dünyasını dəyişən azyaşlı Səyyad Bayramlı
12 oktyabr 2021 18:00 (UTC +04:00)

dünyasını dəyişən azyaşlı Səyyad Bayramlı

Əməliyyatdan sonra ölən uşaqla bağlı xəstəxanadan AÇIQLAMA

M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi 1 yaşlı Səyyad Bayramovun əməliyyatdan sonra ölümünə münasibət bildirib.

Lent.az-ın gündəmə gətirdiyi məsələ ilə bağlı "Qafqazinfo"nun sorğusuna cavab olaraq xəstəxanadan bildirilib ki, Bayramlı Səyyad Minar oğlunun valideynləri 24 sentyabr 2021-ci il tarixində İcbari Tibbi Sığorta Agentliyinin göndərişi əsasında anadangəlmə ürək qüsuru diaqnozu ilə mərkəzə müraciət ediblər:

"Aparılan exokardioqrafik müayinədə xəstədə kor triatrium və mitral qapağın kombinə olunmuş qüsuru mitral darlıq I dərəcə, mitral çatmamazlıq III dərəcə, sol qulaqcıqda membrana, sol ürək boşluqlarında kəskin genişlənmə aşkar edilib. Elektrokardioqrafik müayinədə xəstədə “Volf-parkinson-Vayt” sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu) qeyd edilib. 

Xəstənin valideynlərinə qüsurun mürəkkəbliyi və müalicəsinin yalnız cərrahi yolla olması barədə həmçinin əməliyyat və əməliyyatdan sonrakı dövrdə baş verə biləcək ağırlaşmalar haqqında geniş məlumat verilib. Həmçinin valideynə xəstədə yanaşı qeyd olunan “Volf-parkinson-Vayt” sindromunun riskləri və törədə biləcəyi fəsadlar barədə ətraflı izahat verilib. Valideynlər əməliyyat və əməliyyatdan sonrakı dövrdə baş verə biləcək ağırlaşmaları anladıqlarını bildirərək əməliyyata yazılı sürətdə razılıq veriblər. Bundan sonra xəstədə əməliyyat üçün zəruri olan müayinələr aparılıb. Müayinələrin nəticələrində əməliyyata əks göstəriş qeyd olunmayıb. Aparılan reanimasyon tədbirlərə baxmayaraq ürək fəaliyyəti bərpa olunmayıb, bioloji ölüm qeydə alınıb. 

Hazırda dünyada “Volf-Parkinson-Vayt” sindromuna görə baş verən qəfləti ölümlərin göstəricisi 30% civarındadır. Məhz bu xəstədə əməliyyatdan sonrakı dövrdə stabil hemodinamika fonunda həyatla bir araya sığmayan aritmiyanın yaranmasına “Volf-Parkinson-Vayt” sindromu səbəb olub. Buna baxmayaraq həkimlərimiz lazımı tədbirləri vaxtında həyata keçirərək ürək fəaliyyətini bərpa ediblər. Lakin sonrakı aritmiya zamanı bütün tədbirlərin aparılmasına baxmayaraq ürək fəaliyyəti bərpa olunmayıb. Valideynlərin həkimlər tərəfindən əməliyyat müqabilində hər hansı ödəniş istənməsi iddiası əsassızdır. Xəstənin əməliyyatı bir başa olaraq İTS agentliyinin hesabına icra edilib”.

Qeyd edək ki, eyni həkimin əməliyyat etdiyi 1 yaş 9 aylıq Raulun ölümü ilə bağlı iddialara Elmi Cərrahiyyə Mərkəzi tərəfindən münasibət bildirilməyib. 

Xatırladaq ki, hər iki uşaq ölümü barədə ilk məlumat Lent.az-da yayımlanıb.

 

# 3042
avatar

Oxşar yazılar