halda 99 faiz su təminatı dayandırılmır. Qeyd etdiyim kimi, qaydalar əsasən su sayğacları evin içində olan abonentlər üçün keçərlidir. Onların su təminatının dayandırılması üçün isə evə daxil olmaq lazımdır. Buna görə də yaranmış borca görə evlərdə su kəsilmir".