“Ağoğlan” məbədi
25 fevral 2021 18:51 (UTC +04:00)

“Ağoğlan” məbədi

Əsirlikdən xilas olan dualar... - Səbuhi Məmmədli Laçından yazır

 

…Sübh tezdən Horadizdən yola çıxan maşın karvanı Laçına tərəf üz tutdu. Hə, yolumuz Laçınadır. Sərt qayalar, qartallar yurduna. Laçın, həm də “qartal” deməkdi axı. Füzulinin, Cəbrayılın, Qubadlının işğaldan azad edilmiş, amma erməni vəhşiliyini yaşamış kəndlərindən keçirik. Vandalizm o həddədir ki, onlar nəinki evləri, məktəbləri viran qoyublar, bu cənnət məkanı sayılacaq yerlərdə bir ağac da qoymayıblar. Xarabalığa çevrilmiş səhranı xatırladır, bu yerlər. Amma çox keçməyəcək bu yerləri yenidən cənnətə çevirəcəyik.

***

Uzaqdan “Laçın” yazılmış yol lövhəsi görünür. Qəribə bir hiss bürüyür adamı. Doğrudanmı? Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı… O rayon indi yoxdu. İşğal da elə budu”. 22 il bundan əvvəl yazmışdı Azər Qaraçənli.

Azərbaycanın Qərb sərhədlərinin qurtaracağında bir rayon var, Azər. Biz artıq o rayondayıq. İşğal bitdi, həyata davam...

***

“Qayğı”ya çatırıq, “Qayğı” qəsəbəsinə. Həkəri çayının sahilində, dağətəyi ərazidə Ermənistandan didərgin salınmış Azərbaycan ailələri üçün tikilmişdi. “Qayğı” cəmiyyətinin vəsaiti hesabına salınmışdı. Oranı da viran qoyub erməni vandalları.

Elə oranı keçəndə “525”-dən olan əslən tovuzlu həmkarımız İlqar Tağıyev qəfil dillənir:

- Qaqa, buralar necə də bizim Əsrik dərəsinə oxşayır, e. Yolda mən İlqarın dediklərini başqa bir tovuzlu dostumuz Mehman Əhmədə yazıram. Mehman cavabında deyir ki, təxminən 10 ilin hadisəsidir. “Əslən Laçından olan bir əsgər Tovuzun Muncuqlu kəndində xidmətdə imiş. Atası onu görməyə gəlir. “Bahar” bulağına çatmamış kişi qəfil maşını saxladıb, düşür yerə. Dağlara baxaraq başlayır kövrəlməyə, sonrada hönkür-hönkür ağlayır. Musa dayıoğlu soruşur ki, nolub. Deyir, sən bilməzsən. Bura bizim “Çaşırlı qaya”ya oxşadı...

Musa qayıdır ki, elə biz də buranı eyni cür adlandırırıq – “Çaşırlı qaya”.

***

Laçının qəribə taleyi olub. Təsəvvür edin, 1923-cü ildə rəsmi Kremlin planlarına əsasən, Şuşa qəzası ləğv olunaraq, Dağlıq Qarabağ Vilayəti yaradılır. Vaxtilə Şuşa qəzasının tərkibində olan Laçın bir ildən sonra inzibati rayon mərkəzinə çevrilir. Onun adının seçilməsi böyük ədibimiz Tağı Şahbazi Simurqa həvalə edilir. O, həmin şəhərə Laçın adını verir.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Onun abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadirdi. 1992-ci ilin may ayına, yəni işğaladək bu rayonun mərkəzi Laçın şəhəri olmaqla 125 kəndi vardı. 

Birinci Qarabağ müharibəsi zamanı 264 şəhid vermişdi Laçın. 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdu.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdi.

***

Laçın şəhərinin mərkəzini keçib, dolanbac yollarla üzü Ağoğlan kəndinə - bura Kosalar da deyirlər - tərəf qalxırıq. Və bu da təsadüfi deyil. Çünki bir azdan burada qədim alban məbədi “Ağoğlan” monastırında Xocalı qurbanlarının anım mərasimi keçiriləcək. Azərbaycanlı həmkarlarımla bərabər mərasimi izləmək üçün Rusiya, Türkiyə, Yaponiya və Xorvatiyadan da jurnalistlər gəlib. Mərasimi isə Alban-udi xristian icması keçirəcək.

***

Öncə icma sədri Robert Mobili Xocalı qurbanlarının ruhuna kilsədə şam yandırdı. Sonra R. Mobili və icmanın sədr müavini Rafik Danakari, habelə Alban-udi xristian icmasının üzvləri şəhidlərin və Xocalı qurbanlarının ruhuna dualar oxudular.

Mərasimə qatılmış jurnalistlərə açıqlama verən R.Mobili bildirdi ki, bu gün ilahi ədalətə şahidlik edirlər: “O ilahi ədalət ki, başda Azərbaycan Prezidenti olmaqla müzəffər Azərbaycan Ordusu bərpa etdi. Azərbaycan əsgəri təkcə torpaqları deyil, dini məbədləri də əsirlikdən azad etdi. Yaşasın Azərbaycan, yaşasın ordumuz, yaşasın Prezidentimiz”.

“Ağoğlan” məbədinin əhəmiyyətindən danışan R.Mobili dedi ki, Laçında bir çox alban kilsəsi var: ““Ağoğlan” məbədi isə Laçın üçün, Qarabağ üçün bir mirvaridir. Şəhidlərimizin qarısında baş əyirik. Xocalı qurbanlarının ruhları qarşısında baş əyirik. Xocalı soyqırımı heç vaxt yaddaşdan silinməyəcək. Bu gün bizim bura ilk addımlarımızdır. Mən inanıram ki, gələcəkdə işğaldan azad edilmiş torpaqlardakı məbədlər, kilsələr bərpa olunacaq”.

***

Mərasimdən sonra yenidən Laçına qayıdırıq. Gələndə gördüyümüz, amma indi haqqında sizə danışacağımı dəhşətli mənzərənin bir də şahidi oluruq. Laçını tərk edən ermənilər illərdi  qanunsuz yaşadıqları evlərin də daşını daş üstə qoymayıblar. Evlərin damını, pəncərələrini, hətta elektrik naqillərini belə söküb aparıblar. Ən dəhşətlisi isə doğradıqları ağaclardır. Sözün həqiqi mənasında terror törədiblər; Bu dəfə ekoloji terror.

Təsəvvür edin, biz gördüyümüz yerlərdə qiymətli fıstıq, cökə, vələs, palıd ağacları qırılaraq, yandırılıb. Bütöv meşələr məhv edilib. Sonradan öyrəndik ki, işğalı dövründə Laçın meşələri ermənilər tərəfindən xarici şirkətlərə icarəyə verilib və həmin sahələr qırılaraq daşınıb. Bu meşələrdəki 4000 hektardan artıq qırmızı palıd, təbii halda bitən külli miqdarda iri qoz ağacları da qırılaraq mebel istehsalı üçün satılıb.

“Başı kəsik  gözəl kötüklər”ə ürək ağrısız baxmaq mümkün deyil. Adamın ağlından “Ay Laçın”ı zümzümə etmək keçir. “Ay Laçın”ı kim yazıbsa, bilinmir. Çünki xalq mahnısıdır. Amma Laçından danışanda ilk ağla gələn məhz “Ay Laçın” olur. Oxuyaq, “Can Laçın” deyək...

# 3069
avatar

Oxşar yazılar